Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, 12–14 sentyabr tarixlərində Rusiyada və ilhaq edilmiş ərazilərdə “vahid səsvermə günü” keçirilib. 21 qubernator, 11 regional parlamentin deputatları, təxminən 47 min bələdiyyə deputatı və rəhbərləri seçilib.
Musavat.com xəbər verir ki, ilkin məlumatlara əsasən, hazırkı qubernatorlar və onların vəzifəsini icra edənlər postlarını qoruyublar.
Çoxları 80 faizdən çox səs toplayıb. Regional parlamentlərdə isə “Vahid Rusiya” liderlik edir; yalnız Komi və Kostroma vilayətlərində onun nəticəsi 50 faizdən aşağı olub.
Seçkilərə təxminən 55 milyon nəfər buraxılıb, onlardan 16 milyondan çoxu iştirak edib. 24 regionda elektron səsvermədən istifadə olunub, burada 1,5 milyondan artıq seçici iştirak edib və iştirak göstəricisi 90 faizi ötüb. Moskva istintaq təcridxanalarında isə həbs edilənlərin “yüz faiz səs verdiyi” açıqlanıb.
Seçkilər qalmaqallarla müşayiət olunub. Kamçatka vilayətində seçicilərin təxminən 5 faizi etiraz əlaməti olaraq bülletenləri korlayıb. Komidə səsvermə mağaza piştaxtasında, Kareliyada isə kolların arasında keçirilib. Çelyabinsk vilayətində evdə səsvermə birbaşa skamyada təşkil olunub, başqa bir komissiya isə seçicilərə bayraqla bəzədilmiş kvadrotsikldə gedib.
Novosibirskdə məntəqələrdə “Axmaqlar kəndi” serialından musiqi səslənib, Tatarıstanda səs verənlər arasında “iPhone” və avtomobil, İrkutsk vilayətində isə “əla keyfiyyətli odun” uduş kimi təqdim olunub.
Seçkilərin nəticələrinə görə, Daxili İşlər Nazirliyi 11 cinayət işi açıb, onlardan doqquzu saxta terror aktı barədə məlumatlarla bağlı olub.
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ