Onlayn ictimai-siyasi qəzet
“Tramp marşrutu” layihəsinin həyata keçirilməsi Ermənistan daxilindəki siyasi proseslərdən asılı olacaq". Bunu erməni mediasına müsahibəsində rusiyalı politoloq Mixail Aleksandrov deyib.
“Məncə, Ermənistan hökumətinin "Zəngəzur dəhlizi" ifadəsi ilə bağlı “qəzəbi” səmimi deyil. Bu, hakimiyyətin piarıdır. Paşinyan belə rəy yaradır ki, dəhlizin yaradılması ilə Ermənistanın suverenliyi qorunub saxlanılacaq. Reallıqda isə məncə, dəhliz artıq amerikalılara həvalə edilib və İrana qarşı ABŞ-İsrail müharibəsindən sonra Azərbaycana təhvil veriləcək", - deyə o iddia edib.
Onun sözlərinə görə, “neo-müstəmləkəçi Tramp marşrutu” layihəsini yalnız Ermənistandakı hakimiyyət dəyişikliyi, “ölkənin milli maraqlarını səmimi şəkildə müdafiə edən insanların iqtidara gəlişi durdura bilər”.
Göründüyü kimi, rusiyalı politoloq Ağ Evdə imzalanan məlum sənədlərlə bağlı təlaşını gizlətmir. Hətta “Tramp marşrutu”nu - Zəngəzur dəhlizini önləmək üçün erməniləri hakimiyyəti zorla dəyişməyə çağırır. Üstəlik, Rusiya prosesdə yoxdur deyə, layihəyə “neo-müstəmləkəçi” damğası basır.
Bütün bunlar nəyin təzahürüdür? Aleksandrov nə dərəcədə rəsmi Kremlin mövqeyini ifadə edir? Liderlərin Düşənbə görüşü ilə Bakı-Moskva münasibətlərində böhran faktiki arxada qaldı. Bu, Zəngəzur dəhlizi məsələsinə Rusiyanın yanaşmasına hansı təsiri göstərəcək? Ümumiyyətlə, Moskvanın Tramp marşrutu ilə əlaqədar konkret mövqeyi varmı, varsa nədən ibarətdir? Yoxdursa, niyə yoxdur?
Qabil Hüseynli
Professor Qabil Hüseynli hesab edir ki, rusiyalı politoloq açıq şəkildə dəhlizin reallaşmasına qarşı çıxıb və buna əngəl olmağa çağırış edib. Onun sözlərinə görə, bu fikirlər Rusiyanın baş nazir müavini Overçukun Bakıya gəlişi ərəfəsində üst-üstə düşməyən mövqedir. “Rusiyanın dəhlizə nəzarəti itirməsindən qəzəbli olduğu başadüşüləndir. Amma Ermənistanda hakimiyyət dəyişikliyi olacağı halda Tramp marşrutunun gerçəkləşməyəcəyini söyləmək xislətini ortaya qoymaqdır. Rusiya ümid edir ki, gələn il seçkilərdə başqa nəticə olacaq. Mənsə buna inanmıram. Amerikalılar dəhlizə yerləşəcək və bu, tək Tramp dövrü üçün imzalanmış sənəd deyil”, - deyə politoloq vurğulayıb. Onun bildirdiyinə görə, bu dəhlizi “neo-müstəmləkəçi marşrut” adlandırmaq gülməli səslənir, çünki Rusiyanın özünün Cənubi Qafqazda imperiya maraqları var. Professor həmçinin qeyd edib ki, bu koridordan gələcəkdə İrana qarşı müharibədə istifadə olunacağı rəyi də cəfəngdir və propoqanda aparılır: “Bu yol hərbi məqsədlər üçün nəzərdə tutulmayıb. Söhbət Azərbaycandan Azərbaycana keçiddən gedir, yükdaşımalar, avtomobillərin hərəkəti üçün açılacaq. İkincisi, İranı vurmaq lazım olanda içərisindən zərbə endirirlər. Generallarını yatdığı yerdə vurdularsa, deməli, İsrailin belə bir problemi yoxdur. O ki qaldı dəhlizi neo-müstəmləkəçi marşrut hesab etmək, əlbəttə, Birləşmiş Ştatların bölgədə maraqları var. Supergüc olaraq istənilən regionda mövcud olmaq istəyir. Ancaq bizə yolun kim nəzarət etməsi maraqlı deyil, Naxçıvana quru yolumuz təmin olunsun! Ermənistan da bu öhdəliyi yerinə yetirəcək, sadəcə, Rusiya Federal Təhlükəsizlik Xidmətinə deyil, ABŞ şirkətinə həvalə etdi. Bu da rusları qıcıqlandırır. Onlar ümid edirlər ki, "milli qüvvə" dedikləri Kremlə bağlı Köçəryan kimi cinayətkarlar hakimiyyətə gələcək, dəhlizə nəzarət Rusiyaya qaytarılacaq, bu da Ermənistanda “milli maraqların” təmin olunması sayılacaq".
Asif Şəkərli
Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü Asif Şəkərli Azərbaycan-Rusiya münasibətlərinin normallaşmasından sonra dəhlizlə bağlı bəzi narahatlıqların da aradan qalxacağını gözləyir. Onun fikrincə, indi Moskva reallıqları qəbul edir və dəhlizdən ən yaxşı halda yararlana bilər: “Rusiyanın strateji itkiləri böyükdür. Belə ki, Suriyadan, Qarabağdan çıxdı, Ermənistanla sərhəddə və İrəvandakı aeroportda hərbçilərini yığışdırmalı oldu, Zəngəzur dəhlizinə kontrol şansını əldən verdi, heç şübhəsiz ki, Ukraynanı tamamilə itirdi və özünü izqoy vəziyyətinə saldı. Bunların heç biri olmaya bilərdi. Amma yanlış müharibə qərarı strateji itkilərə səbəb oldu. Bundan sonra Rusiya əməkdaşlıq edərək, dəhlizdən istifadə etməklə payını götürə bilər. Bu gün Şimal - Cənub dəhlizi var, habelə Zəngəzur dəhlizinin açılması sanksiya altında olan Rusiya üçün iqtisadi nəfəslik rolunu oynaya bilər. Ermənistandan gələn yüklər dəmir yolu ilə Azərbaycandan keçməklə Rusiyaya gedəcək. Yəni Rusiya bölgəyə nəzarət etmək xəyalından əl çəkməli və iqtisadi əməkdaşlığı genişləndirmək haqda fikirləşməlidir”.
Partiya rəsmisi Paşinyanın seçkidə qələbəsini gözləyir və dəhlizin tam işə düşməsinin 1 ildən çox vaxt alacağını proqnozlaşdırır. A.Şəkərli əlavə edib ki, ABŞ məhz Rusiyanın “ürəyi”, forpostu olmuş Ermənistan üzərindən Cənubi Qafqaza girir, burada təsirlərini gücləndirir: “Moskvanın regionda mövqeyi sarsıldı. Bu da onun indi isterik reaksiyalarına səbəb olur. Rusiyalı politoloqun dedikləri də bu qəbildəndir. Sadəcə, Kreml bu vəziyyətlə barışa bilmir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ