İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin adamı Bakıda - üçlü görüşün təfərrüatı

Moskva ilə əlaqələrin normallaşdığı ərəfədə Azərbaycan, Rusiya və İran nümayəndələri bir araya gəldi, kommünike qəbul olundu - iki dəhliz üçün önəmli gəlişmə

Rusiya Baş nazirinin müavini, Putinin ən etibarlı adamlarından sayılan Aleksey Overçuk Azərbaycana səfər edib. Səfər iki gün-oktyabrın 13-dən 14-nə kimi çəkəcək. Bakıda Azərbaycan, Rusiya və İran hökümət nümayəndələrinin üçtərəfli görüşü keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən baş nazirin müavini Aleksey Overçuk, İran tərəfindən isə nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq rəhbərlik edirlər. Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələlərinin müzakirə olunacağı açıqlanıb.

Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünün nümayəndə heyətləri oktyabrın 14-də "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçirəcək.

Şahin Mustafayev Overçukla görüşdü - FOTO

Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, görüş Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlərə həsr olunub: “Üçtərəfli formatda aparacağımız müzakirələr ölkələrimiz arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Əminəm ki, konstruktiv və müsbət məcrada keçəcək müzakirələrimiz üç ölkə arasında müvafiq sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək. Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.

Energetika sahəsi üçtərəfli əməkdaşlıq kontekstində yaxşı perspektivlər vəd edir. Hazırda Azərbaycan elektrik şəbəkəsi ilə həm İran həm də Rusiya elektrik şəbəkələri arasında ayrı ayrılıqda bağlantılar mövcuddur və bu əlaqələr elektrik enerjisinin mübadilə və ticarətini həyata keçirməyə imkan verir. Bu sahədə əməkdaşlığımızın gündəliyində duran məsələ Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin üçtərəfli formatda əlaqələndirilməsi layihəsidir. Təbii ki, nəqliyyat sahəsində həyata keçirdiyimiz tədbirlər gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini zəruri edir. Bu kontekstdə, gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması prioritet əməkdaşlıq sahələri sırasındadır. Odur ki, bugünkü üçtərəfli görüşümüz bütün bu aktual məsələlərin müzakirəsinə həsr olunacaq. Əminik ki, aparacağımız danışıqlar və qəbul edəcəyimiz qərarlar əməkdaşlığımızın müvafiq sahələrdə daha da möhkəmlənməsinə töhfə verməklə, hər üç ölkə və ümumilikdə regionumuz üçün faydalı olacaq".

Şahin Mustafayev Overçukla görüşdü – FOTOLAR | KONKRET

Ş.Mustafayev deyib ki, Azərbaycan Respublikası həm İran İslam Respublikası, həm də Rusiya Federasiyası ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir: “Bu xüsusda, əminik ki, hər iki ölkə ilə çoxşaxəli əlaqələrimiz bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcək, yeni məzmunla daha da zənginləşəcək. Dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında daha da inkişaf etdirilməsinin və gücləndirilməsinin vacibliyini xüsusi qeyd etmək istərdim”.

Baş nazirin müavini onu da bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi iqtisadi və ticarət əlaqələrimizin inkişafında böyük rol oynayır: “Cari ilin ilk 9 ayı ərzində bu dəhliz üzrə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% artıb. Azərbaycan həm İran, həm də Rusiya ilə quru sərhədlərə malik yeganə ölkə kimi "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb hissəsində strateji mövqe tutur. Bu coğrafi üstünlük ölkəmizə dəhlizin səmərəli fəaliyyəti və regionda nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynamağa imkan verir. Ölkələrimizin birgə fəaliyyəti bu dəhlizin səmərəliliyinin və tranzit imkanlarının artırılmasına yönəlib. 2022-ci ilin sentyabr ayında Bakıda keçirilən üçtərəfli görüşün yekunlarına dair imzalanmış Bakı Bəyannaməsində dəhliz üzrə yükdaşımaların həcminin 15 milyon tona çatdırılması nəzərdə tutulub. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə ötən dövr ərzində tərəflər arasında həmçinin ikitərəfli müstəvidə bir sıra vacib sənədlər imzalanıb. 2023-cü ilin may ayında İran Hökuməti ilə Rusiya Hökuməti arasında İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı Saziş imzalanıb. Bundan əlavə, 2024-cü ilin dekabr ayında Azərbaycan hökuməti ilə Rusiya hökuməti arasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş bağlanılıb. Sazişə əsasən, müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən hər il daşınmalı olan yüklərin təmin edilmiş həcmi 2028-ci il yanvarın 1-dən etibarən ildə azı 5 milyon ton müəyyən edilib. Bu həcm tərəflərin müvafiq qərarı qəbul edildikdən sonra isə azı 15 milyon ton təşkil edəcək. Eyni zamanda 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil körpüsü və sərhəd-keçid məntəqəsi istismara verilib”.

Ş.Mustafayev vurğulayıb ki, bütün sahələrdə əməkdaşlığın inkişafı üçün regionda sülh, sabitlik, təhlükəsizlik, rifah və əməkdaşlıq təşəbbüslərinin gücləndirilməsi olduqca önəmlidir: “Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış 3+3 regional məşvərət mexanizminin aktuallığı artmaqdadır. Bu təşəbbüs mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlayır, regional təhlükəsizliyi və sabitliyi gücləndirir, iqtisadi artım və tərəqqi naminə yeni imkanlar yaradır. Ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı fayda prinsipləri əsasında təşviqi zəruridir. Bununla yanaşı, investisiya layihələrinin reallaşdırılması üçün davamlı olaraq əlverişli şəraitin yaradılması məqsədilə iş aparılmalıdır. Onu da qeyd edim ki, ölkələrimiz arasında üçtərəfli görüş formatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılıb".

Üçtərəfli görüşün nəticələrinə dair Kommünike qəbul olunub.

Bu arada, İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Taraff Rəşt-Astara dəmir yolu müqaviləsinin tezliklə imzalanacağını deyib. “Bakıda Şimal-Cənub Dəhlizində əməkdaşlığı inkişaf etdirmək üçün İran, Rusiya və Azərbaycanın mühüm üçtərəfli görüşü keçiriləcək. Rəşt-Astara dəmir yolunun podratçısı kimi İran şirkəti ilə Rusiya şirkəti arasında kommersiya müqaviləsinin yekunlaşdırılması məsələsi davam edir. Tezliklə kommersiya müqaviləsinin imzalanacağı və layihənin icra mərhələsinə keçəcəyi gözlənilir”, - o qeyd edib.

Fikrət yeni.jpeg (153 KB)

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov bildirdi ki, Azərbaycan üzərindən keçərək şimalla cənubu birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin genişləndirilməsi istiqamətində atılan addımlar şərqlə qərbi birləşdirəcək Zəngəzur dəhlizi və bu dəhliz boyunca uzanacaq “Tramp yolu” ətrafında işlərə start verildiyi bir ərəfədə baş verir: “Şərqlə qərbi, şimalla cənubu birləşdirən bu yolların Azərbaycan üzərindən keçməsi regionda Azərbaycanın siyasi və iqtisadi əhəmiyyətini daha da artıracaq. Biz bu gün Azərbaycanın yerləşdiyi böyük regionun ən böyük nəqliyyat habına necə çevrildiyinin şahidi oluruq. Şimal qonşumuzla münasibətlərdə bir müddət yaranmış gərginliyin aradan qaldırılmasından sonra "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətini tamamlayacaq yarımçıq işlərin tezliklə başa çatdırılması hədəflənir. Bakıda Rusiya İran və Azərbaycan hökumət üzvlərinin arasında keçirilən müzakirələrin əsas mövzularından biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin genişləndirilməsini təmin edəcək addımların atılmasından ibarətdir. Region ölkələri arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi son nəticədə hər 3 ölkəsinin iqtisadiyyatının inkişafına böyük təkan verəcək. Dəhlizin fəaliyyətinin artırılması eyni zamanda ölkələrimizin iqtisadi inteqrasiyasına, gəlirlərinin artmasına səbəb olacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR