Onlayn ictimai-siyasi qəzet
“Rusiya təsir gücünü bir sıra faktorlarla, o cümlədən rus dilinin yayılma arealı və imkanları ilə ölçür. Bu, birmənalıdır. Rusiya öz daxili qanunvericiliyi əsasında ölkə xaricində yaşayan rusdilli insanları və etnik rusları qorumaq, “müdafiə etmək” kimi mənəvi üstünlüyü özündə tapır”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib.
Onun sözlərinə görə, bu, xüsusilə postsovet məkanında Rusiyanın “üstünlüyünü” diktə etməyə, işğala və müdaxiləyə haqq qazandırmaq üçün yaradılan hüquqi alətdir:
“Elə buna görə də SSRİ-dən ən birinci qopan və Qərb blokuna özünü birləşdirməyə (2004-də) nail olan Baltik ölkələrində rus dilinin işlədilməsi əleyhinə ciddi hüquqi maneələr yaradılır. Halbuki, Latviyanın 38%-i, Estoniyanın 28%-i rus dilini ana dili kimi işlədir, lakin 2030-cu ilədək bütün məktəblərdə mərhələli şəkildə yalnız müvafiq ölkələrin milli dillərində tədrisə keçiləcəyi qərara alınıb. Xüsusilə Rusiya-Ukrayna müharibəsi Baltik ölkələrinin belə qərara gəlməsini təşviq edib. Bənzər çağırışlar və proseslər Mərkəzi Asiyada da mövcuddur. Məsələn, Türkmənistanda 2020-ci ilin dərs ilinin başlanğıcında məlum oldu ki, ölkədə rus sektorları qadağan edilir və bu xəbər iki ölkə arasında ciddi narazılıq doğurmuş, Rusiya Türkmənistana nota vermişdi. Hazırda Türkmənistanda rusdilli məktəblərin sayı azalaraq cəmi 71 olub. Burda əhalinin etnik tərkibində rusların sayı da xeyli azalaraq cəmi 2-3% qalıb. Lakin rusların daha çox olduğu digər Mərkəzi Asiya ölkələrində rus dili təsirini müəyyən qədər qoruyur.
1990-cı illərinə əvvəlində əhalisinin 40%-nin rus olduğu Qazaxıstanda indi əhalinin təxminən 15%-i özünü rus, 20%-i rusdilli olaraq identifikasiya edir. Bu, kifayət qədər yüksək göstəricidir və Rusiyanın təsirinin qorunmasında əhəmiyyətli rol oynayır. Elə buna görə də ötən ilin oktyabrında Beynəlxalq Rus dili Təşkilatının (International Organization for Russina Language) yaradılması haqqında sazişi Rusiya və Belarusla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan imzalayaraq ratifikasiya edib. Beləliklə, necə ki, Britaniya “Commonwealt”, Fransa “Frankafoniya” təşkilatları kimi “mədəni-siyasi” birliklər çərçivəsində siyasətini formalaşdırır, Rusiya da qlobal tendensiyalar fonunda yeni siyasət platformaları inşa etməyə çalışır”.
Şəhla Cəlilzadə hesab edir ki, TDT dövlət başçılarının 7 oktyabrdakı görüşündən sonra baş tutan MDB dövlət başçılarının Düşənbə görüşündə Putinin Azərbaycanı “rusdilli ölkə” adlandırması onun gələcəkdə Azərbaycanı da yeni platformasına qatmaq cəhdi hesab oluna bilər:
“Lakin Azərbaycan Prezidenti qətiyyətlə ölkəmizin mövqeyini ifadə edib - Azərbaycan Türk Dünyası ailəsinin üzvüdür.
Putin həmin görüşdə Qazaxıstanı da “rusdilli dövlət” adlandırmış, lakin Qazaxıstan dövlət başçısı Putinin bu ifadəsinə etiraz olaraq qazax dilində cavab reaksiyası vermişdi.
Həmçinin rus dilinin 2000-ci ildən bəri ikinci rəsmi dövlət dili olduğu Qırğızıstanda bu ilin yayında qəbul edilən yeni qanuna görə, dövlət sənədlərində qırğız dilinə üstünlük verilərək rus dili ikinci plana atılır. Beləliklə, türk dövlətləri ciddi dilemma qarşısındadır. Bu ölkələr bir tərəfdən artan formada özünü Qərblə əməkdaşlığa, Rusiyadan yan keçən qlobal trans-Xəzər, Şərq-Qərb enerji və nəqliyyat layihələrinə cəlb edirlər, Türk dünyasının birləşdirilməsi, hərbi-siyasi olaraq gücləndirilməsi istiqamətində əməli addımlar atırlar, ortaq Türk Dili gündəliyini önə çıxarırlar, digər tərəfdən Rusiyanın rus dili üzərindən artırmaq istədiyi təsiri azaltmağa çalışırlar.
Bu tendensiya Azərbaycana da aid edilə bilər. Belə ki, ölkəmizdə 300-dən çox, təqribən 320-330 rusdilli məktəb var. Bu, cəmi ümumtəhsil müəssisələrinin təxminən 7%-i deməkdir. Halbuki əhalinin etnik tərkibində ruslar təqribən 1% təşkil edir. Həmçinin siyasi elitada rus dilinin işləkliyi yüksək səviyyədədir. Bu göstəricilər ilə postsovet məkanında rus dilinin öz təsirini ən çox qoruduğu ölkələrdən biri məhz Azərbaycandır.
Ölkəmizdə zaman-zaman gündəmə gələn çağırışlara baxmayaraq, rusdilli məktəblər bağlanmasa da, qlobal tendensiyalara və milli tələbata uyğun şəkildə onların sayında azalma, gələcək dövrün tələblərinə uyğun olaraq təhsil müəssisələrində digər xarici dillərin tədrisinə diqqətin artırılması, o cümlədən öz dilimizdə təhsilin inkişafı siyasət təklifləri olaraq nəzərə alına bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ