İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onları bağışladım, Allaha həvalə etdim” – Xalq artisti Təranə Muradova ilə MÜSAHİBƏ

Musavat.com-un növbəti həmsöhbəti Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı, baletmeyster Təranə Muradova olub.

Xalq artisti suallarımızı cavablandırıb:

-Təranə xanım əhvalınız necədir?

-Bibim qızı Əminə Yusif qızı bu dünyadan köçdü. Mən əziz insanımı, dostumu itirmişəm. Sirdaşım idi. Buna görə kədərliyəm. Amma nə etmək olar, həyat davam edir. Bakı Xareoqrafiya Akademiyasında işləri davam etdirirəm. Bilirsiniz ki, mən orada Xarici Əlaqələr üzrə prorektoram. Bu il 60 illik yubileyim dövlət səviyyəsində qeyd olunacaq, buna hazırlaşırıq.

-Qəribədir, heç o yaşı vermirsiniz. Çox gənc görünürsünüz...Belə cavan qalmağı rəqsə, yoxsa baxımlı olmağınıza borcluyuq?

- İnsanın ürəyi hər zaman təmiz olmalıdır. Mən üzümdə heç vaxt plastik əməliyyat etdirməmişəm. Özümə baxan xanımam. Tələbələrin arasında oluram, onlar məndən zövq almalı, düşünməlidirlər ki, necə gözəl müəllim və xanımdır. Hər zaman hərəkətdə oluram ki, formamı itirməyim. Tələbələrimlə birlikdə rəqs edirəm.

93790722_1087197314983507_2929880982565683200_n — копия.jpg (41 KB)

-Deyirlər ki, xoşbəxt qadını gözlərindən tanımaq olur. Sizin haqqınızda bunu demək olarmı?

- Bəli, mən çox xoşbəxt qadınam . Həyatda nəyi istəmişəmsə, Allah onu mənə yetirib. Doğrudur, həyatda əziyyətlərim də çox olub. Amma onları nəzərə almıram. Çünki hər insan güclü olmalı və həyatı belə yaşamalıdır ki, onun mənasını bilsin. Mən də həyatı yaşamışam ki, onun mənasını anlamışam. Yaşamağı, həyatı sevirəm. Gözəl ailəm var. Balalarım və nəvələrimdən çox razıyam. Xoşbəxt qadın kimi hiss etmək üçün səbəblərim çoxdur.

-Nənə olmaq necə bir hissdir?

- Nənə olmaq gözəldir. Övladlarımı da sevmişəm. Amma nəvə ilə daha çox vaxt keçirirəm. İnsanın yaşı artır və başa düşürsən ki, uşaqlarla necə rəftar etmək, onlara tərbiyə vermək lazımdır. Nəvələrimə övladlarımdan çox vaxt ayırıram. Uşaqlarım balaca olanda qastrol səfərlərində olurdum, dünyada Azərbaycanı təmsil edirdim. Buna görə də onlara çox vaxt ayıra bilmirdim, bacılarım kömək edirdilər. Hələ bu harasıdır ki, Allah mənə ömür versin, nəticə də görüm.

481114455_2351559888547237_2473648224831583781_n — копия.jpg (101 KB)

-Bir az sərt xanıma bənzəyirsiniz. Sanki gözəlliyinizin arxasında sərt, idarəçi bir qadın var...

-Mən tələbkar xanımam. Çünki belə tərbiyə görmüşəm, anam bizi bu cür böyüdüb. Mən nə iş görürəmsə, sona kimi edirəm və istəyirəm ki, gözəl olsun. Buna görə də gənc nəslin də tələbkar və məsuliyyətli olmasını istəyirəm. Mən həyatı belə yaşamışam. Çətin və gözəl günlər görmüşəm. Əsas özümə qarşı tələbkaram ki, düzgün yaşayım. Mən cavan yaşlarımdan həyatı başa düşmüşəm.

ppp_1660122062 — копия.png (790 KB)

-60 yaşı kitab kimi vərəqləsək, ən çox hansı illəriniz üçün darıxarsınız?

-28-dən 35 yaşıma qədər çox işləmişəm, əziyyət çəkmişəm və bəzi şeylərlə qarşılaşmışam ki, bunlar məni güclü edib. Mən o insanlara minnətdaram ki, məni güclü ediblər. Pislik edəni də, yaxşılıq edəni də bağışlamışam. Allaha sığınmışam və bilirəm ki, o məni qoruyur. Çətin günlər mənim həyatımda olmalı idi ki, mən bu gün belə güclü xanım olum.

-Hər kəsi bağışlamısınız?

-Bəli, hər kəsi bağışladım. Mən bu dünyada heç kəsə pislik etməmişəm. Bunu dəqiq deyirəm. Amma mənə pislik edənlər olub, onları da bağışladım. Bağışlamaq çətin deyil, pisliyi unudursan və Allaha həvalə edirsən. Ona görə də Allah hər yerdə bütün qapıları üzümə açıb. Bu həyatı çox layiqli yaşamışam ki, xalq məni sevib.

- Həyatda şüarınız nədir?

-Yaşamaq, yaratmaq və həyatı sevmək. Yaxınlarımın xoşbəxtliyini arzulayıram, təbiəti sevirəm. Yaşamaqdan hər gün zövq alıram. Həyatımda çox insanı- bacımı, həyat yoldaşımı itirmişəm. Lakin onlar hər zaman mənim qəlbimdədirlər.

f4_1660122173.png (865 KB)

-Sevgi əsasında ailə qurmusunuz?

-Bəli, sevib evlənmişdim. Onu çox sevirdim. Həyatda sevgi var. Sevgi ümumi, böyük bir şeydir.

-İndi nə baş versə, ürəyinizə toxunar?

-Dünyada hamı mehriban olsun, heç bir yerdə dava, müharibə olmasın. Heç kim bu dünyadan heç nə aparmayacaq. İllərdir ki, əllərimi göyə açıram, deyirəm ki, bütün müharibələr dayansın, sülh olsun.

Şahanə Rəhimli
Musavat.com

34788664_592651251104785_3108921457418174464_n_1660122129 — копия.jpg (62 KB)

ddd_1660122086.png (609 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR