Onlayn ictimai-siyasi qəzet
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.
Ötən həftə müdafiə naziri Zakir Həsənov isə Ankarada türkiyəli və gürcü həmkarları ilə görüşüb, regional təhlükəsizlik, əməkdaşlığın genişləndirilməsi müzakirə olunub, sənədlər imzalanıb. Nazirin ardınca Baş Qərargah rəisinin Türkiyəyə gedişi qardaş ölkələr arasında hərbi müttəfiqliyi daha da inkişaf etdirir, təmasları intensivləşdirir.
Qarabağdakı müharibədən sonra da Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik yüksəlişdədir. Şuşa Bəyannaməsinin imzalanması, birgə təlimlər, keçirilən təcrübə proqramları və kurslar Azərbaycan Ordusunun türk modelinə transformasiyasını sürətləndirməkdədir. Hətta Ordumuzun bu prosesi yekunlaşdırmaqda olduğunu da söyləmək mümkündür. Yəni sovet-rus ordu sistemindən tam çıxaraq NATO standartlarına uyğun modelə keçid etmişik, bundan sonra isə onu daha da təkmilləşdirmək qaçılmazdır.
Habelə Cənubi Qafqazda kövrək sülh prosesi, regiona zaman-zaman müdaxilə cəhdləri göstərir ki, Azərbaycanla Türkiyə hərbi müttəfiqliyini gücləndirməlidir. Ümumiyyətlə, nə qədər yaxın olsaq, güclərimizi birləşdirsək, bir o dərəcədə xain qüvvələr nəticə çıxarmış olarlar.
Azərbaycan Ordusunun NATO (Türkiyə) modelinə uyğunlaşdırılması hansı mərhələdir?
Rövşən Məhərrəmov
Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Şuşa Bəyannməsindən sonra belə təlimlərin sayı daha da artıb: “Vətən müharibəmizdən sonra sizin də qeyd etdiyiniz kimi, Şuşa Bəyannaməsi imzalandı. Bu bəyannamə çox vacib amillərdən biridir. Onsuz da illərdir ki, Azərbaycanla Türkiyə arasında belə oxşar təlimlər keçirilirdi. Amma qələbəmizdən və Şuşa Bəyannaməsindən sonra bu təlimlərin sayı artıb. Artıq bütün sahələr üzrə belə təlimlərə ciddi diqqət ayrılır. Pilotlarımız qardaş ölkədə, həmçinin türk pilotlar bizim ölkədə təcrübə aparıblar. Ölkələrin qoşun komandanları tez-tez bir-birilərinin ölkələrinə gəlirlər. Bilirsiniz ki, Azərbaycanda da NATO sisteminə keçid prosesi durmadan davam edir. Demək olar ki, bu keçid başa çatıb, amma sadəcə müddət lazımdır ki, bu keçid tam şəkildə yerini tapsın. Məlumdur ki, sovetlərdən qalma köhnə silahlar var. Rusiyadan aldığımız silahlar da var. Bu silahların müddəti var. Həmin vaxt başa çatmalıdır ki, NATO ölkələrindən aldığımız yeni silahlar onların yerini doldursun. Əlbəttə ki, Rusiyanın da güclü silahları var. Hansı ki, bunlardan istifadə edirik”.
Polkovnik onu da diqqətə çatdırdı ki, Kərim Vəliyevin təlimlərdə iştirak etməsi, baş qərargah rəisi tərəfindən dəvət olunması, eyni zamanda Zakir Həsənovun dəvət olunması olduqca müsbət haldır: “Belə səfərlər hər iki ölkə tərəfindən tez-tez baş tutur. Hərbi razılaşma var. Şuşa Bəyannaməsi, hər zaman demişəm, bizim sığortamızdır. Bizim regionda gərginlik daim var. Hərbi sahədə təcrübələrimizi daha da artırmaq üçün belə təlimlər olduqca vacibdir. Yaxşı yadımızdadır, müharibə gedə-gedə "F-16"ların Azərbaycan olması hər kəsə məlum oldu. Cənab Prezidentin bildirməsi ki, hər kəs öz yerini bilsin, heç kəs müdaxilə etməsin, müdaxilə etsələr qarşılarında "F-16"ları görəcəklər, bu da sözsüz ki, bəzi dövlətlərə bir siqnal idi. Hansı ki, sülhü bu dövlətlər istəmirdi, bu gün də istəmirlər. Amma biz yenə də sülh istiqamətində addımlar atmağa davam edirik. Təlimlərimizə isə daim diqqət ayırmağı unutmuruq. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaq. NATO sisteminə tam keçiddə cüzi məsələlər qalıb ki, qısa müddətdə bu da həllini tapacaq. Daim döyüş qabiliyyətimizin yüksəkdə olması vacibdir. Dünyada gedən müharibələr daim göstərib ki, hava hücumundan müdafiə sistemləri güclü olmalıdır. Bu sahəyə də Azərbaycan böyük diqqət ayırır. Bu gün hava hücumundan müdafiə sistemlərimiz NATO sistemindən fərqlidir. Hava məkanımız mərkəzləşmiş komanda mərkəzindən idarə olunur. Bu da müsbət haldır. Tam şəkildə sərhəddən sərhədə qoruyur. NATO dövlətlərində isə bu bir qədər fərqlidir. Xüsusi əhəmiyyəti olan obyektləri daha çox qoruyur. Biz hava məkanımız pozulduğu halda ərazimizə ciddi ziyan dəyməməsi üçün daim hazırlıqlı oluruq. Əvvəldə dediyim kimi, Cənubi Qafqazda hər zaman gərginlik yarana bilər. Onun üçün də Türkiyə ilə hərbi əməkdaşlıq çox mühümdür. Böyük təcrübə qazanırıq və bizim üçün bunun əhəmiyyəti olduqca yüksəkdir. Azərbaycan regionda ən güclü dövlətdir. Bütün sahələr üzrə belədir. Müharibədəki Azərbaycan təcrübəsindən dövlətlər var ki, istifadə edirlər. Ukrayna savaşında biz bunu görməkdəyik. Qardaş ölkənin son zamanlar hərbi sənayesi daha da güclənib. Türkiyə müasir silahlar istehsal etməyə davam edir ki, gələcəkdə Azərbaycan bunları əldə edə bilər. Gələcək baxımından tam əminliklə söyləmək olar ki, Azərbaycan-Türkiyə hərbi təlimləri daha da güclənəcək”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ