Onlayn ictimai-siyasi qəzet
Növbəti və ya erkən parlament seçkiləri Ermənistan üçün mübaliğəsiz-zadsız kritik və taleyüklü olacaq. Yəni əvvəlkilərin heç birinə bənzəməyəcək. Çünki erməni cəmiyyəti, nəhayət, hərblə sülh arasında yekun seçimini məhz həmin seçkilər zamanı etməlidir. Eyni zamanda, Bakının konstitusiyaya müvafiq düzəlişlə bağlı tələbinə də bununla son və qəti cavabını vermiş olacaq.
Demək ki, Ermənistan adlı simvolik dövlətin, ümumən cəmiyyətin bundan sonrakı təhlükəsiz mövcudluq məsələsi məhz həmin seçimdən asılı olacaq. O səbəbdən bu, faktiki surətdə sülh tərəfdarları ilə müharibədən yana olan radikal-revanşist düşərgə, real Ermənistanla “miatsum” virusunun daşıyıcıları arasında son döyüş olacaq...
Bu arada “Hraparak” qəzeti yazıb ki, hazırda İrəvanda həbsdə yatan erməniəsilli rusiyalı iş adamı və milyarder Samvel Karapetyanın təsis etdiyi “Bizim Yol” Hərəkatının baş nazirliyə namizədi keçmiş hökumət başçısı Karen Karapetyan ola bilər. Nəşrə görə, Nikol Paşinyan hökuməti bu səbəbə “Bizim Yol”u sıradan çıxarmaq üçün bütün imkanlarını səfərbər edib. İddiaya görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası və onun təbliğatçıları hərəkatın bütün hərəkətlərini 24/7 rejimdə izləyir, fəal şəkildə şərh və tənqid edir (Teleqraf).
“Əldə etdiyimiz məlumata görə, hakim partiyanın yuxarı eşelonu keçmiş baş nazir Karen Karapetyanın baş nazirliyə namizəd kimi “Bizim Yol”un siyahısına başçılıq edəcəyi barədə informasiya əldə etdikdən sonra onun barəsində cinayət işinin başlanması məsələsini müzakirə edir”, - məlumatda vurğulanır.
Xatırladaq ki, oliqarx-milyarder Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırış ittihamı ilə həbs edilib. O, Rusiyanın Ermənistana göndərdiyi desantlardan sayılır...
Karen Karapetyan isə Serj Sərkisyanın prezidentliyi dövründə baş nazir postu tutub. Xankəndi doğumludur (1962). Görəsən o, Rusiyanın da dəstəyini almaq şərtilə Paşinyana əsas alternativ ola biləcəkmi? Tezliklə bəlli olacaq. Hər halda Rusiyanın adamı (kadrı) olmaq təbliğat və reytinq baxımından əks-effekt də yarada bilər.
Məsələdə ən çox diqqət çəkən əslində Karapetyanın Xankəndi kökənli, “azərbaycanlı” olmasıdır. Çünki bu, onu separatçı ünsürlərə və Qarabağdan könüllü köç eləmiş ermənilərə bir “köynək” yaxın edir. Yəni o, “artsax” demaqogiyası ilə özünə qarşı cəmiyyətdə müəyyən rəğbət qazanmağa, ictimai rəyi özünə tərəf çəkməyə çalışa bilər.
Paşinyan sözsüz ki, bütün bunları yaxşı bilir və ciddiyə alır. Onun ən güclü əks-arqumenti isə Karen Karapetyan dövründə ölkədə əhalinin sosial-iqtisadi durumunun aşağı, korrupsiyanın yüksək səviyyədə olması ola bilər. Nəyi bacarmasa da, Nikol Vovayeviç daxildə rəqəmlərlə manipulyasiya etməyi, antitəbliğat kampaniyası qurmağı və ictimai rəyi yönləndirməyi bacarır. Təsadüfi deyil ki, dəfələrlə müraciət etməsinə rəğmən, üç sabiq prezident hələ də onunla açıq debatdan qaçır.
Qarşıdakı seçkilərə gəlincə, fors-major vəziyyətlər yaranmazsa, Paşinyanın partiyası nə qədər çətin də olsa, yenə qalib gəlmək iqtidarındadır. Sadə səbəbə: məntiq deyir ki, radikal-revanşislərin qələbəsi bütövlükdə Ermənistanın məğlubiyyəti demək olacaq. Həm də acınacaqlı məğlubiyyəti...
Analitik xidmət,
Musavat.com
15 Oktyabr 2025
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ