Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası üzv dövlətlər arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edən mühüm platforma kimi yadda qalıb.
Siyasi ekspertlər hesab edir ki, oktyabrın 10-da keçirilən bu mötəbər tədbir regionun gələcək təhlükəsizlik arxitekturası və birgə fəaliyyət istiqamətlərinin müzakirəsi baxımından əlamətdar hadisə oldu. Azərbaycanı təmsil edən Prezident İlham Əliyev çıxışında birliyin qarşısında duran vəzifələrə, yeni əməkdaşlıq imkanlarına və humanitar sahədə reallaşan təşəbbüsləri diqqətə çatdırıb. Azərbaycanın MDB-də olmasının bu birlik üçün ciddi əhəmiyyət daşıdığı bir daha təsdiqlənmiş oldu. Azərbaycanın yüksək səviyyədə iştirak etmədiyi MDB sammitləri sıradan bir hadisə, sönük təsir bağışlayırdı. Düşənbə sammiti isə fərqli oldu. Azərbaycan liderinin sammitdə iştirakı öz sözünü dedi.
Aydın Hüseynov
Milli Məclisin üzvü Aydın Hüseynov bu barədə “Yeni Müsavat”a bildirdi ki, Müstəqil Dövlətlər Birliyi postsovet məkanında sabitlik, qarşılıqlı anlaşma və tərəfdaşlıq mühitinin qorunmasında mühüm rol oynayır: “MDB-nin formalaşmasından ötən illər ərzində bu birlik üzv dövlətlər arasında iqtisadi, siyasi və humanitar əlaqələrin genişlənməsi üçün səmərəli çərçivə yaradıb. Azərbaycanın həmin təşkilatdakı fəallığı, müstəqil dövlət kimi balanslı və konstruktiv siyasət yürütməsi ilə seçilir. Dövlətimizin başçısı Düşənbədəki çıxışında məhz sözügedən istiqamətin davamı olaraq, həm əməkdaşlıq, həm də qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin vacibliyini önə çəkdir. Azərbaycanın MDB çərçivəsində iştirakının əsas məqsədi birliyin iqtisadi və humanitar məkanında qarşılıqlı faydalı əlaqələri dərinləşdirmək, regionda təhlükəsizliyi və dayanıqlı inkişafı təmin etməkdir. Dövlətimiz bütün formatlarda bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların qorunması və regional sabitliyin möhkəmləndirilməsi prinsipinə sadiq qalır”.
Deputat qeyd etdi ki, Prezident İlham Əliyevin MDB sammitində çıxışında Laçın şəhərinin cari ildə MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə dair minnətdarlıq ifadə olunması həm simvolik, həm də siyasi baxımdan əhəmiyyət daşıyır: “Dövlətimizin başçısı MDB liderlərinə bu qərarı dəstəklədiklərinə görə təşəkkürünü bildirib. Laçın işğaldan azad edildikdən sonra qısa müddət ərzində dirçəliş və yenidənqurma prosesinin bariz nümunəsinə çevrilib. Cari ilin iyun ayında keçirilən "MDB-nin mədəniyyət paytaxtı İli"nin açılış mərasimi şəhərin qədim tarixini, zəngin mədəni irsini və müasir simasını bir daha nümayiş etdirib. Tədbir iştirakçıları Laçının necə sürətlə yenidən qurulduğunun, tamamilə dağıdılmış bir şəhərin qısa müddətdə yaşayış üçün ən gözəl məkanlardan birinə çevrildiyinin canlı şahidi olublar. Bu əlamətdar hadisə Azərbaycanın müasir bərpa siyasəti, planlı yanaşması və milli irsə hörmət prinsiplərinin parlaq təzahürüdür. Rayonlarımızın işğaldan azad olunması və bundan sonra atılan bir sıra addımlar Azərbaycan-MDB münasibətlərinin də yeni reallıqlara uyğunlaşdırılmasını şərtləndirmiş oldu.
Düşənbə iclasında vurğulanan digər bir mühüm məqam sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində keçirilən III MDB Oyunları ilə bağlı idi. Bu nüfuzlu tədbir MDB çərçivəsində humanitar əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edən nüfuzlu idman platforması kimi diqqət çəkir. Gəncə ilə yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində 13 ölkədən 1600-dən çox idmançının iştirakı ilə keçirilən yarışlar MDB məkanında birliyin təntənəsinə çevrilib. Bu oyunlar bir tərəfdən xalqlar arasında mədəni yaxınlaşmanı dərinləşdirir, digər tərəfdən də gənclərin sağlam ruhda formalaşmasına, ortaq dəyərlərin təbliğinə mühüm töhfə verir".
A.Hüseynovun qənaətincə, Düşənbə sammitində səslənən fikirlər göstərir ki, MDB regionda qarşılıqlı anlaşma, təhlükəsizlik və iqtisadi tərəfdaşlıq üçün mühüm mexanizm olaraq qalır: “Bu platformada Azərbaycanın fəal iştirakı, balanslı mövqeyi və təşəbbüskar fəaliyyəti birliyin gələcək inkişafında əhəmiyyətli yer tutur. Prezident İlham Əliyevin çıxışında vurğulanan strateji istiqamətlər - humanitar əməkdaşlığın genişləndirilməsi, mədəni irsin qorunması, idman və təhsil sahəsində birgə təşəbbüslərin dəstəklənməsi MDB-nin qarşıdakı illərdə fəaliyyətinin əsas vektorlarını müəyyənləşdirir”.
Deputatın sözlərinə görə, MDB Dövlət Başçıları Şurasının iclası bir daha təsdiqlədi ki, MDB dövlətləri ortaq tarixi, mədəni dəyərləri və qarşılıqlı maraqları paylaşan tərəfdaşlardır: “Azərbaycan bu birliyin səmərəli fəaliyyətində aparıcı mövqeyini qoruyur, regional sabitlik və əməkdaşlığa yönəlmiş siyasəti ilə həm təşkilat daxilində, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş statusunu möhkəmləndirir”.
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ