İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Yaxın Şərq sammitində: Sülh prosesində yeni diplomatik yol

Ekspertlər hesab edirlər ki, bu görüşlər Azərbaycanın regional lider statusunu təsdiqləyir

Son günlərdə Azərbaycanın beynəlxalq arenadakı fəallığı və geosiyasi çəkisi daha da artmaqdadır. Ölkəmiz ardıcıl şəkildə iştirak etdiyi mühüm beynəlxalq tədbirlərlə qlobal gündəmdə aktiv oyunçu olduğunu təsdiqləyir. Bu fəallığın növbəti təzahürü kimi Prezident İlham Əliyev Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində ölkəmizi ən yüksək səviyyədə təmsil edir.

Dünyanın 25-ə yaxın ölkə rəhbərinin iştirak etdiyi bu mühüm platformada Azərbaycan Prezidentinin həmkarları ilə bir sırada yer alması, ölkəmizin regionda qalib və təşəbbüskar bir dövlət kimi tanınmasının bariz nümunəsidir. Xüsusilə ABŞ prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makronla keçirilən görüşlər Azərbaycanın diplomatik çəkisinin və regional güc statusunun təsdiqi kimi dəyərləndirilir.

Sammitin fonunda İsrail və HƏMAS arasında atəşkəsin əldə olunması və bu prosesdə ABŞ-nin həlledici rol oynaması, eyni zamanda Prezident İlham Əliyevin sülh çağırışları və diplomatik aktivliyi Azərbaycanın bu çətin və mürəkkəb qlobal məsələlərdə mühüm mövqedə dayandığını göstərdi.

Yaxın Şərqdə növbəti humanitar fəlakət təhlükəsi fonunda atəşkəs necə mümkün oldu? Bu mürəkkəb diplomatik mənzərədə Azərbaycanın yeri və rolu nədən ibarətdir?

azer.jpg (84 KB)

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a şərh verərkən deyib ki, Azərbaycanın Fələstinlə bağlı keçirilən sammitdə - xüsusilə Misirdə baş tutan toplantıda - iştirakı ölkəmizin xarici siyasəti baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu iştirak Azərbaycanın artıq qlobal proseslərdə fəal şəkildə yer aldığını göstərir. Həmçinin bu kimi forumlar çərçivəsində Azərbaycan özünün yüksək siyasi iradəsini nümayiş etdirərək diplomatik əlaqələrini genişləndirir və yeni imkanlar qazanır.

ABŞ amilinə gəlincə, Birləşmiş Ştatlar bu məsələyə ona görə müdaxilə etdi və atəşkəs prosesinə təkan verdi ki, İsrail hərbi əməliyyatlar zamanı qarşısına qoyduğu məqsədlərə tam nail ola bilmədi və beynəlxalq ictimai rəy qarşısında nüfuzuna ciddi zərbə aldı. Xüsusilə Qəza zolağında baş verən humanitar fəlakət - təxminən 70 min insanın həyatını itirməsi - İsrailin imicinə və regiondakı mövqelərinə son dərəcə mənfi təsir göstərdi.

Türkiyənin prosesə qoşulması isə atəşkəsin əldə edilməsində əsas amillərdən biri hesab olunur. ABŞ üçün Türkiyənin iştirakı əhəmiyyətlidir, çünki Ankara yerli Fələstin qüvvələri ilə təmas qurmaq imkanına malikdir. ABŞ isə bu əlaqələri birbaşa şəkildə həyata keçirməkdə çətinlik çəkdiyi üçün Türkiyəni vasitəçi kimi görür. Böyük ehtimalla, növbəti mərhələdə ABŞ Türkiyənin Fələstindəki silahlı qrupların silahsızlaşdırılması prosesində də rol almasını istəyəcək.

Türkiyənin əsas məqsədi isə öz dövlət maraqları baxımından regionda təsir imkanlarını artırmaq və Suriyada olduğu kimi Fələstində də fəal təmsil olunmaqdır.

Bununla belə, dünya siyasətində əsas aparıcı güc hələ də ABŞ olduğuna görə Türkiyənin bölgədəki rolu müəyyən qədər nəzarət olunan iştirak çərçivəsində məhdud qalacaq”.

WhatsApp Image 2025-10-14 at 15.43.52.jpeg (666 KB)

Siyasi analitik Aqşin Kərimovun da mövzu ilə bağlı sosial media hesabında paylaşımı diqqət çəkir:

“ABŞ prezidenti Donald Trampın təşəbbüsləri və vasitəçilik səyləri ilə İsraillə HƏMAS arasında əldə edilən razılıq sülh yox, atəşkəsin çərçivələrini əhatə edir. Vaşinqtonun bu uğuru Trampın fərdi təşəbbüsü ilə bərabər, ABŞ siyasətini formalaşdıran daha geniş strateji subyektlərin koordinasiyalı yanaşmasının nəticəsidir. ABŞ, Türkiyə, Misir və Qətərin imzaladığı atəşkəs planı sülh üçün görkəmli bir vizyon kimi görünsə də, hazırkı razılıq incə ipdən asılı vəziyyətdədir.

Hərçənd ki, ABŞ-nin Qəzza Sülh Planı atəşkəs üçün qaydaları və prinsipləri açıqlayır, atəşkəsin həyata keçirilməsi üçün ABŞ, Türkiyə, Misir və Qətərin koordinasiyasını müəyyənləşdirir. Ancaq sənəd əlavə səylərin baş tutacağı təqdirdə növbəti raund üçün həlledici sayılacaq. Bununla belə, o, yekun sülh naminə ilkin mərhələ kimi diqqətəlayiqdir. Bundan sonra HƏMAS-ın tərk-silah edilməsi, İsrailin Qəzza zolağından tam çıxarılması və Qəzzada gələcək idarəetmə modeli ilə əlaqədar məsələlərdə güclü fikir ayrılıqları və gərginliklər yaşana bilər. Bu, atəşkəsin nə qədər incə məsələ olduğunu, müharibə üçün qapıların açılacağını kövrəkləşdirir”.

Analitik qeyd edib ki, Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycan strategiyasının konstruktiv yanaşmalarda yer tutan əhəmiyyətli mövqeyi ilə izah olunur:

“Bu, Azərbaycan-ABŞ strateji tərəfdaşlığından növbəti səhifələrin açılması fonunda yeni dəyər qazanır və İlham Əliyev bunu Bakının geosiyasət quruculuğundakı rolu ilə möhkəmləndirir. İlham Əliyevin sammitdə iştirakı, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin müşayiətində onun ABŞ ilə münasibətlərində dönüş nöqtəsi yarandığı zamana təsadüf edir. Azərbaycanın Yaxın Şərqdə Türkiyə, ABŞ və onların tərəfdaşları ilə dərinləşən əməkdaşlıq modelini proqnozlaşdırmağa imkan verir. Bu, üç ölkəni Suriyada, İraqda strateji təşəbbüslərin həmmüəllifinə çevirə bilər. İsraillə Türkiyə arasında gərginliyi yumşaltmaq üçün Azərbaycana yeni vasitəçilik istiqamətləri açır.

Rusiya, İran kimi aktorlar isə Yaxın Şərq geosiyasətindəki yenidənqurmada iştirakdan kənarda dayanır. Lakin Yaxın Şərqdə HƏMAS-İsrail müharibəsi başlayanda sülh və təhlükəsizlik gündəminə təsir yaradan Çin haqqında da eyni sözü söyləmək çətindir. Ancaq Rusiya-Ukrayna müharibəsi, ardınca Qəzzadakı eskalasiya Çinin strateji maraqlarını böyütsə də, bu mərhələdə ABŞ diplomatiyası Pekinin çərçivələrini üstələdi. Bu, Pekinin üç etaplı sülh strategyasına meydan oxuyur. Yəni ABŞ Çinin Fələstindaxili barışıq, sonra HƏMAS-İsrail, onun ardınca isə İsrail-Fələstin münaqişəsinin həllindəki təşəbbüs və rollarını azaltdı. Pekinin bundan sonrakı rolu ilkin mərhələdə Donald Trampla Si Cinpinin sammiti ilə müəyyənləşəcək. Sonrakı periodda isə Çinin hansı istiqamətlərdən prosesə daxil olacağını indidən təyin etmək çətin görünür.

Rusiyaya münasibətdə isə prosesə Donald Trampla Vladimir Putinin razılıq və sövdələşmə dərəcəsi prinsipindən də yanaşa bilərik. Ehtimalla Tramp Putinə Yaxın Şərqdə Kremlin Ağ Evə güzəşt etməsi üçün zərurətlərin yarandığını bildirib. Bunun müqabilində isə Rusiya ABŞ-nin Ukrayna üzərindən əlini çəkməsi şərtini irəli sürüb, lakin ABŞ diplomatiyası Moskvanı başqa fazalarda tələyə sala bilər”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR