İnsanlara hürriyət, millətlərə istiqlal!

4 + 1 formatında təlimlər - Azərbaycan təcrübəsi diqqətdə

Ordumuzun müttəfiq və tərəfdaş ölkələrlə hərbi təlimlərinin intensivliyi nədən xəbər verir?

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik-2025" birgə regional təlimində iştirak etmək üçün bu ölkəyə yola düşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirib.

Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Birgə regional təlim oktyabrın 21-dək davam edəcək.

Qeyd edək ki, təlimlərə qatılan dövlətlərin 4-ü Türk Dövlətləri Təşkilatının üzvüdür və Tacikistanın iştirakı ilə ilk belə birgə təlimdir. Azərbaycan isə onların içində ən təcrübəli, ən döyüşkən orduya sahibdir.

Ümumiyyətlə, Ordumuzun təlimləri çoxspektrlidir. Misal üçün, bu ilin sentyabrında Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə təlimi keçirilib.

Təlimlərin iştirakçı ölkələr üçün əhəmiyyəti nədir? Türkiyə bu təlimlərdə niyə yoxdur? Azərbaycanın müttəfiq və tərəfdaş ölkələrlə hərbi təlimlərinin intensivliyi nədən xəbər verir?

Yada salaq ki, TDT-nin 12-ci Qəbələ sammitində Azərbaycan Prezidenti İlham Əliyev gələn il üzv dövlətlərin birgə hərbi təlimlərini keçirməyi təklif etmişdi.

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik-2025" birgə regional təlimində iştirak etməsi əhəmiyyətli və vacib hadisədir: "Bu cür birgə təlimlərdən təcrübə qazanırıq. İstənilən birgə hərbi təlim ordulara təcrübə qazandırır. Gələcəkdə bu cür birgə hərbi təlimləri təkcə Özbəkistanda deyil, digər iştirakı respublikalarda da keçirmək lazımdır. Səmərqənddə keçirilən birgə hərbi təlimlərdə iştirak edən Orta Asiya dövlətlərinin üçü KTMT üzvü olan dövlətlərdir. Onların ordu sistemi NATO ordu sistemi deyil. Onlar köhnə sovetlər dönəmindən qalma ordu sistemi qurublar. Yəni əslində orduları Rusiya ordusu modeli kimi inkişaf edib. Azərbaycan onlardan fərqli olaraq ordusunu NATO ordusu sisteminə - Türkiyə ordusu modelinə keçirib. Səmərqənddə keçiriləcək birgə təlimlərdə PUA-lardan istifadə qaydaları təcrübə kimi öyrəniləcək. Lakin Azərbaycanın müharibədə PUA-lardan necə istifadə etməsi təcrübəsi var və bu təcrübə dünyada öyrənilir. O baxımdan hesab edirəm ki, Səmərqənddə keçirilən hərbi təlimlərdən dost-qardaş ölkələrin ordu qrupları azərbaycanlı həmkarlarından təcrübə öyrənəcəklər. Azərbaycan Ordusunun taktiki təcrübəsi var və bu təcrübə PUA-lardan istifadə məsələsində bir yaxşı nümunədir. Azərbaycan Ordusu PUA-lardan məhz döyüş əməliyyatlarında istifadə edib və praktiki təcrübə qazanıb. O birisi ölkələrin ordularının isə belə bir təcrübəsi yoxdur".

Ekspert fikrinin davamı kimi vurğuladı ki, birgə hərbi təlimlər iştirakçı dost ölkələrin orduları üçün daha vacibdir: “Amma şübhəsiz ki, türk dövlətləri arasında hər bir əməkdaşlıq, hər bir birgə hərbi təlim qardaşlıq, müttəfiqlik tellərinin daha da sıxlaşmasına təkan verən amildir. Bu mənada Səmərqənd birgə hərbi təlimləri də birliyə öz töhfəsini verəcək”.

R.Məhərrəmov hesab edir ki, Türkiyə ordusu nümayəndələrinin sözügedən hərbi təlimlərdə iştirak etməməsi Türkiyə Ordusunun tamamilə NATO ordu sistemində ordu olması ilə əlaqədardır: “Səmərqənd birgə hərbi təlimlərində iştirak edən dövlətlərin üçü KTMT-nin üzvüdür. Bu amil də ola bilsin ki, NATO üzvü olan Türkiyənin həmin birgə hərbi təlimdə iştirakının qarşısını alan amildir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR