İnsanlara hürriyət, millətlərə istiqlal!

Abutalıbovun Sıçuana döndərdiyi şəhər... (şəkildəki o deyil)

“The Economist Intelligence Unit” adlanan bir təşkilat var, uzun müddətdir dünyanın müxtəlif şəhərlərini qiymətləndirir, ən rahat və təhlükəsiz şəhərlərin adını çəkir.

Bu il açıqlanan yeni siyahıda Kopenhagen, Vyana, Sürix, Cenevrə, Melbrun, Osaka kimi şəhərlərin adı ön yerlərdədir.

Əslində, ötənilki siyahıda da bu şəhərlər ən rahat, təhlükəsiz, yaşamalı meqapolislər idi. Dəyişən bir şey yoxdur.

Belə dəyişiklik o vaxt olar ki, həmin şəhərlərə bir tamahkar adamı mer seçərlər, o da gələr parklarda şadlıq sarayları, meşə zolaqlarında yanacaqdoldurma məntəqəsi tikilməsinə, bir ovuc yerdə yeddi göydələn inşa edilməsinə icazə verər, küçələri sot-sot, şəhər ətrafını hektar-hektar satar, aləmi bir-birinə qatar, bax, ondan sonra görüm, o şəhər rahat yaşayış məskənlərindən biri olur, ya olmur.

İndi cavanlar bilməz, 10-22 il əvvəl bu şəhərin bir rəhbəri vardı, adı Hacıbala, soyadı Abutalıbov idi, Suraxanıda başçı olanda jurmalistlər gedib onunla görüşür, qaydıb gəlib deyirdilər, ah, necə yaxşı kişidir, bir bilsəniz, sadə adamdır, işgüzar, yaradıcı rəhbərdir, ondan yaxşı Bakı meri olar.

Həmkarlarmız bir dedilər, üç yazdılar, beş təkrarladılar, axırda Hacıbala müəllim Bakının İH başçısı təyin olundu.

Ona qədər Bakı, insafən, Mumbayın kasıb vaxtlarına oxşayırdı, hər tərəfdə göy brezent örtüklü alver piştaxtaları, çayxanalar, kafelər görərdin. Müəllim “şəhərin estetik görünüşünə xələl gətirdiyi üçün” o göy brezentli, qədim türklərin bayraqlarının rəngində olan alaçıqları (bəlkə də bu, öz milli soy-kökünə instinktiv qayıdış imiş) sökdürdü, köşkləri köçürdü, bazarları dağıtdı.

O vaxt buna qarşı çıxanlar da oldu, bu islahatı məmnunluqla qarşılayanlar da. Allah tərəfi, şəhərin mərkəzi pis gündəydi, məmurlar şəhərə qonaq gələn əcnəbilərin yanında utanıb yerə girirdilər. Abutalıbov şəhərin estetik görünüşünə əl gəzdirdi. Amma müəllimin adına söz qoşanlar da tapıldı. Belə bir lətifə düzəltmişdilər: Abutalıbov məsələ qaldırıb ki, Mərkəzi Bankın şüşə-dəmir konstruksiyalı yeni binası şəhərin estetik görünüşünü pozduğuna görə sökülməlidir. Guya rəhbərlik onu birtəhər başa salıb ki, bina yeni tikilib, həm də pis görünmür, ona dəyməsin.

Abutalıbovdan əvvəlki mer Bakının küçələrindəki minlərlə çala-çuxura ildə bir dəfə bir vedrə asfalt tökdürürdü, ya tökdürmürdü. Şəhərin hər tərəfi yamaq-yamaq idi. Amma ağsaqqal küçələrin asfaltını növbə ilə qaşıtdırmağa, asfaltını təzələtdirməyə başladı. İntəhası, o bu işə o qədər aludə oldu ki, bir də görürdün, 2-3 ay əvvəl qaşınıb-asfaltlanmış küçənin asfaltını təzədən qaşıyırlar. Bədxahlar deyirdilər ki, guya bu işdə böyük yeyinti var. Asfalta “Hacıbalanın qara kürüsü” deyənlər vardı.

Bir də gördük ki, şəhərdə bir metr yer qalmayıb, hamısı şadlıq sarayları, YDM-lər, göydələnlər və sair və ilaxır obyektlər tikənlərə satılıb. Şəhərin kənarlarındakı sulu və quru təpələr, eləcə sönmüş palçıq vulkanlarının yamacları – hamısı “bakılı” olmaq istəyən azərbaycanlılarla satıldı. Nəticədə İH başçısının “əmin olun ki, doğma, əziz Bakımız ölkəmizin paytaxtıdır” deyə təqdim etdiyi bu küləklər şəhəri yenidən pis günə qaldı.

Bakı elə bir hala gəldi ki, Hacıbala müəllim ta onu bəyənib Bakıda yaşamaq istəmədi, köçüb Qaxa getdi, gedib orada bir göz ev tutub, kirayədə yaşayır.

Düzdür, Abutalıbov yox, lap özündən deyən oğlanın biri olsaydı da, bu xasiyyətlə biz Bakını yaxşı siyahılarda Kopenhagenə, Osakaya qonşu edə bilməyəcəkdik. Amma o da paytaxtı tamamən Çindəki Sıçuana döndərib getdi.

Bir iş də var ki, heç Avropanın məşhur şəhərləri (Paris, Berlin, Praqa, Amsterdam, Oslo, Roma, Madrid, Brüssel) də “yaxşı şəhərlər” siyahısının ön sətirlərində yer almır. Kriteriyalar çoxdur, gərək şəhər onlara uyğun gəlsin. Yəni şəhərin havası təmiz, tüstüsüz, tozsuz olmalıdır; küçələr sakit, səliqəli, geniş, işıqlı, tıxacsız olmalıdır; mənzillərdə isti və soyuq suyu daimi gəlməlidir və su o təmizlikdə olmalıdır ki, krantdan birbaşa qurtumlayıb içəsən; şəhərdə ictimai nəqliyyat dəqiq və etibarlı olmalıdır; ən əsası, təhlükəsiz şəhərdə kriminal ünsürlər, o cümlədən adamın qarşısını kəsərək, “sənin bu küçədə nə işin var, brat”, “bu blokda kimin yanına gəlmisən, qaqa” deyə sual verən “qeyrətli oğlanlar” olmamalıdır və sair və ilaxır.

Hələ yaxşı şəhərin necə olmasına dair şərtlər arasında velosiped yollarının çoxluğu və rahatlığı da var. Keçən il bu vaxtdan bizdə də velosiped yolları düzəldilib. Amma o yollarda velosipedçilər yoxdur. Olanda da təkəm-seyrək. Kopenhagendə isə velosipedlərin sayı avtomobillərdən çoxdur.

8 il əvvəl Kopenhagenə köçən amerikalı jurnalist Oliviya Liveng BBC-yə deyib ki, bu şəhərdə uşaq böyütmək gözlənilməz dərəcədə möhtəşəm bir təcrübədir.

Yazıq nə etsin? Amerikada sakitlik görüb? Gördüyü eyzən tində bir ayağını divara söykəyərək, o birinin üstündə durub rep deyən, cibində bıçaq gəzdirən, nəşə çəkən tineycerlərdir, Oliviya da bilir ki, böyütdüyü uşaq yekəlib qoşulacaq Sanninin tərbiyəsiz uşaqlarına.

Biz məcburuq sıfırdan elə bir şəhər tikək ki, həmin kriteriyalara uyğun gəlsin. Əslində bu mümkündür, amma həmin kriteriyalara uyğun gələn sakinləri haradan tapacağıq – müəmmalı olan burasıdır.

P.S. Çindəki Sıçuan vilayətində 83 milyon 700 min adam yaşayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR