Onlayn ictimai-siyasi qəzet
Antalyada aparılan rüşvət istintaqı çərçivəsində Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Muhittin Böcekin ailə üzvlərinə qarşı yeni hüquqi addımlar atılıb.
Musavat.com xəbər verir ki, hazırda həbsdə olan sabiq merin gəlini Zuhal Böcek məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qərarı verilib.
"Cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulması" ittihamı ilə həbs olunub
Antalya Baş Prokurorluğunun apardığı istintaq zamanı Zuhal Böcek "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin dəyərinin yuyulması" maddəsi ilə təqsirləndirilərək hakim qarşısına çıxarılıb. Məhkəmənin qərarına əsasən, onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, istintaq çərçivəsində sabiq bələdiyyə başçısı Muhittin Böcek, oğlu Mustafa Gökhan Böcek və keçmiş gəlini Zeynep Kerimoğlu barəsində də həbs qərarları çıxarılıb. Muhittin Böcek və Zeynep Kerimoğlu iyulun 5-də saxlanılıb. Gökhan Böcek isə həmin vaxt həyat yoldaşı Zuhal və azyaşlı oğlu Muhittin Aslan Böcek ilə birlikdə ölkə xaricində idi.
2024-cü ildə Gökhan Böceklə ailə həyatı quran Zuhal Böcek iyulun 27-də xaricdən qayıdarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, istintaq çərçivəsində barəsində axtarış elan edilmiş şəxslərdən biri idi. Gökhan Böcekin isə hələ də xaricdə olduğu və axtarışda qaldığı bildirilir.
Hadisə ilə bağlı istintaq davam edir.
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ