İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfəvilərin döyüşçü, hökmdar və sürgün xanım sultanı

Bacılar şahı - Taclı bəyim

1540-1541-ci illlər...

Şiraz şəhəri...

Şəhərin məşhur səlcuqlu məqbərəsi Bibi xatunun baxçasında gerçəkləşən bir dəfn mərasimi...

Dəfndə iştirak edənlərin sayı bir neçə on adamı keçmirdi. Səssiz və əndişəli baxışlar arasında icra olunan mərasimin kimə məxsus olduğunu şəhər camaatı sonradan anladı. Torpağa tapşırılan şəxs 16 il dövlətini idarə edən, qızılbaşların “Taclı bəyim” dedikləri Səfəvilərin qadın “sultanı” idi. Bu səhnə imrənilən ehtişamlı həyatın, savaşlarda və mübarizədə keçən bir ömrün finalı idi. Cənazə mərasimini icra edən din xadimi az sayda camaata Taclı bəyimin vəsiyyətini oxudu. Səfəvilərin hökmdar qadını son arzusu bütün varidatını xeyr qurumlarına baxışlanması oldu.

Pikə xanım

Əsl adı Bigə, günümüzdəki ifadəsiylə Pikə olan Tanclı xanım anadan olduğu tarix tam məlum olmasa da, 1488/89-cu ildə dünyaya göz açdığı ehtimal olunur. Mənbələrdə həqiqi adı “Bigə xanım” kimi qeyd olunur. Bu adın, qədim türkcə “big/beg” (bəy) sözündən yarandığı və əsasən soylu ailələrin qızlarına verildiyi məlumdur. “Taclı” adını Şah I İsmayıl ona evləndiyi zaman verib.

Bigə xanımın soyu da mübahisəlidir. Venesiyalı səyyah Angiolellonun onu Ağqoyunlu sultanı Yaqubun qızı və ya nəvəsi adlandırıb. İranlı müəlliflər Məhəmməd Əhməd Pənahisimnani və Məmməd Kərim Yusifcəmaliyə görə, Taclı Bəyim şamlı tayfasından Abidin xanın qızı və qızılbaşların cəsur döyüşçüsü Durmuş xanın bacısıdır. Lakin bu iddia da doğru deyildir.

Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı idi. Taclı Bəyimin Ağqoyunlu tayfasının mosullulardan olduğu dəqiqdir.

Şah İsmayılla evlənməsi

Taclı bəyimin Şah İsmayılla evlənməsi haqqında iki rəvayət vardır. Birinci rəvayətə görə, güya, Şah İsmayıl, Durmuş xanın igid bir bacısı olduğunu eşitmiş və onunla evlənmək istəmişdir. Lakin şahın təklifinə Taclı Bəyim belə cavab vermişdir: “əgər qaçışda atı atımı, yarışda oxu oxumu keçərsə, güləşdə kürəyimi yerə vura bilərsə, o zaman mənimlə evlənə bilər”. Bu hekayə Dədə Qorquddakı Banu Çiçək ilə Bamsı Beyrəyin hakayəsinə oxşayır. Ehtimal ki, qızılbaşlar arasında uydurulmuş bir hekayədır.

Çünki cütlüyün evlilik hadisəsi tamamilə fərqli olmuşdur. Şah İsmayıl ağqoyunluları ortadan qaldırdıqdan sonra Ağqoyunlu tayfalarından bəzisi Murad Bəy Cahanşahlı rəhbərliyində Firuzkuh bölgəsinə qaçmış və orada hökm sürən Hüseyn Kiya Çələbiyə sığınmışdılar. Qaçanlar arasında Taclı Bəyimin də yer aldığı mosullu tayfası da vardı.

Hüseyn Kiya Çələbi şiə olmasına rəğmən, Şah İsmayılın siyasətini bəyənmirdi. Buna görə də İsmayılın tələblərinə baxmayaraq, qaçan ağqoyunluları ona təslim etmədi, hətta şahın elçisi İlyas Bəyi də edam etdirdi. Bundan sonra Şah İsmayıl onun üzərinə səfərə çıxmış, Hüseyn Kiya Çələbini məğlub edərək onun gizləndiyi Gülxəndan və Asta qalalarını almışdır. Əsir alınanlar arasında Taclı Bəyim də vardı. Şah İsmayıl Taclı Bəyimi burada görmüş, bəyənmiş və onunla evlənmişdir. Mənbələr bu evliliyin 1503-cü ildə gerçəkləşdiyini qeyd edirlər. “Cəvahirül-əxbar” adlı əsərə görə, Taclı Bəyim bacıları ilə birlikdə Şah İsmayılın hərəminə alınmışdır.

Dövrün tarixçisi Xurşid ibn Qubad əl-Hüseyniyə görə, “şah onu inandığı adamlarından birinə tapşırdı. Bir müddət sonra onunla evləndi. Ona Taclı xanım adını verdi. Şah onu çox sevirdi. Onun sözü şah üzərində o qədər təsirli idi ki, hətta saray və dövlət adamlarından kimsə şahın qəzəbinə tuş gəlirdisə, Taclı xanıma müraciət edirdi və beləcə, cəza almaqdan xilas olurdu”.

Mənbələr Taclı Bəyimin Şah İsmayılla evləndiyi zaman 14-15 yaşında olduğunu bildirirlər.

Səfəvilərin birinci xanım

Güclü şəxsiyyəti, təsirli qərarları və bacarığı ilə Taclı bəyim qızılbaşların “xanım sultanı” qəbul edilirdi. Səfəvi tarixçisi Budaq Münşi Qəzviniyə (1510-1577) görə, Şah İsmayıl tərəfindən Herat hakimi təyin edilən Əmir Xan Mosullu Hindistanda hakimiyyətdə olan Babur şahla gizli əlaqəsi ortaya çıxan böyük din alimi Mirməhəmməd Miryusifi edam etdirmişdi. Şah İsmayıl əmirin bu hərəkətinə çox qəzəbləndi və öldürülməsini buyurdu. Əmir xan bunu eşidib Taclı Bəyimə sığınmış, bu qadın onun əfv edilməsinə yardımçı oldu.

Şah İsmayılın ölümündən sonra Taclı bəyim “şah naibi” oldu. Oğlu Təhmasib kiçik yaşda olduğundan dövlət işlərində aparıcı fiqur idi. Əmirlər və vəzirlər onun sözü ilə hərəkət edirdilər.

Şah İsmayılın 1524-cü ildə vəfatından sonra Taclı Bəyim kiçik yaşlı Təhmasıbın əlindən tutaraq onu taxta oturtmuş və qızılbaş əmirlərinə ona boyun əymələrini əmr etmişdi.

Çaldıran savaşı və “Taclı bəyimin əsirliyi” məsələsi

Taclı bəyimin Çaldıran döyüşündə yer almaqla bərabər, döyüşdə fəal iştirak etdiyi və başında yer aldığı döyüşçü qadınlar “bacılar”la birlikdə vuruşduğu məlumdur. Osmanlı müəllifi Cəlalzadə Mustafa Çələbi (1567-ci ildə vəfat edib), Şükrü Bitlisi (XV-XVI əsrlər) və Sucidi Çələbi (XVI əsr) kimi osmanlı müəllifləri Çalıdran döyüşündə çox sayda qadının əsir düşdüyünü yazırlar. Bəzi mənbələrdə isə əsir alınan qadınların hamısının döyüşçü olduqları qeyd edilir. Hətta bir neçə mənbə Şah İsmayılın ordusunda 10 min döyüşçü qadının olduğunu iddia edirlər. Şübhəsiz, bu rəqəm şişirdilmişdir. Amma Səfəvi ordusunda döyüşçü qadınların olduğu məlumdur. Bu qadınlar “Bacıyani-Rum”a (Anadolu bacıları) bağlı qızılbaş inancına mənsub idilər. Türk qadınlarından ibarət bu hərbi quruba böyük ehtimalla, Taclı Bəyim rəhbərlik etmişdir. Çaldıran savaşında çox sayda qadın əsgərin yer alması ancaq bu şəkildə izah edilə bilər. Şükrü Bitlisiyə görə, Şah İsmayılın xanımı zireh geyinmiş və döyüş meydanına atılmışdı.

Bəzi Osmanlı müəllifləri Taclı Bəyimin Çaldıran döyüşündə iştirak etdiyini və əsir alındığını qeyd edirlər. Səfəvi mənbələri isə bir mənalı bu iddiaya yer verməyə gərək hiss etməyiblər.

Əslində, bu məsələdə Osmanlı müəllifləri yekdil rəydə deyillər. Misal üçün, “Təvarixi-ali-Osman” adlı əsərdə “Şah İsmayılın xanımlarını döyüş meydanında qoyub qaçdığı və onların əsir düşdüyü” bildirilir. Amma müəllif bu qadınların adını çəkmir. Digər Osmanlı müəllifləri Cəlalzadə Mustafa və Sucudi isə əsir alınan qadınların gözəlliyindən bəhs edirlər. Cəlalzadə Mustafaya görə, əsir alınan İsmayılın arvadı Taclı, Sultan Səlimin hüzuruna gətirilmiş, o da bu qadını qazı-əsgər Tacızadə Cəfər Çələbiyə vermişdir. Heydər Çələbi “Ruznamə” adlı əsərində əsirlər arasında qızılla bəzənmiş libas geyən bir qadının yer aldığını və aparılan araşdırmalar nəticəsində onun Şah İsmayılın arvadı olduğunun ortaya çıxdığını xəbər verir. Ona görə, bu qadın Osmanlı sultanının əmri ilə Tacızadə Cəfər Çələbiyə verilmişdir. Osmanlı tarixçisi Lütfü də eyni məlumatı təkrar edir. Lakin Mir Mehmet Katibi adlı başqa bir tarixçi əsir alınan şah arvadının “əmanət olaraq Tacızadəyə verildiyini” bildirir. Amma bu müəlliflər əsir alınan şah arvadının adını çəkmirlər. Sadəcə, Cəlalzadə Mustafa və Əli adlı tarixçilər əsir alınan qadının Taclı Bəyim olduğunu və onun Məsih Paşazadə tərəfindən əsir alındığını qeyd edirlər.

Çaldıran döyüşündə Taclı Bəyimin əsir alındığı haqqında məlumatların mənbəyi Xoca Sadəddin Əfəndi (1536-1599) idi. Ağqoyunlu əsirlli Xoca Sadəddinin babası İsfahanlı Hafiz Məhəmməd Çaldıran döyüşündə iştirak edib. Xoca Sadəddinin atası Həsən Can da osmanlı ordusunda xidmət edib. Yəni, müəllif bu məlumatı həm babasından, həm də atasından eşitmişdir. Amma Xoca Sadəddin də əsərində iki fərqli məlumata yer verərək özünü təkzib etmişdi. Ona görə, Taclı Bəyim döyüşdə əsir alınmış və Məsih Paşazadənin çadırına gətirilmişdi. Taclı Bəyim isə burada üzərindəki qiymətli daş-qaşları Məsih Paşazadəyə verərək əsirlikdən xilas olmuşdu.

Ləli-Böyrək

Taclı Bəyimin əsirlik hakayəsini bəzəyən rəvayətlərdən biri də güya onun mənbələrdə adına “Ləli-Böyrək” deyilən çox qiymətli bir ləli Məsih Paşazadəyə verərək əsirlikdən xilas olmasıdır. Maraqlıdır ki, belə bir daşın varlığı mənbələrdə qeyd edilir. Hətta Qazı Əhməd (1559-1606) bu daşı “Ləl-i Böğrək”, Əbdi Bəy Şirazi (1515-1580) isə “Dəvə gözü” adlandırır.

Bu qiymətli cəvahirat, əslində, Ağqoyunlu xəzinəsinə məxsusdu. Ağqoyunlu dövləti süqut edib, onun xəzinəsi yağmalanarkən ləl mosullu tayfasının bəyi Əmir xanın əlinə keçmişdir. Əmir xan isə bu ləli onu bağışlayan Şah İsmayıla hədiyyə etmişdi.

Ləlin boyunbağı, üzük, yoxsa sırğa olduğu məlum deyildir. Bəzi araşdırmaçılar bunun “cüt küpə” (sırğa) olduğunu iddia edirlər.

Ləli-Böyrək daşı haqqında xalq arasında əfsanələr yaranmış və bu əfsanələr Osmanlı sarayına qədər gedib çıxmışdı. Şah İsmayıl Taclı Bəyimlə evləndiyində mehr olaraq bu qiymətli daşı ona hədiyyə etmişdi. Güya Çaldıran döyüşündə həmin daş Taclı Bəyimin üzərində idi.

Taclı Bəyimi Osmanlı komandanı Məsih Paşazadənin (sədrəzəm Məsih Paşa ilə qarışdırılmamalı) adamları əsir aldığı və bir gün əsir qaldığı iddia olunur. Xoca Sadəddinin dediyinə görə, qadın Məsih Paşazadəyə onu sərbəst buraxması müqabilində bu qiymətli daşı verib.

Qaçış

Səfəvi mənbələri Taclı bəyimin döyüşdən sonra itdiyini iddia edirlər. Onun, döyüşdən qaçıb Hoy hakiminin evində gizləndiyi, oradan Təbrizə gəldiyini və Şah İsmayılın buna çox sevindiyini bildirir.

Məsələ burasındadır ki, Osmanlı mənbələrində Şah İsmayılın əsir alınan başqa xanımlarından bəhs edirlər. Kamal Paşazadə (1469-1536) əsir alınan qadının İsmayılın xanımı Xülafə Xatun olduğunu və bunun da Talış Xədim bəyin qızı olduğunu qeyd edir. Bir başqa mənbədə isə əsir alınan şah xanımının Bəhruzə olduğu bildirilir. Sultan Səlimin Tacızadə Cəfər Çələbiyə verdiyi və ya əmanət etdiyi qadının da Bəhruzə olduğu qeyd olunur. Onun əmanət olduğu, qazı olan Tacızadənin bu tarixdə çox yaşlı olmasından və bir il sonra da (1515-ci ildə) ölməsindən aydın olur. Amma başqa bir iddiaya görə, Tacızadə Bəhruzə tərəfindən öldürmüş və buna görə də o, edam olunmuşdur. Bəhruzə Şah İsmayılın birinci xanımı idi.

Bütün bunlar Osmanlı mənbələrinin bu məsələ haqqında tam məlumata sahib olmadığından irəli gəlir.

Taclı Bəyimin əsirlikdən qiymətli daş verərək xilas olması inandırıcı deyildir. Birincisi, əsir alınan birinin üstündəki əşyaları asanlıqla əlindən alına bilərdi və şəriət qanunlarına görə, bu əşyalar əsir alana aid idi. Digər tərəfdən, Məsih Paşazadənin qiymətli daşa görə Tacli Bəyimi azad etməsi mümkün görünmür. Çünki bu hərəkəti onun ölümünə səbəb ola bilərdi.

Taclı Bəyimin övladları

Taclı Bəyimin Şah İsmayılla izdivacından iki oğlu və bir qızının dünyaya gəldiyi bildirilir. Oğlanları Təhmasıb Mirzə və Bəhram Mirzə, qızları Mehin Banu idi. Ancaq Mehn Banunun Taclıdabn doğulduğu mübahisəlidir.

Şah İsmayılın ümumilikdə 11 övladı olmuşdur. Onlardan Təhmasıb və Bəhramın Taclı Bəyimdən, Samın Bəhruzədən, Əlqasın Xancı Bacıdan olduğu bilinir. Rüstəm və Sultan Hüseynin anaları haqqında məlumat yoxdur. Qızı Pəri Şirvanşah Sultan Xəlillə evlənmişdir. Mehin Banunun Taclıdan dünyaya gəldiyi iddia edilir. Xanəş Xanımın anasının kimliyi bilinməsə də, bu qadının qəbirinin Kərbəlada İmam Hüseynin məzarının yanında olduğu iddia olunur. Xeyirnisə adlı qızının (İsmayılın ən böyük övladı olmasına görə) Bəhruzədən olduğu ehtimal edilir.

Sürgün və ölüm

Şah İsmayıl vəfat edərkən Təhmasıb 10 yaşında idi. Buna görə də dövləti onun adına uzun illər anası Taclı Bəyim idarə etmişdir. Əmirləri o çıxardır, qərarları o verir, dövləti o idarə edirdi.

Taclı Bəyim 16 il oğlu Tıəhmasıb adına Səfəvilər dövlətini təkbaşına idarə etmişdir. Amma ana ilə oğul arasında münasibətlər 1539-40-cı illərdə pozuldu. Mənbələrə görə, bu tarixdə Təhmasıb anasını zəhərləyib öldürtmək istəmişdi. Bunda Təhmasıbın xanımlarının və qızlarının rolu olduğu ortaya çıxır. Ehtimal ki, Təhmasib anasının dikdəsindən xilas olmaq istədiyi kimi, bacıları və xanımları da Taclı bəyimdən qurtulmaq istəyirdilər.

Təbrizdə yoluxucu vəba xəstəliyi yayıldığı zaman Təhmasıb hərəmdəki bütün qadınları şəhərdən uzaqlaşdırarkən anasının çıxmasına icazə verməmiş və onun bu xəstəlikdən ölməsini istəmişdir. Amma Taclı Bəyim bu xəstəliyə tutulmayınca, bu dəfə Təhmasıb qızlarının məsləhəti ilə onu Şiraza sürgün etdirdi.

Taclı bəyim Təbrizdən Şiraza qədər olan yolu dəvə belində getmiş və yolda ağır xəstələnmişdir. Oğlunun davranışı onu dərindən sarsıtdığından Şiraza çatan kimi də vəfat etmişdir. Başqa bir məlumata görə, Şirazdakı İstəhr zindanına atılmış və orada ölmüşdür. Onu Şirazın məşhur Səlcuqlu məqbərəsi Bibi xatunda dəfn etdilər.

Taclı bəyimin 1540-41-ci ildə vəfat etdiyi bildirilir. Nəzərə alsaq ki, Taclı Bəyim Şah İsmayılla 14-15 yaşında evlənib, o zaman onun 1488-89-cu ildə anadan olduğu, 50-51 yaşında öldüyü ortaya çıxır.

Vəsiyyətinə görə, bütün varidatı xeyriyyə qurumlarına bağışlanmışdır.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Demokratiya və Qadın Təşəbbüsləri" ictimai birliyi tərəfindən icra olunan “Keçmişin kölgələri - türk dünyası tarixinin müqayisəli təhlili” layihəsi çərçivəsində hazırlanmışdır. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR