Onlayn ictimai-siyasi qəzet
Sələmə pul götürdüyü şəxsi öldürməkdə ittiham edilən hərbçinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsi onun əməlini yüngülləşdirsə də Bakı Apellyasiya Məhkəməsi onun cəzasını ağırlaşdırıb.
Musavat.com xəbər verir ki, Əsədov Elvin Səyavuş oğlunun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan zaman o, 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Prokuror Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Elvin Əsədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Məhkəmə belə qənaətə gəlmişdi ki, Elvin mərhumu tamah niyyəti ilə öldürməyib. Belə ki, telefon danışıqları və mesajlardan məlum olub ki, Elvin hər ay Zamiqə götürdüyü pul üçün faiz ödəyirmiş. Sadəcə, son aylarda ödəniş edə bilməyib və Zamiqdən vaxt istəyib. Elvin növbəti ay 13 və 14-cü maaşlarını alacağını və borcunu tam bağlayacağını deyib. Lakin Zamiq bununla razılaşmayıb. Onlar arasında bu mövzuda bir neçə dəfə mübahisə olub. Sonuncu danışıqda onlar bir-birlərini təhqir edəndən sonra görüş təyin ediblər.
Elvin görüşə gələn zaman mağazadan bıçaq alıb. Elvinin sözlərinə görə mübahisə zamanı Zamiq onun ölən anasını söyüb. O da bıçaqla Zamiqi vurub.
İstintaq zamanı məlum olub ki, mərhum Zamiq narkotik vasitə istifadəçisi olub. Bunu təyin edilmiş ekspertiza da sübut edib.
Elvin ifadəsində deyib ki, mərhumu öldürmək niyyəti olub, amma yolda olan zaman fikrindən daşınıb: “Zamiqlə görüşəndə ana söyüşü söydü. Mən də vurdum. Onu tamah niyyəti ilə öldürməmişəm. Ayda 1800 manat maaş alırdım. Faizi də verirdim. Axırıncı dəfə dedim ki, səbr elə, hamısını verəcəm. Amma razılaşmadı”.
Elvin əməlindən səmimi peşman olduğunu və irəli sürülmüş ittihamın qəsdən adam öldürməyə tövsif edilməsini istəyib.
Məlumata görə Elvin qətlə yetirdiyi şəxsdən faizə pul götürübmüş.
Elvinin atası Səyavuş Əsədovun sözlərinə görə oğlu mərhum Zamiqdən 2500 manat faizə pul götürüb. Onun sözlərinə görə hərbçi olan oğlu bir ay ərzində 13 və 14-cü maaşlarını alaraq borcunu ödəyəcəkmmiş. Lakin belə bir hadisə baş verib. Əlavə edib ki, oğlunun borcunu vermək üçün özü də kredit üçün banklardan birinə müraciət edibmiş. Qətl hadisəsindən bir gün sonra ona kredit verilib.
Hadisə ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Baş vermiş qətl hadisəsi ilə bağlı Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.
Rəsmi məlumata görə aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin tamah məqsədilə qəsdən adam öldürmə maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Elvinin əməlini qəsdən adam öldürmə maddəsinə tövsif edərək 12 il cəza təyin etməsində prokuror və mərhumun anası narazı qalmışdı. Bakı Apellyasiya Məhkəməsi Elvinin əməlini tamah niyyəti ilə qəsdən adam öldürmə kimi qiymətləndirib. Lakin ona bu maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə- 14 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Bu maddənin maksimum həddə cəzası 20 il azadlıqdan məhrum etmədir.
İlkin Muradov,
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ