Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.
Musavat.com-un xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Layihəyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatlarının əlavə edilməsi nəzərdə tutulur.
Dəyişiklik layihəsi Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.
Məlumata görə, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur.
Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.
Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq.
Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur.
Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur.
Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.
Beləliklə təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.
Ə.Hüseynli onu da bildirib ki, şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi zamanı rüsum tələb olunmayacaq.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
E.Paşasoy,
Musavat.com
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ