Onlayn ictimai-siyasi qəzet
Tanınmış ifaçı, Əməkdar artist Zakir Əliyevin “Qonaqcanlı” verilişində səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. O, çıxışında kişilərin qadınlardan üstün olduğunu bildirib:
"Kişinin səsi zil çıxmalıdır. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur. Xanımlar özləri bilməlidirlər ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Ona görə də evdə kişinin səsi zildən çıxmalıdır. Əgər o həqiqi kişidirsə".
Əməkdar artistin bu fikirləri insanlar tərəfindən tənqid olunub. Məsələyə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq və yazıçı Aydın Xan Əbilov da münasibət bildirib.
O, Musavat.com-a açıqlamasında Zakir Əliyevin sənətinə dərin hörmət bəslədiyini qeyd etsə də, bu cür çıxışların cəmiyyətdə mənfi təsir yarada biləcəyini vurğulayıb:
"Zakir müəllim bizim görkəmli sənətkarlarımızdan biridir. Səsi və sənəti ilə daim xalqın qəlbinə yol tapıb. Lakin bu gün səsləndirdiyi bəzi fikirlər cəmiyyətdə yanlış anlayışların yayılmasına səbəb ola bilər.
Bu cür patriarxal yanaşmalar artıq keçmişin mirasıdır və XXI əsrin çağırışları ilə uyğun gəlmir. Belə düşüncə tərzi artıq köhnəlib, XX əsrdə qalıb. Biz artıq innovasiya və informasiya dövründə yaşayırıq.
Artıq cinsiyyət, din, milliyyət, fiziki imkanlar və digər fərqlərə görə insanlara münasibət dəyişməlidir.
İnklüzivlik – irq, din, cinsiyyət, maddi vəziyyət və digər fərqlərə baxmayaraq, insana insan kimi yanaşmaqdır. Dünya buna doğru gedir, biz isə hələ də bir kişinin dörd arvadı ola biləcəyini müzakirə edirik. Qadınlar haqlı olaraq soruşur ki, bəs bir qadının dörd əri niyə olmur?"
Kulturoloq qadınların cəmiyyət içində ikinci plana keçirilməsinin artıq arxaik və təhlükəli bir yanaşma olduğunu vurğulayıb:
"Kişilər dominant olmalıdır – deyilir. Əgər belədirsə, dominantsansa, ev işlərini də et: qab yu, zibil at, yemək bişir, uşağa bax. Əgər hüquq bərabərliyindən danışırıqsa, bu həm də məsuliyyətin paylaşılmasıdır".
A. Əbilov qeyd edir ki, bu cür münasibətlər ailədaxili zorakılığa, sosial gərginliyə və gender balansının pozulmasına səbəb olur:
"Yasamalda qadının qətlə yetirilməsini xatırlayaq: qadın həyat yoldaşının başqa bir xanımla münasibətinə etiraz edib, nəticədə əri tərəfindən bıçaqlanıb və güllələnib. Bu, sadəcə ailədaxili münaqişə deyil – bu, cəmiyyətin düşüncə böhranının göstəricisidir.
Statistik göstəricilərə də diqqət edək. Bu gün ali məktəblərdə təhsil alan 200 min tələbənin 160 mini qadındır. Yalnız 40 mini kişilərdir. Bu, artıq cəmiyyətdə kişilərin rolunun zəiflədiyini göstərir.
Qadınların səsini batırmaq istəyənlər anlamalıdırlar ki, bu səs başqa formada, daha güclü şəkildə qayıdacaq. Elə qayıdacaq ki, bu, cəmiyyətə zəlzələ effekti kimi təsir edəcək.
Gəlin bu məsələlərə daha ayıq başla baxaq. Qlobal tendensiyaları, insan hüquqlarını, bərabərlik prinsipini nəzərə alaraq düşünək, danışaq, yaşayaq. Əks halda, nə biz inkişaf edə bilərik, nə də cəmiyyətimiz".
Sultan Məmmədli
Musavat.com
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ