İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS! Əli silahlı yeniyetmələr: bu yaşda qətllər niyə artıb?

Ekspert-kriminalist: “Etiraf etmək lazımdır ki, bu məsələdə valideynlərin günahı var”

Gəncədə 15 yaşlı yeniyetmənin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub. APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə 10 manat borc üstündə baş verib.

Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Arif Hətəmovun qətlə yetirilən 2010-cu il təvəllüdlü Tunar Məmmədova 10 manat borcu olub. Hadisədən bir gün əvvəl Arif Hətəmov borcunu Tunar Məmmədova qaytarıb. Sonrandan Arif Hətəmov qətlə yetirilən Tunar Məmmədovu dəmiryolunun yaxınlığına çağırıb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Dava zamanı Arif Hətəmov özü ilə gətirdiyi bıçaqla Tunar Məmmədova xəsarət yetirib. 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Biləsuvar rayonunda da bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Həmin kənd sakini, 2008-ci il təvəllüdlü Kənan Abuzərli həmkəndlisi 1966-cı il təvəllüdlü Azər Babayevi bıçaqlayıb.

A.Babayev bədəninin müxtəlif nahiyələrinin deşilmiş yaraları ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, təcili əməliyyat blokuna alınaraq cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti qənaətbəxşdir.

“Yeniyetmələr arasında cinayət xarakterli əməllər nəinki Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində artıb. Təkcə ABŞ-yə nəzər salsaq, görə bilərik: məktəbli silahla öz yoldaşlarına hücum edir, digəri ictimai yerdə insanlara xəsarət yetirir. Belə hallar çoxdur. Amma bunların Azərbaycanda baş verməsi, əlbəttə ki, təəssüf doğurur. Bu da tərbiyənin lazımi formada verilməməsindən irəli gəlir”. Bunu Demokrat.az-a deputat Tahir Rzayev deyib. O bildirib ki, son illərdə DİN, ictimaiyyət nümayəndələri bu sahədə çox ciddi işlər aparırlar:
“Daimi olaraq məktəblərdə cinayətkarlığa qarşı, narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlər keçirilir. Lakin bu gün sosial şəbəkələr xüsusən gənclərin psixologiyasına təsir göstərir.

Bütün ictimaiyyət bununla mübarizə aparmalıdır. Ailədə tərbiyə məsələsi düzgün qurulmalı, məktəbdə davam etdirilməlidir. Yeniyetmələr arasında baş verən bu hallar bizim hamımızı düşündürməli və bundan çıxış yolları axtarılmalıdır".

Yeniyetmələr arasında artan cinayət hallarının azalması üçün daha hansı işlər görülməlidir?

e70f62171ec861c4a30f9a76f52e7d66.jpg (61 KB)

Mahmud Hacıyev 

Sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev “Yeni Müsavat”a bildirib ki, bu məsələyə müxtəlif aspektlərdən yanaşmaq lazımdır: “Mən valideynlərə ittiham hökmü elan etmək fikrində deyiləm, amma etiraf etmək lazımdır ki, bu məsələdə valideynlərin günahı var. Eyni zamanda, təhsil sisteminin də, cəmiyyətin də məsuliyyəti mövcuddur. Çünki ictimaiyyət artıq bir çox neqativ hallara göz yumur, biganə yanaşır. Üstəlik, texnologiyanın sürətlə artması, demək olar ki, bütün yeniyetmələrin əlində müasir mobil telefonların olması vəziyyəti daha da ağırlaşdırır. Uşaqlar həmin telefonlarda gələcəyinə faydalı ola biləcək maarifləndirici və ya təhsilə dəstək verən materiallara baxmırlar. Əksinə, 15-16 yaşlı oğlanların çoxu kriminal mövzulara maraq göstərir, cinayətkarların həyatından bəhs edən verilişlərə, filmlərə baxırlar. Tərbiyəvi xarakterli verilişlər isə onların maraq dairəsinə düşmür. Bütün bunlar birləşərək nəticədə elə bir mühit yaradır ki, yeniyetmə əlində bıçaq cinayət törədir. Yəni istər-istəməz, içində olduğu mühit, aldığı tərbiyə və əlindəki telefon onu sonda bu yola sürükləyir”.

M.Hacıyev əvvəllər bu cür hadisələrin çox nadir hallarda baş verdiyini diqqətə çatdırıb: “O dövrü görən insanlar da təəccüblə soruşurlar: indi niyə bu hallar artıb? Çünki əvvəllər ildə bir dəfə belə eşidərdin ki, 15-16 yaşlı uşaq kimisə bıçaqlayıb. Belə hadisələr çox nadir idi. Hətta belə bir hal baş verəndə, bütün cəmiyyət ayağa qalxırdı - komissiyalar, prokurorluq, ictimai təşkilatlar məsələyə dərhal müdaxilə edirdi.
Keçmişdə orta məktəb də sözün əsl mənasında həm tərbiyə, həm də təhsil verirdi. İndi isə məktəblər nəinki tərbiyə, hətta bəzən təhsili də tam vermir. Bu reallığı etiraf etmək lazımdır.

Mən ictimaiyyəti də günahlandırıram. Çünki keçmişdə ictimai qınaq olduqca güclü idi. Bir yeniyetmə, yaxud gənc yolda düzgün hərəkət etməyəndə, qadın-kişi, ağsaqqal-qarasaqqal - yüz adam ona irad bildirirdi: “Ayıb deyilmi, bu hərəkət, bu danışıq nəyə lazımdır?” İnsanlar ictimai qınaqdan çəkinirdilər.

Amma indi ictimai qınaq sıfır vəziyyətindədir. Məsələn, bir ağsaqqal görür ki, hansısa yeniyetmə əlində bıçaq fırladır, amma ona demir: “Oğlum, bu hərəkət səni bədbəxtliyə aparar, lazım deyil”. Sadəcə susaraq ötüb keçir, “nəyimə lazımdır” düşünür. Hazırda ictimaiyyətin yeniyetmələrə münasibəti belədir. Bu isə həm gəncliyi, həm də bütövlükdə cəmiyyəti uçuruma aparır".

1587930533_1543322026_01.jpg (43 KB)

Rövşən Nəcəfov

Psixoloq Rövşən Nəcəfov isə qeyd edib ki, yeniyetmələrin cinayətə meyillənməsi və mübahisələrdə çıxış yolunu cinayət kimi görməsi cəmiyyətdə psixoloji mühitin sağlam olmadığının göstəricisidir: “Yeniyetmələr öz mövqeyini cinayətlə ifadə edirsə, cəmiyyət olaraq biganə qalmaq olmaz. Rəqəmsal dünyada da reallıqda olduğu kimi elm bütün təbliğatlara məğlub olur. Ancaq insanın fiziki və mənəvi ağrısı olanda elm yada düşür. Yeniyetmələrin cinayət əməllərinin olmasına səbəbkar böyüklərdir. Nizamsız olan davranışlara qarşı adekvat mövqe ifadə olunmalıdır. Bir insanın azadlığı başqasının azadlığını əlindən almaq deyil. Nə baş verməsindən asılı olmayaraq kimisə öldürmək çıxış yolu deyil. İctimai klişelərlə sağlam gələcək formalaşdırmaq olmaz. Yeniyetmələrdə müşahidə olunan davranış pozuntularını xarakter adı altında gizlətmək olmaz. Yeniyetmənin cinayət tərkibli fikir və davranışlarını kiməsə bənzədib baş verəcəkləri mənfi hadisələri böyütmək olar, yəni hansısa psixoloji halın nizamsızlığı ört-basdır edilməməlidir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR