Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, İmişlidə toyda 50-dən çox insan zəhərlənib. TƏBİB-dən bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi cinsli) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib. Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir”.
Son bir ildə ölkədə toy mərasimləri zamanı bir sıra kütləvi qida zəhərlənməsi halları qeydə alınıb. Bu hallar əsasən şadlıq evlərində və ya ev şəraitində təşkil olunan məclislərdə baş verib. Əldə olunan məlumatlar göstərir ki, zəhərlənməyə səbəb olan əsas amillər qidaların düzgün saxlanılmaması, sanitar-gigiyenik qaydalara riayət edilməməsi və bəzi hallarda vaxtı keçmiş məhsullardan istifadə olunmasıdır.
Bakının Xətai rayonunda yerləşən “Venesiya” adlı şadlıq sarayında keçirilən toy mərasimində 51 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, ilkin ehtimallara görə, zəhərlənmə qida mənşəlidir. Şamaxı rayonunun Məlikçobanlı kəndində keçirilən toyda da oxşar hal yaşanıb. Burada 21 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Onlarda baş verən simptomlar - ürəkbulanma, qusma, ishal və halsızlıq qida zəhərlənməsini göstərib. Aidiyyəti qurumlar hadisəni nəzarətə götürüb və laborator analizlər aparılıb.
Oxşar hadisə Qəbələ rayonunda da baş verib. Toy mərasimi zamanı 55 nəfər zəhərlənərək yerli tibb müəssisələrinə aparılıb. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi və hüquq-mühafizə orqanları birgə araşdırma aparıb. İlkin nəticələr göstərib ki, zəhərlənmə bəzi yeməklərin düzgün saxlanılmaması səbəbindən baş verib.
Bütün bu hadisələr göstərir ki, toy məclislərində gigiyena və qida təhlükəsizliyi qaydalarına nəzarət ciddi şəkildə həyata keçirilməlidir. Həm restoranlar, həm də toy sahibləri arasında məsuliyyət bölgüsü aydın olmalı, yazılı müqavilələrlə hüquqi çərçivə yaradılmalıdır. Mütəxəssislər hesab edir ki, bu sahədə sistemli yanaşmaya və dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac var. Əks halda, bu kimi hallar həm insanların sağlamlığına, həm də istehlakçı hüquqlarına ciddi zərbə vurmağa davam edəcək.
“Toylara məhdudiyyət qoymaq düzgün olmaz, dünyanın heç bir yerində bu yoxdur. Bu, insanların şəxsi həyatına, sevincinə müdaxilədir”. Bunu Demokrat.az-a açıqlamasında toylarda baş verən kütləvi zəhərlənmə hallarından danışan deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, bu istiqamətdə müvafiq dövlət qurumları çox ciddi işləməlidir: “Toyların keçirildiyi obyektlərdə yoxlamalar aparılmalıdır. Bazara çıxarılan ət məhsullarına diqqət edilməsi də vacib məsələdir. Toylarda zəhərlənmə halları uzun bir zəncirin son halqasıdır. Buna qədər xəstə heyvanın kəsilməsi, ət məhsullarının keyfiyyətinə dırnaqarası yanaşılması, məhsulların saxlanılması, aşpazların peşəkarlığı kimi bu zəncirin hər bir halqasına nəzarət etmək lazımdır”. Millət vəkili son olaraq qeyd edib ki, bölgələrdə ictimai-iaşə obyekti sahibləri arasında maarifləndirmə keçirilməsi vacibdir.
Qeyd edək ki, yay mövsümündə bəzi bölgələrdəki toylarda zəhərlənmələr olmuşdu. İndi havalar sərinləşib. Bəs nə üçün yenə toylarda zəhərlənmələr olur?
Yeri gəlmişkən, qida zəhərlənməsinin əlamətləri adətən qida qəbulundan bir neçə saat sonra ortaya çıxır. Ən çox rast gəlinən simptomlara ürəkbulanma, qusma, ishal, mədə ağrısı və köp daxildir. Bəzən baş ağrısı, hərarət, halsızlıq və əzələ ağrıları da müşahidə olunur. Orqanizm çox maye itirdiyinə görə susuzluq, ağız quruluğu, sidiyin azalması, başgicəllənmə baş verə bilər. Daha ağır hallarda ishal və qusma uzun müddət davam edir, bəzən qanlı ishala rast gəlinir, bədən temperaturu yüksək olur və huş bulanıqlığı yaranır. Bu əlamətlər xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar üçün təhlükəli ola bilər. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır.
Eyyub Hüseynov
İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov toy mərasimlərində təqdim olunan yeməklərlə bağlı çıxış edərkən bildirib ki, toy mərasimləri keçirilən restoranlar, yəni toyxanalar qida sektorunda istehlakçı hüquqlarının ən çox pozulduğu yerlərdən biridir. Onun sözlərinə görə, bu sahədə tələbin çoxluğu səbəbindən keyfiyyətli xidmət anlayışı arxa plana keçir: “Toylarda zəhərlənmələr davam edəcək. Çünki toyxanalarda sifarişçi ilə toyxana sahibi arasında tələb təklifi üstələyir. Toy etmək istəyənlərin sayı çox olduğuna görə, restoranlar keyfiyyətə deyil, kəmiyyətə üstünlük verirlər. Nəticədə isə müştərilərə qarşı laqeyd yanaşma və zəif xidmət ortaya çıxır. Qidaların saxlanma şəraiti həll olunmalıdır. Restoranlar məsuliyyəti tamamilə öz üzərlərindən atır və bu, ciddi problemdir. Toyxanalardan illərlə daxil olan şikayətlərə baxdıqda aydın olur ki, bu müəssisələr istehlakçılarla rəsmi müqavilə bağlamırlar. Rayonlarda isə bu məkanlar sadəcə ‘icarəyə verilir’ adı ilə məsuliyyətdən yayınırlar. Əgər hər hansı xoşagəlməz hadisə baş verərsə, məsuliyyət daşıyan tərəf tapılmır. Bu, olduqca qeyri-normal haldır. Toy sahibi iyirmi çeşid yemək verir, amma onun 1-2 növünü aparıb AQTA-da yoxlatdırır, ondan sonra toyxana sahibi icazə verir. O biri yeməklər heç yoxlanmır. AQTA işini dəyişməlidir, bütün yeməklər yoxlanmalıdır. Toylarda salat verirlər, onun saxlanma müddəti cəmi 4 saatdan artıq deyil. Üstəlik, o toyxanalar ki, özləri yemək hazırlayır onların yeməkləri saxlama şəraitinə də fikir vermək lazımdır. Toy başlayanda məmurlar evlərində olur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə istehlakçı siyasəti anormal vəziyyətdədir”.
Eyyub Hüseynov bu problemlərin həlli üçün toy sahibi ilə restoran arasında yazılı müqavilənin məcburi olmasını təklif edir. O hesab edir ki, məsuliyyət daşıyan dövlət qurumları bu məsələyə müdaxilə etməlidir: “Toy sahiblərinin hüquqları təmin olunmalı, artıq yeməkləri götürmək hüququ tanınmalıdır. Çünki ödənilən pul qarşılığında həmin məhsullar müştərinin mülkiyyətidir. Toy mövsümündə Qida Təhlükəsizliyi Agentliyi demək olar ki, aktiv işləmir. Əgər hansısa hadisə baş versə belə, onu yoxlamağa gələn olmur. Bu isə qanun pozuntularına şərait yaradır. Üstəlik, bir çox hallarda toy üçün ödənilən böyük məbləğlərə dair heç bir rəsmi qəbz təqdim olunmur”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ