İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalin repressiyasının italyan qurbanları - Krımın italyan icması faktiki olaraq məhv edilib

1930-1940-cı illərdə SSRİ-də yaşayan italyanlar da kütləvi siyasi təqiblərin çoxsaylı qurbanlarından olublar. Əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən 1100-dən çox italyan repressiyaya məruz qalıb.
Stalin repressiyasının italyan qurbanları bir neçə əsas qrupa bölünüblər. Birinciyə Rusiya imperiyası dövründə, əsasən XIX əsrdə köçənlər daxildir. Apuliyadan olan ailələr (Bari, Trani, Bisceglie) 1820-ci ildən Krıma gəlib, Kerç, Mariupol və digər cənub liman şəhərlərində böyük icmalar yaradıblar.

İkinci qrup italyan soyadlı insanlardan ibarət olub. Onların əcdadları əvvəlki əsrlərdə, 15-ci əsrdən başlayaraq, italyan memar və sənətkarlarının Moskvada işlədiyi vaxtlarda Rusiyaya köçüb.

Üçüncü qrup siyasi mühacirlər - 1922-ci ildən sonra İtaliyadan qaçıb SSRİ-yə gələn kommunistlər, sosialistlər, anarxistlər və antifaşistlər olub. Onların bir çoxu C.Marçlevski adına universitetdə təhsil alıblar.

İTA-3.JPG (92 KB)

İlk olaraq “Böyük terror” zamanı kütləvi edamların yerinə çevrilən Sandarmox traktında üç məşhur italyan güllələnib. Leone Aurelio Koqrossi (Aleksandr Antonoviç Reyder kimi tanınıb) 31 avqust 1904-cü ildə Turin yaxınlığındakı Akvi-Termedə anadan olub. 1924-cü ildən İtaliya Kommunist Partiyasının üzvü olub, SSRİ-yə köçdükdən sonra Marçlevski adına universitetdə və Leninqradda hərbi akademiyada təhsil alıb.

1930-cu ilin mayında o, ölkəsinə qayıtmaq xahişi ilə İtaliya səfirliyinə müraciət edib və bu, onun həbsinə səbəb olub. O, 10 il həbs cəzasına məhkum edilib. Həmyerliləri arasında böyük nüfuza malik olan italyan cəzasını Solovki və Belbaltlaqda çəkib, 1937-ci il noyabrın 1-də Sandarmoxda güllələnib.
Cakomo Perqolo (Yakov Vikentyeviç Perqalo) 1881-ci ildə Kerçdə dünyaya gəlib və yerli italyan icmasının nüfuzlu üzvü kimi tanınıb. O, gəmiqayırma zavodunda usta kimi çalışıb və hüquqlarından məhrum edilmiş keçmiş sahibkar olub. İlk dəfə 1932-ci ildə, daha sonra 1935-ci ildə yenidən “faşist casus təşkilatına rəhbərlik etmək” ittihamı ilə həbs edilib və 1938-ci il iyunun 20-də Sandarmoxda edam edilib.

ita-2.JPG (90 KB)

Valentin Aleksandroviç Spalvini-Kreçetov 1891-ci ildə Romada (digər mənbələrə görə Varşavada) anadan olub və katolik keşişi olub. İstintaqın məlumatına görə, guya o, 1928-ci ildə Vatikan tərəfindən SSRİ-yə göndərilib. 1929, 1931 və 1936-cı illərdə bir neçə dəfə həbs olunub. Düşərgədə o, sistematik olaraq işləməkdən imtina edib və digər məhbusları da buna çağırıb. Nəticədə 1937-ci il dekabrın 9-da Sandarmoxda güllələnib.

Repressiyanın digər italyan qurbanları arasında Uqo Citterio fərqlənib. Seregnodan olan Cittero 1922-ci ildən kommunist olub, 1934-cü ildə isə Paris vasitəsilə SSRİ-yə gəlib. O, İspaniya vətəndaş müharibəsində könüllü kimi iştirak edib. 1940-cı il iyunun 15-də Moskvada “trotskizmdə” ittiham edilərək həbs edilib və 8 il məcburi əmək cəzasına məhkum edilib. Bir il sonra ağır iş şəraiti üzündən xəstələnib və düşərgə xəstəxanasında vəfat edib.

Bir neçə mərhələdə baş verən Krım italyanlarının deportasiyası xüsusilə faciəvi olub. 1942-ci ilin yanvar-fevral aylarında Kerç-Feodosiya əməliyyatı nəticəsində Kerçdən olan, demək olar ki, bütün italyan ailələri, təxminən 700 nəfər sürgün edilib.

İTA-4.JPG (84 KB)

Əsas deportasiya dalğası 28-30 yanvar və 8-10 fevral 1942-ci il tarixlərində, növbəti dalğa isə Krımın nasistlərdən tam azad edilməsindən sonra 1944-cü ilin yayında baş verib. Qışda, ən soyuq günlərdə deportasiya edilənlər yalnız italyanlar olub. Şimali Qazaxıstandakı sürgün yerlərinə səyahət bir neçə ay çəkib, çoxları yolda soyuqdan, aclıqdan və xəstəlikdən ölüb. Bu hadisələr bir neçə əsrlər boyu formalaşan və XX əsrin əvvəllərində özünəməxsus adət-ənənələrə və iqtisadi quruluşa malik köklü etnik qrup olan Krımın italyan icmasını faktiki olaraq məhv edib.

Repressiyaya məruz qalan italyanların əksəriyyəti Stalindən sonrakı dövrdə reabilitasiya olunub. Lakin onların yenidən icma olaraq formalaşması heç vaxt baş verməyib. Çünki italyanların 90 faizi ya güllələnmədən, ya sürgündəki ağır işlərdən, ya da aclıqdan dünyasını dəyişib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR