İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada nə baş verir: Druzlarla Dəməşq arasındakı gərginliyin arxasındakı səbəb

Suriyanın cənubunda druzların kompakt yaşadığı Suveyda vilayətində 3 gündür davam edən döyüşlərdən sonra hökumət qüvvələri vilayətin eyni adlı mərkəzinə daxil olub. Müdafiə naziri Məhraf Əbu Qəsra bəyan edib ki, Suveydada vəziyyət nəzarət altına alınıb. Bundan başqa, Suveyda daxili təhlükəsizlik qüvvələrinin komandanı Əhməd əd-Dəlati bildirib ki, şəhərdə axşam saat 8-dən etibarən komendant saatı tətbiq olunacaq.

Qeyd edək ki, əsasən druz dini azlığının yaşadığı Suriyanın cənub-qərbində yerləşən Suveyda vilayətində bu ilin aprel və may aylarında yerli druz icması ilə keçid hökuməti qüvvələri arasında gərginlik yaşanıb. Druzlar vətəndaş müharibəsi dövründə də Bəşər Əsəd hakimiyyətinə qarşı çıxmasalar da, faktiki olaraq icma qaydaları ilə idarə olunub və hökumətlə məsafəli davranıb. Dekabrın 8-də Bəşər Əsədin devrilməsindən sonra isə druzlar yeni islamçı hakimiyyətə qarşı məsafəli davranıb və faktiki olaraq Dəməşqi qəbul etməyib.

IMG_6125.jpeg (373 KB)

Bu ilin yazında yerli druz silahlıları ilə hökumət qüvvələri arasında qısa müddətli toqquşmalar baş verib. Ancaq beynəlxalq təşkilatların, yerli druz ağsaqqalları və Dəməşq rəsmiləri arasında danışıqlardan sonra uzlaşma əldə olunub.

Lakin druzlar yeni islamçı hökumətə məsafəli yanaşır, radikal islamçıların şiə-ismaili druzlara qarşı güc tətbiq edəcəyini iddia edirdilər. Məsələ ondadır ki, şiə-ismaili icmasına mənsub druz xalqı əsasən Yaxın Şərqin 3 ölkəsində — Suriya, Livan və İsraildə yaşayır. Ən böyük druz icması təxminən 700 min nəfər Suriyada, əsasən də Suveyda vilayətində yaşayır. 150 minə yaxın druz isə Livanda yaşayır. Ən kiçik druz icması isə İsraildə, əsasən də işğal olunmuş Colan təpələri bölgəsində yerləşir. Druzlarla yəhudi icması arasında yaxınlıq var və bu səbəbdən də druzlar İsrail cəmiyyətinə inteqrasiya olunub, İsrail ordusunda ayrıca elit Colani briqadası var ki, onlar druzlardan ibarətdir. Suriyada Bəşər Əsədin devrilməsindən sonra druzlarla İsrail arasında əlaqə daha da dərinləşib. Druz icması yeni islamçı Dəməşq hökumətinə qarşı İsrailin şəxsində özünə müdafiəçi axtarır, İsrail isə druzları Suriya və İsrail arasında bufer zona olaraq görür və bu səbəbdən də druz icmasına hərbi, siyasi və maliyyə dəstəyi verir. Yazda 100-ə yaxın druz dini lideri İsrailə səfər edərək hökumət rəsmiləri ilə görüş keçirib.

a9de5e1a-10ba-41cb-ad1a-00440c4feb7d.jpeg (224 KB)

Hazırda faktiki olaraq Suriya mərkəzi hökumətinə tabe olmayan iki bölgə var: şimal-şərqdə kürdlər, cənub-qərbdə isə druzlar. Suriyanın yeni hakimiyyəti üçün druz amili, xüsusən də İsraillə yeni danışıqlar fonunda ciddi maneəyə çevrilib.

Son hadisələrə gəlincə, toqquşmalar Suriya prezidenti Əhməd əş-Şara və hökumət üzvlərinin Bakıda İsrail nümayəndələri ilə görüşündən bir gün sonra — bazar günü baş verib. İlkin məlumata görə, Suveyda vilayətində yaşayan yerli bədəvi ərəb qəbilələri ilə druzlar arasında gərginlik yaşanıb. Bir druz tacir qaçırılıb. Ardınca silahlı toqquşmalar baş verib və məzhəblər arasında gərginliyə çevrilib. Bu da toqquşmaları daha da dramatikləşdirib.

Bazar günü və bazar ertəsi baş verən toqquşmalarda 30 nəfərin öldüyü, 100-dən çoxunun isə yaralandığı qeyd olunurdu. Bazar ertəsi Suriya hökuməti Suveydaya əlavə qüvvələr göndərib. Ancaq bu dəfə işə İsrail ordusu qarışıb. İsrail aviasiyası Suveydaya doğru irəliləyən Suriya ordusunun zirehli texnikasını bombalayıb. Bombalama bu gün də davam edib və hərbi texnika ilə yanaşı Suveyda yolu və maşınlar da vurulub. Daha sonra isə İsrail ordu komandanlığının baş nazir Netanyahunun iştirakı ilə Suveyda hadisələrinə həsr olunmuş müşavirə keçirdiyi xəbəri yayılıb.

31b307d9-ea6e-4ee5-890d-518be0d736d2.jpeg (24 KB)

Druz silahlıları bildirir ki, Dəməşq qüvvələri druzlara hücum edən bədəvilərə dəstək verib. Bu səbəbdən də toqquşmalar daha sonra həm də Suriya ordusu ilə yaşanıb və 18 Suriya hərbçisi öldürülüb, 9 nəfər isə əsir alınıb.

Suveyda hadisələrinin Bakı görüşündən dərhal sonra baş verməsi görüşün uğursuz olması ilə bağlı iddiaları təsdiqləyir. Çünki dünən ərəb və İsrail mediası Bakıda Suriya və İsrail nümayəndələri — həmçinin Əhməd əş-Şara — arasında keçirilən görüşün nəticəsiz başa çatdığını, israillilərin ağır şərtlər irəli sürdüyünü, Suriyanın Colan təpələrinə olan iddianı geri götürməyi tələb etdiyini bildirmişdi.

Belə görünür ki, Əhməd əş-Şara hökuməti İsrailin druz kartından Dəməşqə təzyiq üçün istifadə edəcəyi və druzların İsrailin dəstəyi ilə muxtariyyət əldə etməsi riskini nəzərə alaraq qabaqlayıcı addım ataraq druz vilayətini nəzarətə götürməyə qərar verib. Bu həm də bir mənada Suriya hakimiyyətinin İsrailin şərtləri ilə razılaşmaq istəmədiyini göstərir.

Çünki Suveyda gərginliyinin ardınca Dəməşqin dərhal əlavə qüvvə göndərərək vilayəti və mərkəzi şəhəri nəzarətə götürməsi bu əməliyyatın daha əvvəldən planlandığını göstərir. Başqa sözlə, əş-Şara İsrailin ona qarşı “kozırlarından” birini sıradan çıxarmağa çalışır.

Ancaq Suveydada gərginliyin nə qədər davam edəcəyi hələ məlum deyil, mümkündür ki, toqquşmalar yenidən alovlansın. Çünki Dəməşqə qarşı radikal xəttə olan druz dini lideri Hikmət əl-Hicri Suriya qüvvələrinə müqavimət çağırışı edib. Son xəbərlərdə isə Suriya ordusunun druzları kütləvi şəkildə həbs etdiyi qeyd olunur. Bu isə gərginliyin davam edəcəyini göstərir.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR