Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə AZAL təyyarə qəzası mövzusundan başlayıb. O, hadisənin Rusiyanın hava məkanında baş verdiyini xatırladaraq, Azərbaycan Prezidentindən bir daha üzr istəyib.
Musavat.com-un TASS-a istinadən verdiyi məlumata görə Putin bildirib ki, Rusiya həmin gün öz sərhədini keçən üç Ukrayna pilotsuz uçuş aparatını (dronu) izləyirdi.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemi həmin dronları vurmaq üçün iki raket buraxıb, lakin bu raketlər AZAL təyyarəsini birbaşa vurmayıb, yalnız bir neçə metr məsafədə partlayıb.
Rusiya Prezidenti əlavə edib ki, AZAL təyyarəsinin ekipajına Mahaçkalada təcili eniş təklif olunub, lakin pilotlar öz bazalarına – Bakıya qayıtmaq qərarına gəliblər.
Putin bir daha həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və vurğulayıb ki, Rusiya bu faciənin səbəblərinin araşdırılmasında Azərbaycanla tam əməkdaşlıq etməyə hazırdır.
Görüşün başlanğıcında Putin deyib:
“Bu dəhşətli hadisə bizim səmamızda baş verdi. Mən bundan səmimi şəkildə təəssüf hissi duyuram və Azərbaycan xalqına başsağlığı verirəm".
Musavat.com
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ