Onlayn ictimai-siyasi qəzet
Toncoin kriptovalyuta sahiblərinə Birləşmiş Ərəb Əmirliklərində 10 il yaşamaq üçün “qızıl viza” almaq imkan verən proqramla bağlı məlumat yalandır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, təkzib açıqlaması ilə BƏƏ Şəxsiyyət, Vətəndaşlıq, Gömrük və Liman Təhlükəsizliyi üzrə Federal İdarəsi çıxış edib.
İyulun 6-da TON Fondu elan edib ki, kriptovalyuta sahibləri üç il ərzində TON-a ən azı 100.000 ABŞ dolları sərmayə qoymaq və 35.000 ABŞ dolları məbləğində rüsum ödəməklə BƏƏ-də 10 illik yaşamaq icazəsi verən vizanı əldə edə bilərlər. Bu açıqlama fonunda Toncoin məzənnəsi iyulun 6-da günortadan sonra 12 faiz artaraq 3 dolları keçib. Sonradan 2,9 dollara düşsə də, müsbət artım dinamikasını qoruyub.
BƏƏ Qiymətli Kağızlar və Virtual Aktivlərin Tənzimlənməsi Təşkilatı kriptovalyuta investorlarının "qızıl rezident" statusuna layiq ola biləcəyi ilə bağlı iddiaları da təkzib edib. BƏƏ-nin tənzimləyici orqanlarının açıqlamalarına əsasən, daşınmaz əmlak investorları, sahibkarlar, tədqiqatçılar, yüksək ixtisaslı mütəxəssislər, humanitar layihələrin iştirakçıları, eləcə də xüsusilə seçilən universitet tələbələri “qızıl viza” ala bilərlər. Kriptovalyuta investorları "qızıl viza" üçün uyğun deyil.
Virtual Aktivlərin Tənzimlənməsi Təşkilatı qeyd edib ki, müvafiq xidmətlər təklif edən bütün şirkətlər xüsusi lisenziya almalıdırlar. Agentliyin açıqlamasında qeyd olunur ki, TON blokçeyn platformasının idarəetmə lisenziyası yoxdur. Bununla əlaqədar tənzimləyici investorlara yalnız akkreditə olunmuş şirkətlərlə əlaqə saxlamağı və məlumat əldə etmək üçün rəsmi kanallardan istifadə etməyi tövsiyə edib.
Musavat.com
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ