İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putinə ağır tarixi zərbə hazırlayır: ABŞ Rusiyanı "siyasi kollaps" durumuna salır

Ağ Evin Kremlə təklif etdiyi üçtərəfli müzakirə formatı işğalçı Rusiyaya qarşı olduqca təhlükəli geopolitik balans oyunudur... Çünki Ukraynanın iştirakı üçtərəfli müzakirələrdə beynəlxalq hüquq normalarının ön plana keçirilməsinə münbit şərait yaradacaq...

Ukrayna savaşının dayandırılması üzrə diplomatik nizamlanma variantlarının axtarışı davam edir. Bu məqsədlə gündəmə gətirilən son variant olan ABŞ-Ukrayna-Rusiya üçtərəfli danışıqlar formatı yeni bir mərhələnin başlanğıcı ola bilər. Tramp administrasiyasının təşəbbüsü kimi təqdim olunan bu format, əvvəlki uğursuz sülh təşəbbüsləri fonunda həm regional, həm də qlobal maraqlar baxımından, diqqət çəkir. Və bu formatın reallıqda hansı məqsədlərə xidmət etdiyi, onun tərəflərin, xüsusilə də Rusiyanın maraqlarına necə təsir edəcəyi hələlik kifayət qədər ciddi suallar doğurur.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının dayandırılması üzrə prosesin ilk mərhələsində ABŞ və Rusiya arasında aparılan ikitərəfli danışıqlar uğursuzluqla nəticələndi. Ukraynanın bu müzakirələrdən kənarda saxlanılması rəsmi Kiyevə qarşı diplomatik zərbə, Rusiya üçün isə öz mövqeyini leqitimləşdirmə imkanı yaratmışdı. Sonrakı mərhələdə Kremlin sona çatmayan "kaprizləri" ucbatından uğursuzla barışmaq istəməyən ABŞ vasitəçilikdən imtina etdi. Ardınca Türkiyənin təşəbbüsü ilə İstanbulda Ukrayna-Rusiya ikitərəfli görüşləri keçirildi. Və yenə də Rusiyanın aqressiv mövqeyi ucbatından bu iki görüş də pozitiv nəticə doğurmadı.

_methode_times_prod_web_bin_de2ccc15-d196-4610-a901-6c8ebd0303f6.jpg (24 KB) 

Maraqlıdır ki, Tramp administrasiyası özündən əvvəlki ABŞ hakimiyyətindən daha fərqli xarici siyasət yanaşması ilə diqqəti çəkir. Prezident Donald Trampın siyasi məntiqinin əsas təməlində “sövdələşmə yolu ilə sabitlik” prinsipi dayanır. Ona görə də, indi Ağ Evin artıq üçtərəfli müzakirə formatına keçid təklifi bəzi önəmli amillərlə bağlı ola bilər.

Birinci təməl faktor ABŞ-ın müzakirələrin beynəlxalq legitimliyini artırmaq istəyindən qaynaqlanır. Çünki Ukraynanın müzakirə masasında olması veriləcək qərarların qəbuluna daha çox hüquqi və siyasi legitimlik qatmlş olacaq. İkinci faktor ABŞ-ın qlobal vasitəçi rolunu yenidən bərpa etmək, indiki passivliyi geridə qoyaraq, prosesə yenidən liderlik etmək niyyəti ilə bağlıdır. Digər tərəfdən, prezident Donald Trampın sülhə nail olan dövlət lideri kimi göstərmək üçün bu format əlverişli platforma hesab olunur.

Nəhayət, Ağ Evin Rusiyaya sərfəli mövqedən çıxış etdiyi və artıq iflasa uğrayan sülh prosesi Qərb düşərgəsində ciddi ziddiyyətlərə yol açmışdı. İndi üçtərəfli formatda Ukraynanın da masa arxasına keçməsi ilə bir tərəfdən NATO daxilində parçalanma təhlükəsinin qarşısı alına bilər, digər tərəfdən isə Ağ Evin ənənəvi Avropa müttəfiqlərinə Tramp adminstrasiyasının hələ də prosesə liderlik etdiyini göstərmək mümkündür.

f1cc4a1277a00ab1dedfdb0bdcbdd15b.jpg (56 KB) 

Ancaq Ağ Evin təklif etdiyi üçtərəfli müzakirə formatı Rusiyanın maraqları baxımından, kifayət qədər ziddiyyətli xarakter daşıyır. Çünki bu format üzrə Kremli perspektivdə həm yeni manevr imkanları, həm Rusiyanın neoimperialist hədəfləri baxımından, kifayət qədər ciddi geopolitik risklər gözləyir. Kreml üçün əsas pozitiv məqamlardan biri Rusiya yenidən ABŞ kimi qlobal nəhənglə eyni masa arxasına keçmək şansı qazana bilər. Və eyni zamanda, Kremlin bu masada Ukraynanı ABŞ və Qərbdən ciddi şəkildə asılı olan tərəf kimi göstərmək imkanı da istisna deyil.

Ancaq üçtərəfli müzakirə formatının Rusiya üçün kifayət qədər ciddi siyasi-ideoloji və hətta praktiki riskləri də mövcuddur. Belə ki, Kreml Ukrayna dövlətçiliyini şübhə altına aldığı halda, bu ölkəni Rusiya ilə bərabərhüquqlu tərəf kimi qəbul etmək məcburiyyətində qalacaq. Digər tərəfdən, Kreml ABŞ-ın moderator olduğu müzakirə masasında Ukraynanın sülh şərtlərini də ciddiyə almalı olacaq. Və ən əsası isə ABŞ-ın yönləndirdiyi danışıqlarda Kreml artıq sülh şərtlərini diqtə edən deyil, məhz Rusiyanın kobud şəkildə pozduğu beynəlxalq hüquq normalarına uyğun tələblərə reaksiya verən tərəf durumuna da düşəcək.

Göründüyü kimi, ABŞ-Ukrayna-Rusiya üçtərəfli müzakirə formatı Ukrayna böhranının həllində yeni mərhələyə keçid imkanları aça bilər. Ancaq bu formatın uğuru yalnız danışıqların forması ilə deyil, həm də tərəflərin real siyasi iradəsi, kompromisə hazırlığı və geosiyasi maraqlar arasında tarazlıq yaratmaq bacarığı ilə bağlı olacaq. Və bu baxımdan, Rusiya yenə də pozucu tərəf olma potensialı ilə diqqəti çəkir.

efbb60f3a22821f018f777f0a932b50d.jpg (118 KB) 

Belə anlaşılır ki, Ağ Evin təklif etdiyi üçtərəfli format daha çox olduqca təhlükəli balans oyunudur. Bu oyunun real nəticəsi isə yalnız müzakirə masasının tərkibindən deyil, həm də iştirakçıların arxasında duran qlobal güc mərkəzləri arasındakı mövcud münasibətlərdən və daxili siyasi motivlərdən asılı olacaq. Bu baxımdan, hesab etmək olar ki, Tramp adminstrasiyası yalnız ilk baxışdan sülh təşəbbüsü ilə çıxış edir. Əslində isə bu, Rusiyaya qarşı yaxşı düşünülmüş yeni "qaranlıq tunel"in yalnız giriş qapısıdır.

Böyük ehtimalla Kreml üçtərəfli format təklifindən mümkün qədər yayınmağa çalışacaq. Çünki Kreml bu format üzrə müzakirələrə hətta məcburiyyət qarşısında razılaşarsa, onda Ukraynanın iştirakı beynəlxalq hüquq normalarının ön plana keçirilməsinə münbit şərait yaradacaq. Bu isə işğalçı Rusiya üçün beynəlxalq məkanda "siyasi-hüquqi kollapsa" salınmaq təhlükəsi vəd edir. Və bu baxımdan, Tramp adminstrasiyasının üçtərəfli format təklifi ilə neoimperialist Rusiya üçün sarsıdıcı zərbə hazırladığını ehtimal etmək mümkündür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR