Onlayn ictimai-siyasi qəzet
Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ administrasiyasını Azərbaycan tərəfindən “insan hüquqlarının pozulmasının dayandırılması, o cümlədən "Qlobal Maqnitski" sanksiyalarının həyata keçirilməsi, erməni hərbi cinayətkarların və hərbi əsirlərin azad edilməsini" təmin etmək üçün təcili addımlar atmağa çağırıb.
ANCA həyasızcasına iddia edib ki, İrəvan və Bakının imzaladıqları və Vaşinqtonun dəstəklədiyi sənədlər Azərbaycanın “Artsaxdakı soyqırımı hərəkətlərini” legitimləşdirir. Təşkilat iddia edib ki, imzalanmış sənəd erməni xalqının əsas prioritetlərini əhatə etməyəcək: “Əsas prioritetlər "artsax" ermənilərinin öz evlərinə qayıtmaq hüququ, “əsir və girovlar”ın azad edilməsi, xristian müqəddəs yerlərinin beynəlxalq mühafizəsidir".
Bəyanatda yer alan digər bir yanlış iddia isə Azərbaycan Ordusunun guya Ermənistanın “suveren ərazisində” mövcudluğudur. Yeri gəlmişkən, qeyd edək ki, bu məsələ Ermənistandakı radikal revanşist kəsim tərəfindən də tez-tez qaldırılır. Onlar iddia edirlər ki, Azərbaycan Ermənistanın 1 faiz ərazisini zəbt edib. Halbuki radikalların və onlara züy tutanların Azərbaycanı işğalda ittiham etmələri heç bir əndazəyə sığmır və prosesləri tormozlamağa xidmət edir.
ANCA ABŞ Konqresinə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalardakı “əsas qüsurları əks etdirən” memorandum təqdim edib. ANCA həmçinin ictimai təzyiqi ABŞ hakimiyyət orqanlarına yönəltmək üçün ictimaiyyətə yardım səyləri həyata keçirir. ABŞ-də ən böyük erməni təşkilatının bu çağırışları ondan xəbər verir ki, Tramp hakimiyyətinə qarşı kampaniya başladılıb. Əldə olunan razılaşmalar və Trampın qərarları erməni lobbisini özündən çıxarıb.
Bu təşkilat 1941-ci ildən ANCA adlanmağa başlayıb, ona qədər Ermənistanın Müstəqilliyi Naminə Amerika Komitəsi idi.
Komitə Birləşmiş Ştatlarda erməni xalqının əsas nümayəndəsidir, onun milli maraqlarının keşiyində dayanır, onu yerli, regional və federal səviyyədə təmsil edir. Ancaq qurum bu istiqamətdə fəaliyyət göstərməkdən daha çox Azərbaycan və Türkiyəyə qarşı mübarizə aparmağı əsas qayəsinə çevirib. Komitə bu məqsədi həyata keçirmək üçün ələ düşən bütün fürsətlərdən yararlanmağı qarşısına vəzifə qoyub. ABŞ-nin böyük və təsirli siyasi təşkilatlarından biri kimi ölkənin vergi ödəyicilərinin vəsaiti hesabına fəaliyyət göstərən ANCA-nın fəaliyyəti nəinki ABŞ-nin Cənubi Qafqazla bağlı maraqlarına, ümumilikdə xarici siyasətinə də ciddi zərər vurur. ANCA-nın Konqresdə bu qədər geniş təsir imkanlarına rəğmən, Ermənistan Cənubi Qafqazda Amerikanın bir saylı düşmən bildiyi İranın müttəfiqidir.
ANCA-nın lobbiçiliyi regionda siyasi sabitliyə və təhlükəsizliyə təhdid yaradır, ABŞ üçün bu qədər strateji bir regionda onun özünün ziyanına işləyir. Həmçinin regionda ABŞ-nin əsas strateji tərəfdaşı olan Azərbaycana qarşı mənfi fəaliyyət göstərir. ANCA-nın terrorçu təşkilat kimi tanınması, fəaliyyətinə məhdudiyyət qoyulması ilə bağlı çağırış edilsə də faydası olmayıb.
ANCA-nın, Amerikadakı ermənilərin Azərbaycana qarşı təbliğatına, fəaliyyətinə necə cavab verməliyik? Bu təbliğatın puça çıxması üçün nələr etməliyik?
Fərəc Quliyev
Milli Diçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat” bildirdi ki, haqlı tərəf olduğumuza arxayın olub prosesləri tamamilə öz axarına buraxa bilmərik: “ABŞ dünyanın ən güclü dövlətidir və bu gün orada ermənilərin Azərbaycana qarşı apardığı iş, Ermənistanla sülhə qarşı fəaliyyətləri bizim də orada fəallaşmamızı zəruri edir. Bir neçə məsələni mütləq həyata keçirmək lazımdır. Əvvəla, ABŞ-yə bir daha xatırlatmaq lazımdır ki, biz Azərbaycan tərəfi bu gün sizin vasitənizlə Ermənistanla sülh sazişi layihəsini parafladıq, yəni bu o deməkdir ki, 30 il bizimlə döyüşən Ermənistan dövləti idi. Ermənistanın on minlərlə əsgərinin Azərbaycana qarşı müharibədə iştirak etməsi, minlərlə əsgərinin Azərbaycan ərazisində döyüşlərdə ölməsi da bunun sübutudur. Bütün bunlar sübut edir ki, Azərbaycan öz daxilindəki erməni etnik azlığı ilə müharibə aparmayıb. İkincisi, Ermənistandan fərqli olaraq Azərbaycan monoetnik dövlət deyil. Bu faktı da ABŞ administrasiyası və cəmiyyətinə çatdırmalıyıq”.
F.Quliyev dedi ki, guya Qarabağda erməni irsi və abidələrinin dağıdılması ilə bağlı ANCA-nın və digər erməni qruplarının uydurduqları cəfəngiyyatlara da son qoymaq üçün Azərbaycanda xeyli sayda etnosların qardaş kimi yaşamasını, onların Azərbaycanın bütün sahələrində birgə fəaliyyət göstərdiyini sübutlarla göstərmək lazımdır. Üçüncüsü, Azərbaycan dövlətinin və Ermənistan dövlətinin hansı mövqedə olduqları bir daha Amerika hakimiyyətinin nəzərinə çatdırılmalıdır: “Bu nədən ibarətdir? Azərbaycan ərazisində Vladimir Putinin özünün etiraf elədiyi kimi, müharibə zamanı Ermənistana min tonlarla silah-sursat verdi. Başqa bir tədbirdə Putin dedi ki, biz müharibədə Ermənistana bütün yardımları edirdik və Azərbaycan ərazilərinin Ermənistanın nəzarətində qalmasını təmin etmək istəyirdik, lakin Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Yəni bu təcavüzün arxasında Rusiyanın dayandığını və əsl məsuliyyətin Rusiyanın üzərində olduğunu qabartmalıyıq. Biz ABŞ-la apardığımız fəaliyyətdə Azərbaycan-İran münasibətlərini, Ermənistan-İran münasibətlərini gündəmə gətirməliyik. Yeni dünya düzənində Azərbaycanın iştirakçı olduğunu nəzərə çatdırmaq, İranın bu prosesə təzyiqlər etməsini, Azərbaycana qarşı olduğunu, Ermənistanla isə isti münasibətlərdə olduğunu göstərmək gərəkdir. Bu, həm də İsrailin, dünyanın hər yerində olan yəhudi lobbisinin Azərbaycana dəstək verməsini təmin edəcək”.
Həmsöhbtətimizin fikrincə, Azərbaycan ANCA-nın antitəbliğatını puça çıxarmaq üçün həmçinin Amerikada olan yəhudi icmaları ilə də danışıqlar aparmalıdır ki, onlar bu məsələlərlə bağlı Konqresdə və Senatda olan güclərini işə salsınlar: “Bütün imkanlarımızla Amerika ictimaiyyətini, Donald Trampın administrasiyasını rəsmi, yazılı, sübutlu formada məlumatlandırmalıyıq, reallığın nə olduğunu göstərməliyik. Əgər biz ciddi şəkildə çalışsaq, nə ANCA-nın, nə də başqa erməni təşkilatlarının bizə qarşı fəaliyyətlərinin nəticə verməyəcəyinə əminəm”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ