İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Ukrayna və Putinlə bağlı mövqeyində kəskin dönüş

Nyu-Yorkda prezident Volodimir Zelenski ilə görüşdən sonra ABŞ lideri Donald Tramp bəyan edib ki, Avropa və NATO-nun dəstəyi ilə Ukrayna öz ərazilərini əvvəlki sərhədlərinə qaytara bilər. O, “Truth Social”da Rusiyanı “kağız pələng” adlandırıb.

Musavat.com xəbər verir ki, bu çıxış Qərb mediasında geniş rezonans doğurub.

“The New York Times” yazır ki, Tramp ilk dəfə açıq şəkildə Rusiyanı “zəif tərəf” adlandırıb. Halbuki bir ay öncə Alyaskada Putinlə görüşdən sonra Zelenskiyə “sülh naminə ərazilərin bir hissəsindən imtina etməyi” məsləhət görmüşdü. İndi isə əks mövqedə dayanaraq Ukraynanın tam qələbəsinə inandığını deyir.

“Sky News” Trampın dönüşünü 3 amillə izah edir:

Hərbi-iqtisadi reallıq – Rusiya ağır itkilər verir, NATO ölkələrinin Kiyevə yardımı isə artır.

Müttəfiqlərin təzyiqi – Avropa liderləri Vaşinqtona gələrək Trampı Putinə qarşı sərt mövqe tutmağa inandırıblar.

Daxili siyasi hesab – daha sərt müdafiə mövqeyi respublikaçılar və milli imici önəmli sayan orta seçicilər arasında dəstəyini artırır.

“Axios”a görə, Trampın yeni bəyanatları Respublikaçılar Partiyasındakı “şahinləri” ruhlandırıb. Senatorlar Tom Kotton, Lindsi Qrem və Rocer Uiker çıxışını alqışlayaraq “Ukraynanın qələbəsinin real olduğunu” bildiriblər. Konqresdə Rusiyaya qarşı yeni sanksiyalar paketi və Rusiya neftini alanlara 500%-lik tariflərin müzakirəsi gündəmdədir.

CNN eyd edir ki, Tramp NATO-nun hava məkanını pozan Rusiya təyyarələrinin vurulmasını dəstəkləyib, amma ABŞ-ın birbaşa iştirakını “şərtlərdən asılı” adlandırıb.

“Avropa üçün bu, Trampın hələlik müharibədən çəkilmədiyi siqnalıdır, amma o, istənilən anda kursunu dəyişə bilər”.

“Financial Times”ın xəbərinə görə, Tramp Putinə yeni ultimatum verib: ya atəşkəsə razılaşmaq, ya da nəticələrə qatlaşmaq. Lakin dərhal sanksiyalardan imtina etməsi onun mövqeyində ikili yanaşmanı göstərir. Avropa NATO hava məkanının pozulmasına qarşı daha hazırlıqlı görünür, Tramp isə ABŞ iştirakının “şərtlərdən asılı” olduğunu vurğulayıb.

Kremlin reaksiyası - Dmitri Peskov Trampın “kağız pələng” ifadəsinə istehzalı cavab verib:

“Rusiya pələng deyil, ayıdır. Kağızdan ayı olmur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR