İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk soylu əcnəbilərin “yabancı” statusuna SON! Türkiyədə TARİXİ DƏYİŞİKLİK

Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsilli əcnəbilərin ölkədəki hüquqi statusunu və imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən yeni qərar imzalayıb.

Musavat.com xəbər verir ki, “Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilmələri, dövlət və ya özəl müəssisələrdə çalışdırılmaları haqqında qanunun tətbiqi ilə bağlı Nizamnaməyə dəyişiklik edilməsi” barədə qərar 10 oktyabr 2025-ci il tarixli “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib.

Yeni qərar türk soylu icmalardan olan şəxslərin Türkiyədə daha geniş hüquqlara malik olmasını nəzərdə tutur. Hər hansı bir şəxsin və ya icmanın “türk soylu” hesab olunması bundan sonra birbaşa prezident qərarı ilə müəyyən ediləcək. Qərara əsasən, türk soylu şəxslər bir sıra şərtlərə əməl etməklə Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər.

Dəyişikliklərdən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Qaqauz, Krım kimi türk soylu icmalardan olan şəxslər Türkiyədə “əcnəbi” kimi deyil, öz vətənlərindəki kimi yaşamaq və işləmək imkanına sahib olacaqlar.

RAUF.jpg (269 KB)

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu məsələ ilə bağlı Musavat.com-a fikirlərini belə bildirib:

“Türkiyə prezidenti Ərdoğanın imzaladığı bu qərar hər bir türkün ürəyincədir və illərlə gözlədiyimiz bir qərardır. Türk olduğumuzun verə biləcəyi üstünlük türk arealının hər bir nöqtəsində hiss olunmalıdır, xüsusilə bizim üçün istinad nöqtəsi sayılan Türkiyəmizdə. İndiyə qədər Türkiyədə dövlətin yaratdığı imkanlardan ərəblər faydalanırdı, biz isə üzümüzə deyilən “yabancı” kəlməsi ilə kənara itələnirdik. Mən də dəfələrlə belə hallarla üzləşmişəm. Halbuki, Türkiyədə özümü yabancı saymıram, çünki mən türkəm. Nəhayət, bu addım atıldı. Eyni addımı Azərbaycan da Türkiyə və digər türk dövlətləri və icmaları üçün atmalıdır. Biz “Türk şengeni”ndə, yəni vahid türk məkanında özümüzü evimizdəki kimi hiss etməliyik. Təhsil, səhiyyə, əmlak, turizm, biznes və digər bütün imkanlardan vətəndaş kimi faydalanmalıyıq. Türk olmaq Allahın bizə verdiyi böyük bir üstünlükdür. Hökumətlərin də bu üstünlüyə hüquqi məkan yaratması çox mühümdür.

Cənab Ərdoğanı bu qərarına görə bir türk kimi təbrik edir və təşəkkür edirəm. Bu qərar türk dünyasının hüquqi və mədəni birliyində tarixi dönüş nöqtəsi sayılır. Artıq Türkiyə türk soylu xalqlara yalnız qardaşlıq deyil, bərabər hüquq və imkanlar səviyyəsində yaxınlıq təqdim edir”.

TENZİL.jpg (272 KB)

Azərbaycan Milli Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tənzilə Rüstəmxanlı da mövzunu Musavat.com üçün şərh edib:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın türk əsilli əcnəbilərin ölkədəki hüquqi statusu ilə bağlı qərarı möhtəşəm və alqışlanası bir qərardır. Qazi Mustafa Kamal 100 il öncə Türkiyənin bütün türk ölkələri üçün güvənc və ümid yeri olduğunu demişdi. Sovetlər birliyi dağıldıqdan sonra ilk illərdə daxili və xarici təzyiqlər Türkiyənin bu missiyanı tam gücü ilə aparmasına imkan vermirdi. Bu gün isə bütövlükdə qlobal arenanın ən mühüm fiqurlarından biri olan, öz sözünü və marağını diktə edən bir Türkiyə var. “Bir millət, iki dövlət” şüarı ilə yola çıxan Türkiyə-Azərbaycan birliyi Türk Dövlətləri Təşkilatı kimi bir güc mərkəzinə qədər yüksəlib. Bu gün Türk cümhuriyyətlərinin vahid təhlükəsizlik, ortaq iqtisadi-maliyyə sistemində birləşməsi əsas mövzulardandır. “Türk şengeni” müzakirələri gedir. Cənab Ərdoğanın bu qərarı böyük bir yolun başlanğıcı sayıla bilər.

İnanıram ki, digər qardaş cümhuriyyətlər də bu qərara qoşulacaq və dünya Türk birliyinin yeni mərhələsinin şahidi olacaq!”

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR