İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağ Qardaşlıq” - ən sirli təriqətin rəhbərləri üzvlərinin hər şeyini alıb

1990-cı illərdə keçmiş SSRİ ərazisində onlarla dini cərəyan yaranıb. İnsanlar dəyişiklik dövründə yeni məna axtarıblar və xarizmatik liderlər bundan istifadə ediblər. Ən bədnamlardan biri öz ardıcıllarına dünyanın sonu və qurtuluşu vəd edən “Ağ Qardaşlıq” təriqəti olub. Onun tarixi mübahisəli olaraq qalıb və adı 1990-cı illərin dini fanatizminin simvoluna çevrilib.

Hər şey necə başlayıb?

Böyük “Ağ Qardaşlıq” “YUSMALOS” 1990-cı ildə Kiyevdə yaradılıb. Onun yaradıcıları evli cütlük Yuri Krivonoqov və Marina Sviqun olub. Sonuncu tez bir zamanda aparıcı rol oynayıb, özünü “yer üzündə yaşayan tanrı” elan edib və yeni bir ad götürüb - Məryəm Devi İsa Məsih.

qard-3.jpeg (53 KB)


“YUSMALOS” –ın açması “ İsa Məsih Məryəm Logos Sofiya” olub. Əslində bu, xristian, okkultizm və ezoterik ideyaların sintezi olub. “Ağ Qardaşlığ”ın xütbələri dünyanın sonu və yeni dövrün gəlişi haqqında Bibliya təsvirləri və fantaziyaların qarışığına bənzəyib. Təriqətin əsas təlimi yaxınlaşan apokalipsis ideyası ətrafında fırlanıb. Məryəm Devi İsa Məsih dünyanın sonunun 1990-cı illərin ortalarında olacağını və yalnız onun ardıcıllarının xilas olacağını iddia edib.

Təriqət üzvlərindən “köhnə dünya”dan - ailədən, əmlakdan və ənənəvi həyat tərzindən imtina etmələri tələb olunub. Təriqətçilər kommunalarda yaşayıb, pul və əmlaklarını rəhbərlərinə təhvil verib, “yeni kosmosa keçid”ə hazırlaşıblar. Xarakterik xüsusiyyət, möminlərin yüksək səsli musiqi və Məryəmin moizələri arasında vəcd vəziyyətinə düşdüyü kütləvi toplantılar və mərasimlər olub. Bütün bunlar dini tamaşa təsiri bağışlasa da, minlərlə insan üçün reallığa çevrilib.

Cəmiyyətlə qarşıdurmadan həbsə gedən yol

qard-2.jpeg (310 KB)

Hakimiyyət və kilsə tez bir zamanda diqqətlərini “Ağ Qardaşlığ”ın fəaliyyətinə yönəldib. Tənqidçilər bu təriqətin ailələri məhv etdiyinə və insanları qarət etdiyinə diqqət çəkib. Hərəkatın gəncləri fəal şəkildə işə cəlb etməsi, onlara “seçilmişlik” və bəşəriyyətin xilaskarı rolunu vəd etməsi də ictimaiyyəti təşvişə salıb. Kulminasiya nöqtəsi 1993-cü il noyabrın 10-da “Ağ Qardaşlar”ın davamçılarının “dünyanın sonu ritualını” yerinə yetirmək üçün Kiyevdəki Müqəddəs Sofiya kilsəsini ələ keçirməyə cəhd edəndə çatıb. Aksiya milis tərəfindən dayandırılıb, liderlər həbs edilib, təriqətin fəaliyyətinə qadağa qoyulub.

1996-cı ildə Məryəm Devi İsa Məsih və Yuri Krivonoqov mühakimə olunub. Onlar dələduzluqda və asayişi pozmaqda təqsirli biliniblər. Sviqun 4 il həbs cəzası alıb, lakin 1997-ci ildə amnistiya ilə azadlığa çıxıb. Belə görünür ki, bu, “Ağ Qardaşlığ”ın sonu olmalı idi. Lakin hərəkət tamamilə yox olmayıb. Qadağaya baxmayaraq, Marina Sviqun azadlığa çıxdıqdan sonra da bəzi tərəfdarlar ona inanmağa davam ediblər.

qard-4.jpeg (193 KB)

Həbsxanadan sonra Sviqun adını dəyişərək Viktoriya Preobralenskayaya çevrilib və yeni bir missiya elan edib: o, indi özünü rəssam, şair və mənəvi lider kimi tanıdıb. O, kitablar yazıb, rəsm əsərləri çəkib və “kosmos dövrü” ideyalarını təbliğinə davam edib. “Ağ Qardaşlıq” artıq əvvəlki təsirinə malik olmasa da, onun ardıcıllarını hələ də internetdə tapmaq olar. Onlar Məryəm Devi İsa Məsihinin mətnlərini paylaşır və kiçik görüşlər keçirirlər.

“Ağ Qardaşlıq” fenomenini 1990-cı illərin özəllikləri ilə izah etmək olar. SSRİ-nin dağılması ideologiya və gələcəyə inam böhranına səbəb olub. Bu fonda xarizmatik şəxsiyyətlər və apokaliptik peyğəmbərliklər asanlıqla rezonans doğurub. Bundan əlavə, dövrün populyar mədəniyyəti mistisizm, ezoterizm və dinlə tez-tez bir-birinə qarışıb. “Kosmosla təmaslar” haqqında televiziya proqramları, dünyanın sonu haqqında kitablar və astrologiya qeyri-adi təlimlərə inamı gücləndirib.

qard-1.jpeg (51 KB)

“Ağ Qardaşlar” postsovet dövründə dini fanatizmin ən parlaq nümunələrindən birinə çevrilib. Onun tarixi cəmiyyətin böhran və dəyişikliklər zamanı nə qədər həssas ola biləcəyini nümayiş etdirib. Bu gün o, real təhlükədən daha çox əfsanəyə bənzəyir. Lakin bu təriqətin geridə qoyduğu dərs aktual olaraq qalıb: xarizmatik lider və xilas vədi cəmiyyətdə mənəvi boşluq və çaşqınlıq yaşayanda minlərlə insanı ovsunlaya bilər.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR