Onlayn ictimai-siyasi qəzet
Çin tərəfindən tətbiq edilən liman ödənişlərindən ən çox zərəri neft tankerləri və konteyner gəmiləri çəkəcək.
Musavat.com xəbər verir ki, bu qənaətə Jefferies LLC analitikləri gəliblər.
Çin limanlarına daxil olan Amerika gəmiləri üçün xüsusi liman tarifi oktyabrın 14-dən qüvvəyə minəcək. Pekin bunu Tramp administrasiyasının Çin gəmilərindən ödəniş almaq qərarına cavab olaraq tətbiq edib.
Bir ton yük üçün ödəniş 400 yuan (56 dollar) təşkil edəcək. Çin Nəqliyyat Nazirliyi elan edib ki, 17 aprel 2026-cı ildə bir ton üçün ödəniş 640 yuana, 17 aprel 2027-ci ildə 880 yuana və 17 aprel 2028-ci ildə bir ton üçün 1120 yuana yüksələcək.
Jefferies-ə görə, Amerika tankerləri neft məhsulları daşıyan qlobal donanmanın 16 faizini və neft tankerlərinin 13 faizini təşkil edir. Ekspertlər qeyd edirlər ki, Amerika gəmilərinin payı "kifayət qədər yüksək" olduğuna görə, Çində liman tariflərinin tətbiqi "xüsusilə daşımaların miqyasını nəzərə alsaq, əhəmiyyətli pozuntulara səbəb olacaq".
Çin Nəqliyyat Nazirliyinin məlumatına görə, liman haqqı Amerika qurumlarına, şirkətlərinə və ya fiziki şəxslərinə məxsus gəmilərdən, eləcə də ABŞ bayrağı altında üzən gəmilərdən tutulacaq. Bu, ümumi həcmin 25 faizindən çoxu Amerika qurumlarına məxsus olduğu gəmilərə də şamil ediləcək.
Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verir ki, bəzi gəmi sahibləri tələsik əməliyyat risklərini nəzərdən keçirir və əvvəlcədən sifarişləri dayandırır. Pekin gəmi sahiblərinə yeni qaydalara uyğunlaşmaq üçün az vaxt verib.
Gəmi brokerlərinin fikrincə, Çində supertankerlər üçün ödəniş 6,2 milyon dollara çata bilər. Agentlik qeyd edir ki, dəmir filizi və kömür daşıyan Capesize tankeri üçün ödəniş 3,8 milyon dollar ola bilər.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ