İnsanlara hürriyət, millətlərə istiqlal!

AQEM ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsinin açılış tədbiri keçirilib

 

Oktyabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsinin açılış tədbiri onlayn formatda baş tutub.

Azərbaycanın AQEM sədrliyi çərçivəsində təşkil olunan tədbirdə üzv dövlətlərin turizm və iqtisadiyyat sahələrinə məsul dövlət qurumlarının nümayəndələri, həmçinin ictimai və özəl sektor təmsilçiləri iştirak ediblər.

Açılış nitqlərində Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev, Şri-Lanka Xarici İşlər Nazirliyinin Xaricdə Məşğulluq və Turizm üzrə İnkişaf direktoru W.M.A.S. Vikramasinghe və AQEM Katibliyinin baş katibinin müavini Fərid Dəmirli çıxış ediblər.

Çıxışlarda turizmin dayanıqlı inkişafında dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqi, regional əməkdaşlığın gücləndirilməsi və üzv dövlətlər arasında təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Tədbirin birinci sessiyası “Dairəvi İqtisadiyyat və Turizm – Dayanıqlı İnkişaf üçün Çərçivə” mövzusuna həsr olunub. Sessiyada BMT-nin Ümumdünya Turizm Təşkilatının Avropa üzrə regional direktoru Kordula Volmuther, W.M.A.S. Vikramasinghe və müstəqil ekspert, inkişaf iqtisadçısı Nicat Qarayev çıxış edərək dairəvi turizmin praktik tətbiqləri və region ölkələri üçün potensial imkanlarını müzakirə ediblər.

İkinci sessiya “Əsas çətinliklər və siyasət tədbirləri” mövzusunda davam edib. Sessiyada infrastruktur planlaması və resurs səmərəliliyi, yerli icmaların turizmdə iştirakının artırılması və dairəvi yanaşmaların praktik faydaları barədə təqdimatla çıxışlar edilib. Sessiya çərçivəsində keçirilən sual-cavab bölməsində dairəvi yaşıl turizmin inkişafında qarşıya çıxan əsas maneələr və imkanları müzakirə olunub.

Tədbirin yekun hissəsində açılış görüşünün AQEM üzv dövlətləri arasında dairəvi və yaşıl turizmin inkişafına dəstək, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma yaratdığı qeyd olunub.

Layihənin növbəti mərhələsində isə 2026-cı ildə Bakı şəhərində “AQEM ölkələrində Dairəvi Yaşıl Turizm” üzrə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Konfrans çərçivəsində layihənin nəticələri təqdim ediləcək, eləcə də gələcək əməkdaşlıq istiqamətləri və birgə təşəbbüslər müzakirə olunacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR