Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda daxili dövlət borcunun strukturunda ciddi dəyişiklik edilib.
Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, borc portfelinin strukturunda risklərin azaldılması, borc dayanıqlığının gücləndirilməsi və uzunmüddətli sabitliyin təmin edilməsi istiqamətində dəyişikliklər qeydə alınıb.
Belə ki, cari il ərzində dövlət istiqrazlarının dövriyyə müddəti artırılıb:
“Son illər investorların tələbatının əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi nəticəsində 2025-ci il 1 yanvar tarixinə dövriyyədə olan dövlət istiqrazları portfelinin 91,4 faizi 1–3 illik, 8,6 faizi isə 5–7 illik istiqrazlardan ibarət olub. Bu vəziyyət dövlət istiqrazları üzrə orta ödəmə müddəti (OÖM) göstəricisinin 1,47 ilə qədər azalmasına və ortamüddətli dövrdə dövlət istiqrazları üzrə əsas borc ödənişlərinin qısa müddətdə təmərküzləşməsi səbəbindən yenidən maliyyələşdirmə risklərinin artmasına gətirib çıxarıb.
Bu risklərin azaldılması məqsədilə həyata keçirilmiş tədbirlər çərçivəsində 1–3 illik dövlət istiqrazlarının bir qismi 7–10 illik dövlət istiqrazları ilə əvəzləşdirilib. Nəticədə, 2025-ci il 1 oktyabr tarixinə dövlət istiqrazları portfelində 1–3 illik dövlət istiqrazların payı 60,6 faizə endirilib, 5–10 illik dövlət istiqrazlarının payı isə 39,4 faizə yüksəlib”.
Nazirlik qeyd edir ki, bununla da Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın 2022–2025-ci illər üzrə yenilənmiş məqsədlərinə uyğun şəkildə cari ilin ilk 9 ayı ərzində dövlət istiqrazları üzrə orta ödəmə müddəti 2024-cü ilin sonuna nisbətən 2,4 dəfə artaraq 3,52 ilə çatdırılıb.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ