Onlayn ictimai-siyasi qəzet
Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə ABŞ-dadır. Səfər çərçivəsində o, dünyanın ən nüfuzlu yəhudi din xadimlərindən biri, ravvin Artur Şnayerlə də görüşüb. Görüş Nyu-Yorkdakı sinaqoq kompleksində baş tutub.
Mövzulardan biri Azərbaycan-Ermənistan barışıq prosesi, dini tolerantlıqla bağlı olub. QMİ sədri iki ölkə bu xüsusda rəhbərlərinin konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdiyini, erməni kilsəsi və erməni diasporunun isə bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat apardığını vurğulayıb.
Sitat: “Qəribədir, adətən siyasilər müharibəyə, münaqişələrə və qarşıdurmalara səbəb olurlar, din xadimləri isə sülhə çağırır. Hazırda gördüyümüz mənzərə isə tam tərsidir - siyasi rəhbərliklər sülhə doğru addımlar atır, erməni kilsəsi isə hələ də əlindən “Kalaşnikov”u yerə qoymaq istəmir”.
Məntiqli izah, dəqiq “diaqnoz”...
Məsələ ondadır ki, erməni cəmiyyətində hələ də “miatsum” mərəzinin, “Böyük Ermənistan” virusunun əsas daşıyıcısı, yaxud “yoluxma” mənbəyi məhz erməni kilsəsidir. Məhz kilsə, bu şeytan yuvası, özəlliklə də onun başında duran faşist və irqçi xislətli katolikoslar, II Qaregin axır 100-110 ildə erməni toplumunun başına gələn faciələrin əsas baiskarı, ideoloqudur. Osmanlı Türkiyəsindəki məlum hadisələrdə keşişlərin oynadığı mənfur roldan tutmuş, ta Qarabağ avantürasına qədər (İşğalçı tankların üzərindəki “xaç” simvollarını yada salın).
Bu gün Baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə sülhlə bağlı gündəliyinə, “real Ermənistan” layihəsinə, lap elə onun özünə və hakimiyyətinə ən böyük təhlükə də yenə radikal müxalifətdən çox, kilsədən gəlir. Heç təsadüfi deyil ki, az öncə ölkədə hakimiyyət çevrilişinə cəhdə görə saxlanılanların başında keşiş Baqrat Qalstanyan gedirdi...
Artıq dəfələrlə sübut olunub ki, erməni kilsəsi vaxtaşırı günahsız qanların tökülməsinə vəsilə olmadan öz varlığını saxlaya bilməz. Bu - Allahın fitrətinə tamamən zidd, insan qanına susamış son dərəcə qəddar və əxlaqsız bir təsisat, insanlıqdan kənar terrorçu qurum, dini çuxa altında gizlənmiş silahlı terrorçuların məskəni!
O səbəbə radikal-revanşistlərin hamısı, eləcə də erməni lobbisi kilsəni belə cani-dildən müdafiə edir. “Su axar, çuxurunu tapar”. Həmçinin hazırda həbsdə yatan rusiyalı oliqarx-milyarder, türmədə ikən yeni hərəkat yaradıb Paşinyana meydan oxuyan, kilsəni açıq müdafiə edən, Kremlin desant kimi Ermənistana yolladığı Samvel Karapetyan və başının dəstəsi.
Bu mənada Nikol Paşinyan erməni kilsəsinin timsalında olduqca güclü, maddi resursları böyük bir şər qüvvəsi ilə, güclü şəbəkə ilə amansız savaşdadır. Yəni keşişlərlə, katolikosla mübarizə əslində ən radikal və dağıdıcı müxalifətlə mübarizədir ki, var...
Parlament seçkiləri yaxınlaşdıqca bu savaş sözsüz ki, amansız xarakter alacaq. Söhbət həm də Rusiyanın bəlli səbəblərdən Nikol Paşinyanın rəqibləri sırasında yer almasından gedir. Təhlükəli həmçinin ondadır ki, qarşı tərəfin xüsusən də maliyyə problemi olmayacaq, gözlənilmir. Elə təkcə həbsdəki Karapetyanın varidatı kifayətdir. Əlbəttə ki, indiki hakimiyyətin siyasi səhnədən getməsi üçün imkanlı erməni lobbisi də pul-parasını əsirgəməyəcək. Daha bir səbəbə: bu, radikal-revanşistlərin son savaşıdır.
Odur ki, Paşinyan və komandasının bu davadan məğlub ayrılmağa haqqı yox. Məğlubiyyət ondan ötrü siyasi və hətta fiziki ölüm, yoxluq demək olacaq. Elə Ermənistan adında simvolik dövlət üçün də. Ümid edək ki, erməni toplumu başına gələnlərdən nəhayət, düzgün dərs alıb. Elədirsə, o, avantüristlərin hakimiyyətə qayıdışına bir daha izn verməməlidir – nə seçkilərlə, nə də qanunsuz yolla. Nikolun daxili terrorçularla mübarizəsində ən etibarlı müttəfiqi və son silahı da elə budur...
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ