Onlayn ictimai-siyasi qəzet
Xəzər rayonu, Türkan qəsəbəsində narazılıq böyüyür. Sakinlər qəsəbənin yaxınlığında yerləşən böyük zibil poliqonun yaranmasından narazıdırlar. Artıq uzun müddətdir ki, ətraf kənd və qəsəbələrdən tullantılar yük maşınları ilə gətirilərək bura boşaldılır. Bu isə Türkan sakinlərinin dözüm həddini aşır.
“Əgər biz küçədə zibil atsaq, bizi 300 manat cərimələyirlər. Bəs bu tonlarla zibili Türkana gətirib atanlara kim nəzarət edir?” – qəsəbə sakinləri hiddətlə soruşur.
Hər gün minlərlə ton məişət tullantısının qəsəbə ərazisinə daşınması həm ekologiyanı, həm də insanların sağlamlığını ciddi təhlükə altına qoyur. Türkan sakinləri bildirir ki, yayılan üfunət, zərərli qazlar və artan həşərat populyasiyası həyatı dözülməz edib.
Sakinlər Ekologiya Nazirliyinə şikayət ünvanladıqlarını deyirlər. Bildirirlər ki, qanunla müəyyən edilmiş qaydalara görə, tullantıların daşınması və yerləşdirilməsi ciddi normativlərlə tənzimlənməlidir. Əgər adi vətəndaş küçədə zibil atdığına görə 300 manat cərimə edilirsə, tonlarla tullantını Türkan kimi yaşayış məntəqəsinin yanına daşıyanlara qarşı hansı tədbirlər görülür?
Türkan camaatı sual edir: “Bura zibillik deyil, yaşayış yeridir. Niyə bizim sağlamlığımız qurban verilməlidir?!”
Problemin hüquqi tərəfi “İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, tullantıların düzgün atılmaması və ətraf mühitə ziyan vurulmasına görə fiziki şəxslərdən tutmuş hüquqi şəxslərə qədər hər kəs məsuliyyət daşıyır. Amma göründüyü kimi, bu məsuliyyət yalnız sıravi vətəndaşa tətbiq edilir. Niyə dövlət qurumları və icra strukturları eyni məsuliyyəti daşıyan subyektlərə qarşı susur?” – hüquqşünaslar belə deyir.
Türkan sakinləri məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlərinə cavab gözləyirlər. Zərurət yaranarsa, aksiyalar keçirəcəklərini bildirirlər.
Həqiqətən də sual açıq qalır: Türkan niyə zibilliyə çevrilməlidir? Ətraf mühitin qorunması ilə məşğul olan qurumlar nə vaxt reaksiya verəcək?
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ