Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə tədbir keçirilib.
Musavat.com-un məlumatına görə, səfirliyin Nuri paşa zalında təşkil olunan tədbirdə Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer, Azərbaycanın millət vəkilləri, hökumət nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak edib.
Qazi Mustafa Kamal Atatürkün və bütün şəhidlərin xatirəsi sayğı duruşu ilə anıldıqdan sonra Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı oxunub.
Anım tədbirində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib ki, 15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi.
Səfir 15 iyul çevrilişə cəhd vaxtı Azərbaycan Prezidenti İlham Əliyevin dəstək zəngini xatırladıb:
“Xain çevrilişə cəhd zamanı Prezident İlham Əliyev sözləri ilə can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq. Gələcək nəsillərə bu böyük mübarizəni ötürməyimiz çox mühümdür. 15 iyul qəhrəmanları canları bahasına Türk millətinin birlik və bərabərliyindən nə olursa-olsun vaz keçməyəcəyini ən sağlam şəkildə bir daha ortaya qoydu. Əzəldən hür yaşayan millətin nümayəndələri kimi, sahib olduğumuz dəyərlərə bağlı olduğumuzu bütün dünyaya göstərdik”.
Onun sözlərinə görə, bu xain hücumun dəf edilməsində ən böyük pay dövləti və milləti üçün canını qurban verməyə hazır olan Türkiyə xalqıdır:
“Zəfərin adı Türkiyədir. Can Azərbaycanın güclü dəstəyini də xatırlatmaq istəyirəm".
Səfir onu da qeyd edib ki, 9 il ərzində Türkiyə FETÖ ilə mübarizə aparıb:
“Bu terror təşkilatı tamamilə məhv edilənədək mübarizəyə davam edəcəyik".
“15 iyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində xarici işlər nazirinin müavini Samir Şərifov bildirib ki, Azərbaycan və Türkiyə daim bir-birlərinin yanındadır, bu, bundan sonra da belə olacaq.
Diplomat qeyd edib ki, müasir Azərbaycan-Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf edir:
“Bu gün müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsi üçün 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi zəmin yaradıb. Təkcə cari ilin 6-7 ayına nəzər alsaq, deyə bilərik ki, 2025-ci il iki ölkə arasında əlaqələr baxımından əlamətdar il olaraq yadda qalacaq. Cari ilin ilk yarısında artıq 5 qarşılıqlı səfər həyata keçirilib”.
Nazir müavini iki ölkə arasında iqtisadi əlaqələrin gündən-günə genişləndiyini və dərinləşdiyini də vurğulayıb:
“Enerji və logistika sahəsində Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr qlobal enerji təhlükəsizliyini təmin edib. Tarixinin ən parlaq inkişaf dövrünü yaşayan Azərbaycan-Türkiyə əlaqələri regional və beynəlxalq təşkilatlar çərçivəsində davam edir. Hətta birinin olmadığı platformalarda da Azərbaycan və Türkiyə bir-birinin maraqlarını müdafiə edir”.
Diplomat Türkiyə və Azərbaycan şəhidlərinə böyük sayğısını ifadə edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxışında Azərbaycan-Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin çox böyük uğurla inkişafından fəxarət hissi ilə danışıb. Bildirib ki, ölkə liderləri arasında olan dostluq, qardaşlıq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafına təkan verir.
Ə.Əmiraslanov 44 günlük Vətən müharibəsində Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə qardaş ölkənin Azərbaycanın yanında olduğunu xüsusilə vurğulayıb.
Daha sonra 15 iyul 2016-cı il mübarizəsini əks etdirən videomaterial təqdim olunub.
Ardınca gənc ifaçıların təqdimatında “15 temmuz dastanı” və “Çırpınırdı Qara dəniz” əsərləri şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ifa edilib.
Elşad Paşasoy,
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ