İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə inflyasiya gözləniləndən daha sürətlə azalır

Türkiyədə iyul ayında istehlak qiymətləri illik müqayisədə 33,5 faiz artıb.

Musavat.com ölkənin statistika qurumunun – "Türkstat"ın açıqlamasına istinadən xəbər verir ki, artım tempi on dördüncü ay ardıcıl olaraq azalır.

İyulda inflyasiya 2021-ci ilin noyabrından bəri ən aşağı göstərici olub. İyun ayında göstərici 35,05 faiz təşkil etmişdi.

Trading Economics analitikləri orta hesabla keçən ay inflyasiyanın 34,05 faizə qədər daha zəifləməsini proqnozlaşdırmışdılar.

Ötən ay ərzaq və alkoqolsuz içkilər 28 faiz (iyun ayında 30,2 faiz), kommunal xidmətlər 62 faiz (65,5 faiz), geyim və ayaqqabılar 10,7 faiz (14,5 faiz) bahalaşıb. Mehmanxana, kafe və restoranlarda qiymətlər 34,2 faiz (35,6 faiz) artıb. Nəqliyyat xidmətlərinin dəyəri 26,6 faiz (27,7 faiz), tibbi xidmətlərin dəyəri 37,5 faiz (38,7 faiz) artıb.

İyulda baza inflyasiyası (ərzaq və enerji istisna olmaqla) illik müqayisədə 34,7 faiz təşkil edib ki, bu da 2021-ci ilin dekabrından bəri ən aşağı göstəricidir.

Türkiyədə istehlak qiymətləri keçən ay iyun ayı ilə müqayisədə 2,1 faiz artıb. Ekspertlər orta hesabla 2,4 faiz artım proqnozlaşdırmışdılar.

İyulda istehsalçı qiymətləri (ÜFE) illik müqayisədə 24,2 faiz, aylıq isə 1,7 faiz artıb. İyun ayında artım müvafiq olaraq 24,5 faiz və 2,5 faiz olmuşdu.

Qeyd edək ki, Azərbaycanın idxalında ən böyük paya malik ölkələrdən biri olan Türkiyədə inflyasiyanın səviyyəsi ölkəmizin bazarına da təsir göstərir. Bu baxımdan, Türkiyədə inflyasiyanın azalması Azərbaycanda bu göstəricinin cilovlanması baxımından müsbət amildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR