İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin COP31-ə namizədliyi: iqlim diplomatiyasının yeni hədəfləri

Mayın 30-da İstanbulda “COP29 ilə COP30-u birləşdirən: Diplomatiya, Fəaliyyət və İqlim Yolu” adlı konfrans keçirilib.

Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev çıxışında bildirib ki, məhz COP29 zamanı iqlim böhranına qarşı dünya ölkələrinin mübarizə imkanları yenidən və daha güclü şəkildə səfərbər edilib.

YALCİN SON.jpeg (209 KB)

Y.Rəfiyev qeyd edib ki, COP29-da yeni nəticələr əldə olunub.

“COP-lar tarixində ilk dəfə konsensus yolu ilə, üstəlik rekord məbləğin toplanması barədə qərar qəbul edilib”, - deyə nazir müavini vurğulayıb.

Y.Rəfiyev xatırladıb ki, Azərbaycan COP-a ev sahibliyi etmək üçün müraciət etdiyi zaman ciddi rəqabət vardı.

Türkiyənin COP31-ə ev sahibliyi etmək təşəbbüsü ilə bağlı şərhində isə Yalçın Rəfiyev bildirib ki, Türkiyə çox uğurlu namizəd ölkədir:

“Bir neçə məqam bunu sübut edir. Türkiyənin iqlim mövzusunda böyük və aktiv nümayəndə heyəti var, Türkiyənin yerləşdiyi coğrafiyada iqlim dəyişikliyinin böyük təsiri mövcuddur.

Siyasi baxımdan da Türkiyənin indiyə qədər COP-a ev sahibliyi etməməsi, Paris anlaşmasına əsasən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin siyahısında olmaması böyük üstünlükdür. Hər kəsin COP ev sahibindən gözləntisi neytral olması, kimsənin mövqeyini dəstəkləməməsi, onların maraqlarına xidmət etməməsidir. Biz bu məsələdə öz təcrübəmizi Türkiyə ilə paylaşmağa hazırıq”.

FATMA.jpeg (238 KB)

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank isə çıxışında COP29-da Azərbaycanın çox böyük uğur əldə etdiyini vurğulayıb:

“Yaxından iştirak edən bir ölkə olaraq Azərbaycanın səssiz, lakin çox təsirli bir diplomatiya ilə gözlənilməz qərarları ala bildiyini müşahidə etdik. Bu münasibətlə Azərbaycanı təbrik edirəm. Təbii ki, əldə olunan nəticələr dünyadakı bütün problemləri həll etməyə qadir deyil, lakin COP29-la iqlim məsələləri baxımından böyük bir məsafə qət etdiyimizə inanırıq”.

Daha sonra nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, COP dünyanın ən böyük layihəsi olduğu üçün tədbirin Türkiyədə keçirilməsini həm Türkiyə, həm də bir çox ölkə istəyir:

“Türkiyənin yerləşdiyi bölgə ölkənin bu tədbiri uğurla keçirəcəyini təsdiq edir və bir çox ölkə bunu bilir. Dost və qardaş ölkəmiz Azərbaycan COP sədrliyini davam etdirən ölkədir. COP çərçivəsində tədbirlərdən birinin keçirilməsi üçün də Azərbaycan Türkiyəni seçib.

Biz burada Türkiyənin namizədlik prosesini də panellər çərçivəsində müzakirə etdik. Bu tədbiri keçirmək üçün mübarizəni davam etdirəcəyik. Son qərar Braziliyada keçiriləcək COP30-da veriləcək”.

Nazir müavini Azərbaycanın xüsusi dəstəyi ilə Türkiyənin COP29-da əldə olunan maliyyə razılaşmasından da yararlana biləcəyini vurğulayıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda COP29-da çıxışı zamanı bildirmişdi ki, Türkiyə COP31-ə ev sahibliyi üçün müraciət edib. Prezident namizədliyə dəstək verən ölkələrə təşəkkür etmiş, digər ölkələrin isə dəstəyini gözlədiyini vurğulamışdı.

VUQAR BAYRAMOV.jpg (146 KB)

Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a şərhində bildirib ki, COP-a ev sahibliyi etmək hər bir ölkə üçün vacib hədəf hesab olunur.

Deputat xatırladıb ki, Azərbaycan COP29-a uğurlu ev sahibliyi edib:

“Azərbaycan üçlü əməkdaşlıq platformasına uyğun olaraq öz təcrübəsini COP30-a ev sahibliyi edəcək Braziliya ilə də bölüşür. Türkiyə qardaş dövlətdir. Türkiyənin COP31-ə ev sahibliyi etmək istəyi onun gücünü göstərir. Türkiyə böyük tədbirləri uğurla təşkil edir. Xüsusilə, Antalyada bir sıra beynəlxalq tədbirlər keçirilir.

İqtisadi baxımdan Türkiyənin COP31-i təşkil etmək imkanları genişdir. Siyasi baxımdan da Türkiyə buna qadirdir. Türkiyə regionda ən güclü siyasi güclərdən biridir, Yaxın Şərqdə münaqişələrin həllinə töhfə verən ölkədir. Bu baxımdan Türkiyənin COP31-ə ev sahibliyi etməsi üçün hər hansı çətinlik yaxud çağırış müşahidə edilmir”.

Xatırladaq ki, Yalçın Rəfiyev yaxın vaxtlarda Bonnda keçiriləcək Sessiyada Azərbaycanın Braziliya ilə birlikdə COP30 zamanı qəbul edilməsi gözlənilən qərarların ilkin layihələrini təqdim edəcəyini açıqlayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR