İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna quru qoşunlarının təlim bazası raketlə vuruldu: 12 ölü və 60 yaralı var - QATAR TERRORUNA CAVAB?!  

Musavat.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində gərginlik yeni mərhələyə keçib. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına məxsus təlim bölmələrindən birinə raket zərbəsi endirilib. Zərbə nəticəsində 12 nəfər ölüb, 60 nəfər yaralanıb.

Məlumatı jurnalist və ictimai fəal Dmitri Qordon da özünün rəsmi Telegram səhifəsində paylaşıb. Onun yazdığına görə, hücum zamanı ərazidə kütləvi şəxsi heyət toplanışı yox idi, çünki hava həyəcanı siqnalından sonra hərbçilərin əksəriyyəti sığınacaqlarda yerləşdirilmişdi.

Bununla belə, zərbə ciddi insan tələfatı ilə nəticələnib. Hadisənin dəqiq səbəblərini araşdırmaq məqsədilə Ukrayna Quru Qoşunları Komandanlığı daxili istintaq başlatdığını və xüsusi komissiya formalaşdırıldığını açıqlayıb.

Bir gün əvvəl Bryansk və Kurskda terror aktları olmuşdu – qarşılıqlı cavab ehtimalı?

Musavat.com bildirir ki, bu hücumun Rusiyanın Bryansk və Kursk bölgələrində 31 may – 1 iyun tarixlərində baş verən dəmir yolu terror hadisələrindən dərhal sonra reallaşması, diqqətdən yayınmır. Həmin hadisələr zamanı iki körpü partladılmış, sərnişin qatarı relsdən çıxmış və 7 nəfər ölmüş, 66 nəfər yaralanmışdı.

Rusiya tərəfi Bryansk və Kurskdakı partlayışları terror aktı kimi təsnif etmiş, Rusiya İstintaq Komitəsi və Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı genişmiqyaslı istintaq başladığını bildirmişdi.

Hazırkı raket hücumu ilə Bryansk və Kursk hadisələri arasında birbaşa əlaqə rəsmi şəkildə təsdiqlənməsə də, Ukrayna daxilində və regional analizlərdə bu hücumun mümkün cavab zərbəsi kimi qiymətləndirilməsi istisna olunmur.

Son aylar ərzində həm Ukrayna, həm də Rusiya tərəfi təlim bazaları, logistik mərkəzlər və nəqliyyat infrastrukturlarını hədəf alan zərbələri intensivləşdiriblər. Bu isə iki tərəfin döyüş meydanındakı üstünlüyü yalnız cəbhə xəttində deyil, arxa cəbhədə də təmin etməyə çalışdığını göstərir.

Musavat.com xatırladır ki, sabah İstanbulda Ukrayna və Rusiya arasında sülh (atəşkəs) danışıqlarının 2-ci raundu keçiriləcək. Belə bir ərəfədə hər iki tərəf arxa cəbhədə qan tökülməsi ilə nəticələnən əməliyyatlar keçirirlər...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR