Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Volqoqrad vilayətində yerləşən “Lukoyl” zavoduna hücum edib.
Musavat.com xəbər verir ki, zərbə Kotovski rayonundakı “LUKOIL-Korobkovsky GPP” MMC-yə məxsus qaz emalı zavoduna endirilib.
Hücumla bağlı məlumatı həm yerli hakimiyyət orqanları, həm də bölgə sakinləri sosial şəbəkələrdə paylaşıblar.
Peyk görüntüləri zavod ərazisində iki yanğının baş verdiyini təsdiqləyib.
Məlumata görə, Korobkovski qaz emalı stansiyası Rusiyanın Cənub Federal Dairəsində ən iri təbii qaz müəssisəsidir. Zavodun illik istehsal gücü 450 milyon kubmetr qaz təşkil edir.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində Ukraynaya məxsus 19 PUA-nın vurulduğunu açıqlayıb. Onlardan 10-u məhz Volqoqrad vilayəti üzərində məhv edilib.
Hadisə fonunda Saratov, Samara və Volqoqrad hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq olunub.
İqbal RZAYEV,
Musavat.com
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ