Onlayn ictimai-siyasi qəzet
Gürcü baş naziri Kobaxidze dözmədi, mayın təxminən ortalarında prezident Trampa və vitse-prezident Vencə məktubla müraciət etdi. Bundan xeyli əvvəl də Kobaxidze və komandası, hətta oliqarx İvanişvilinin özü Trampın səlahiyyətlərinə başlayacağı ərəfədə daim deyirdilər ki, yeni administrasiyanın Gürcüstana yönəlik siyasətində “dərin dövlət” kriteriləri yox, biznesmen Trampın “praqmatik yanaşması” üstünlük təşkil edəcək.
Trampın ikinci gəlişinin artıq altıncı ayı start götürsə də hələ ki nə bu adamın özü, nə də komandasından kimsə Gürcüstan kontekstində hər hansı açıqlama verməyibdir.
Aylar öncə bu xüsusda yazırdıq ki, gürcü qardaşlar, sizin “biznes təfəkkürlü” Trampı maraqlandıra biləcək hansısa bir layihəniz varmı?
Tamam haqlısınız ki, bu adamı geosiyasi layihələrdən daha çox “geoiqtisadi” məqamlar maraqlandırır, amma belə təklifiniz varmı ona, nə ilə maraqlandıra bilərsinizmi onu?
Bu adam ilk xarici səfərini monarxist Səudiyyəyə etdi, özü də təkcə ona görə ki, Vaşinqtonun onunla azı altı - yeddi yüz milyardlıq hərbi-texniki sövdələşməsi var...
Ukrayna kimi incə məsələdə o, ölkəsinin “geosiyasi filantrop” kimi iştirakını istəmir, hərbi-texniki yardımın müqabilində onun faydalı qazıntılarını, hətta dəniz limanlarını belə nəzarətə götürməyə çalışır...
Bir daha soruşuruq:Tiflis Baydendən daha “praqmatik” Trampa nə təklif edə bilər?..
Lap ABŞ yenidən üzünü çevirdi Gürcüstana! Sonuncunun əvvəlki qərbçi siyasəti davam etdirməyə gücü, iradəsi və cəsarəti çataqcaqmı?
Rusiyanın hətta səhəri SSRİ ilə bağlı sayıqlamalarla açdığı vaxtda Gürcüstan yenə də Qafqazlarda Qərbin əsas dayaq nöqtəsi ola biləcəkmi? Axı ötən il İvanişvili və dəstəsi deyirdi ki, guya Qərb Tiflisi də Ukrayna kimi böyük avantüraya - müharibəyə çəkmək istəyir!
Məgər “Gürcü arzusu” demirdimi ki, Gürcüstan hökuməti Rusiya ilə yeni münasibətlər qurub abxazlardan, osetinlərdən üzr istəyəcək və ölkənin ərazi bütövlüyünü bərpa edəcək! Nə oldu? Doğrudanmı özləri də vədlərini unutdular?
Bir daha deyirik ki, tutaq, ABŞ Gürcüstana tərəf döndü: Tiflis dəniz limanlarını NATO - nun sərəncamına verməyə hazırdırmı? Onun Aİ ilə inteqrasiyanı bərpa etməyə, tələblərini yerinə yetirməyə gücü varmı?..
Ötən il gürcü hökuməti iddia etmirdimi ki, ABŞ da, Avropa da ölkələrinin “milli təhlükəsizliyi”nə təhdid yaradır? İndi nə olubdu? Guya Rusiya Gürcüstanın “milli təhlükəsizliy”inə daha çox təminat verəcək?
Yoxsa SSRİ-nin buraxılmasını “tarixi səhv”, Ukrayna ilə konflikti “daxili müharibə”, az qala, “vətəndaş müharibəsi” adlandıran Putin Abxaziyanı və Cənubi Osetiyanı qaytaracaq, yaxud Ukraynadan qovmaq istədiyi Qərbin yenidən Qafqazlara, oradan da Qara dənizə soxulmasını durub sakitcə seyr edəcəkdir?..
Bir sözlə, İvanişvili dəstəsinin ABŞ-dan, Avropadan nə umduğunu, hansı münasibəti gözlədiyini anlaya bilmirik. Hələ yarım il keçib Tramp cənablarının təkrar hakimiyyətə gəlməsindən, qarşıda çox şey ola bilər, hərçənd, biz bunu qəti ehtimal etmirik. “Gürcü arzusu” demirdimi ki, Qərb gürcülərin nəinki milli maraqlarını, hətta özəlliklərini nəzərə almır? Demirdilərmi ki, Gürcüstan da balanslaşdırılmış siyasətə keçid etmək istəyir? Buyurun, başlayın “balanslaşdırmağa”, görək, nə alınır...
Dünyada çox kiçik, amma demokratik, xüsusən də hərbi cəhətdən neytral ölkələrin təcrübəsi var: heç olmasa, onlardan nəsə götürməyə tələsin! Uzağa niyə gedək, Moldova kimi NATO istiqamətindəki səylərinizin intensivliyini azaldıb, Avropa İttifaqı ilə iqtisadi təmasları gücləndirə bilərsiniz. Bacarmırsınız, çünki ölkə kimi yox, daha çox bir hakimiyyət kimi Qərblə problemləriniz yaranıb, nə ABŞ, nə Avropa İvanişvilini və dəstəsini qəbul etmir. Bax, problemin kökü də bundadır.
Ötən il Avropa İttifaqı Gürcüstana güzəşt jesti etmək istədi, amma bunu da dəyərləndirmədi “Gürcü arzusu”, çünki tək bir şeyə görə əlləşib-vuruşur İvanişvili dəstəsi: hələ bundan sonra da on illərlə hakimiyyətdə qalmaq...
O ki qaldı Qərbin Qafqazlara növbəti qayıdışına, “dərin dövlət” və s. kimi fərziyyələri bir o qədər də qəbul etmirik, hər şey daha sadədir: hər dövlət dünyada özü üçün daha əlverişli fon yaratmaq istəyir. Bu mənada ABŞ da heç vaxt istisna olmayacaq. Rusiya indi, hətta təkcə sovet vaxtı problem olmayıbdı, tarixən bu ölkə ilə savaş aparmaq çətin olub.
Birincisi, onun böyük coğrafi ölçüləri var: cəbhə xətti uzandıqca, müharibənin coğrafiyası böyüdükcə effektiv savaş aparmaq olmur.
İkincisi, Rusiyanın həmişə yetərli demoqrafik göstəriciləri olubdur, ən əsası da tarix boyu bu ölkədə ən ucuz tutulan insan həyatı olub: faşistlərlə savaş vaxtı on milyonlarla sovet adamı həlak olmuşdu, hətta hərb nəzəriyyəçiləri, strateqləri marşal Georgiy Jukovun da qələbələrini “pir qələbəsi” adlandırırdılar.
Üçüncüsü Rusiyanın məşhur şaxtasıdır, hansı haqdakı hələ böyük Napoleon demişdi: "Mən Rusiyaya şaxtayla yox, ordu ilə vuruşmağa getmişdim!.."
Dördüncüsü, sovetin vaxtından fərqli olaraq hazırda Rusiyada planlı-dövlət iqtisadiyyatı yox, pis-yaxşı, bazar iqtisadiyyatı hökm sürür ki, bu da ölkənin siyasi-hərbi immunitetini bir az da artırır.
Beşincisi, Rusiyanın gücünü artıran ən əsas amil, əlbəttə, nüvə silahıdır, hansıyla ki, ruslar daim dünyanı şantaj edirlər...
Bunları niyə sadalayıram? Demək istəyirəm ki, normal dünya düzəninin yolunda Rusiya kimi problem var. Amma biz ümidliyik, gec-tez bundan da çıxış yolu tapılacaq...
05 Iyun 2025
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ