İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uşağın bətnimdə öldüyünü demədim”- 9 uşaq anası onu öldürmək istəyən ərini bağışladı  

9 uşağının anasını azyaşlı övladının gözü qarşısında öldürməyə cəhddə ittiham olunan şəxsin cinayət işinin təfərrüatı məlum olub. Təqsirləndirilən şəxs arvadını qısqandığı üçün vurduğunu, lakin öldürmək niyyətinin olmadığını deyib. Ölümdən qurtulan qadın ərini bağışlayıb.

Musavat.com xəbər verir ki, Yevlax rayon sakini 40 yaşlı Şərəvəddin Rəsulov arvadı 38 yaşlı Sevinc Rəsulovanı öldürməyə cəhddə ittiham olunub. Hadisə zamanı əri 9 uşaq anası olan Sevinc Rəsulovanın hamilə olduğunu düşünübmüş.

Təqsirləndirilən şəxs ilkin ifadəsində həyat yoldaşından şübhələndiyini, uşağın atasının başqa şəxs olduğunu deyib. Arvadını küçədə əvvəlcə dəmir parçası ilə bir neçə dəfə vurub. Dəmir parçası qırıldığı üçün yerdə olan qırıq şüşə butulkası ilə arvadının sifətinə zərbələr vuran Şərəvəddin Rəsulov onun öldüyünü düşünüb. Sonra polisə təslim olub.

İttihamda göstərilir ki, hadisə zamanı Rəsulovların 7 yaşlı övladı da hadisəyə şahidlik edib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs deyib ki, arvadının qonşuya getməsini səhv başa düşdüyü üçün ona qəzəblənib. Əlavə edib ki, əməlinin qəsdən adam öldürməyə cəhd yox, qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməsini istəyir.

Onun istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər olub. O, istintaqda ifadə verərkən huşu özündə olmadığını deyib.

Bildirib ki, arvadı ilə 20 ildir birlikdə yaşasalar da son 5 ildir rəsmi nikaha daxil olublar. Onun sözlərinə görə, arvadı onun doğma xalası qızıdır. Əlavə olaraq deyib ki, arvadını vuran zaman oğlu yanlarında olmayıb, sonradan hadisə yerinə gəlib.

Məhkəmədə zərərçəkmiş şəxs Sevinc Rəsulova dindirilən zaman ərini bağışladığını deyib. O, bətnində olan uşağın hadisədən əvvəl dünyasını dəyişdiyini, ərinin bundan xəbəri olmadığını bildirib:

“Hadisədən iki-üç gün əvvəl övladım bətnimdə ölmüşdü. Şərəvəddinin bundan xəbəri yox idi. Hadisədən bir gün əvvəl mübahisəmiz olmuşdu. İstintaqdakı ifadəmi oxumadan imzalamışam. Hadisə vaxtı oğlum yanımızda olmayıb. Ərim bunu qısqanclığa görə edib. Bəzən mən qonşuya gedirdim. Çünki evə gələndə içkili olan vaxt mübahisə edirdi. Mən də dava-dalaş olmasın deyə qonşuya gedib onun yatmasını gözləyirdim. Buna görə də məni qısqanırdı, mübahisə edirdi. Onunla barışmışam. Şikayət və tələbim də yoxdur”.

Şəki Ağır Cinayətlər Məhkəməsininin hökmü ilə Şərəvəddin Rəsulov xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR