Onlayn ictimai-siyasi qəzet
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb. Sonra birgə foto çəkdirilib.
Daha sonra Prezident tədbirdə giriş çıxışı edib. O bildirib ki, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirildiyini xatırladan dövlət başçısı bildirib: “2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim”.
Həmçinin ölkə başçısı qeyd edib ki, hazırda işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ermənistanın ərazilərimizin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını xatırladan dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayıb: “Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar. Biz keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının iclasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk”.
Azərbaycan lideri bir vacib məsələni də iştirakçıların diqqətinə çatdırıb: “Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. ”Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır".
Ölkəsinin hər zaman ECO-nun işində fəal iştirak etdiyini söyləyən cənab Prezident bildirib ki, quruma üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir.
Dövlət başçısının çıxışının bu hissəsi də iştirakçıların diqqətini xüsusilə çəkib: “Bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Biz göstəriciyə görə dünyada ön sıralardayıq”.
“Bölgənin sülh məkanına çevrilməsindən çox şadam”. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev toplantıda çıxışı zamanı bildirib.
Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən Özbəkistan Prezidenti deyib ki, uzun fasilədən sonra Əfqanıstanın keçid hökuməti də Zirvə görüşündə iştirak edib.
“İqlim dəyişikliyi bütün xalqlar, dövlətlər üçün təhlükə yaradır”.
Bu fikirləri isə Qırğız Respublikasının Prezidenti Sadır Japarov səsləndirib. Sadır Japarov İƏT üzvlərini Bişkek Dağ Sammitində iştiraka dəvət edib.
“Qardaşım Prezident İlham Əliyevi Zirvə görüşünə uğurlu sədrliklə bağlı təbrik edirəm”. Bunu isə Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif sammitdəki çıxışında bildirib. Pakistan Baş naziri deyib ki, Zirvə görüşünün Xankəndidə keçirilməsi böyük əhəmiyyət daşıyır.
Məhəmməd Şahbaz Şərif son İsrail-İran müharibəsindən da danışıb və ölkəsinin Təl-Əvivin Tehrana hücumunu pislədiyini bəyan edib. Pakistan Baş naziri İranda həlak olanlarla bağlı başsağlığı verib, yaralılara tezliklə şəfa arzulayıb.
“ECO-nun potensialı region ölkələrinin inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər”. Bunu da İran Prezidenti Məsud Pezeşkian deyib. Onun sözlərinə görə, qonşuluq siyasəti İranın iqtisadi diplomatiyası üçün prioritet olaraq qalır: “Bizim üçün ECO qonşularla əməkdaşlığın həyata keçirildiyi təşkilatdır və bu baxımdan o, çoxtərəfli iqtisadi diplomatiyamızda ön planda dayanır. ECO-nun potensialı və imkanları region ölkələrinin və bütün regionun inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər”.
Onun sözlərinə görə, ECO-ya üzv ölkələr arasında Ticarət Sazişi nəzərdən keçirilməli və həyata keçirilməlidir: “ECO-ya üzv ölkələr arasında azad ticarət haqqında danışıqlar mümkün qədər tez başlamalı və ECO-da Azad Ticarət Zonası yaratmaq hədəflənməlidir”.
M.Pezeşkian qeyd edib ki, ECO-nun dənizə çıxışı olmayan ölkələrinin açıq dənizlərə və dünya bazarlarına daha ucuz, qısa və asan çıxışı olmalıdır: “Bu məsələdə İran və digər tranzit ölkələr mühüm rol oynayır. ECO ölkələri üçün liman və giriş-çıxış məntəqələrində yeni üstünlüklər və imtiyazlar nəzərdən keçirilə bilər. Liman və sərhəd məntəqələrində ECO-ya üzv ölkələrin logistika qovşaqları şəbəkəsi ən yüksək beynəlxalq standartlara uyğun olaraq qurulmalı və təchiz edilməlidir”.
Zirvə toplantısında çıxış edən Tacikistan Prezidenti Emoməli Rəhmon iştirakçıların diqqətinə çatdırıb ki, Tacikistan İsrailin İrana hücumunu qəbuledilməz sayır.
“Türkiyə bərpa olunan enerji sahəsində təcrübəsini paylaşmağa hazırdır”. Qardaş ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğan belə deyib.
Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı sənədlərin təsdiqlənməsi Türkiyədə son mərhələdədir: “Əməkdaşlığın artırılması hamımız üçün faydalıdır. İƏT-in 2035-ci ilə qədər inkişafı müəyyənləşdirəcək Strategiyasından gözləntimiz böyükdür və sənədin tezliklə qəbulunu dəstəkləyirik”.
Ərdoğan Şuşanın 2026-cı il İƏT-in mədəniyyət paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Ərdoğan çıxışında İsraili də sərt tənqid edib: “İsrailin bölgə ölkələrinə hücumunun arxasında Fələstin məsələsinin yaddan çıxarılması niyyəti durur. Buna susmaq olmaz. Fələstin xalqına, hökumətinə dəstəyimizin davamlı olması önəmlidir”. Türkiyə rəhbəri ŞKTC Prezidentinin Zirvə görüşündə iştirakını yüksək qiymətləndirib.
Qazaxıstan Baş naziri Oljas Bektenov isə Qazaxıstanda Ətraf Mühit Sammitinin keçirilməsini təklif edib. Sammitdə çıxış edən Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Bəradər öncəliklə tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Daha sonra o deyib ki, Əfqanıstan İslam Əmirliyi artıq Rusiya tərəfindən tanınıb: “Əfqanıstan görünməmiş ümummilli birlik əldə edib. Bu bizə İƏT üzvləri ilə strateji əlaqələri həyata keçirməyə imkan verəcək. Biz əməkdaşlığın şaxələndirilməsinin tərəfdarıyıq”.
Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini-xarici işlər naziri Rəşid Meredov isə diqqətə çatdırıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çoxtərəfli əməkdaşlığın inkişafında mühüm platforma rolunu oynaya bilər.
“Azərbaycan Qarabağ, Qarabağ Azərbaycandır”, - deyən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın çıxışı alqışlarla qarşılanıb. Azərbaycan Prezidenti İlham Əliyevə Zirvə görüşünün təşkilinə görə təşəkkür edən E.Tatar ECO ölkələrini ŞKTC limanlarının potensialından istifadə etməyə çağırıb. İƏT-in Baş katibi Əsəd Məcid Xan bildirib ki, Prezident İlham Əliyevin uzaqgörənliyi nəticəsində bir çox ilklərə imza atdıq.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ