Onlayn ictimai-siyasi qəzet
Dərnəgül tikinti bazarı yaxın vaxtlarda söküləcək. Sahibkarlara artıq rəsmi bildirişlər çatdırılıb. Onlara deyilib ki, fəaliyyətlərini dayandırıb “Abşeron” Ticarət Mərkəzinə köçsünlər. Həmin mərkəzdə geniş ərazilər ayrılacaq, mağazalar sığortalanacaq, 7/24 təhlükəsizlik və yanğından mühafizə tədbirləri görüləcək.
Bütün bunlar kağız üzərində yazılan rəsmi məlumatdır. Amma Musavat.com-un əməkdaşı bazarda olanda tamam başqa mənzərə ilə rastlaşıb.
Bazarın dar küçələrində toz qalxır. Taxta qırıntıları ayaqların altında xışıldayır, dəmir parçaları bir küncdə yığılıb qalıb. Bir az kənarda satıcılar sakitcə oturub alıcı gözləyirlər. Sanki hər kəsin üzündə eyni sual yazılıb: “Sabah nə olacaq?”
Sahibkarlardan biri əlini yelləyərək deyir: “Yiyəsiz it kimiyik. Hara desələr, ora gedəcəyik. Söküntü başlayandan sonra nə edə bilərik ki? Malları yığışdırıb bir yerə daşımalıyıq”.
Uzun bazarın içində addımladıqca insanlar öz işləri ilə məşğuldur: biri taxta kəsir, biri yük maşınını boşaldır, digəri dəmir-dümürün arasında nəsə axtarır. Lakin danışanda hamının fikri eynidir - köçmək çətindir.
Adının çəkilməsini istəməyən bir obyekt sahibi belə deyir: “ Köçürüləcəyimiz ticarət mərkəzi uzaqdadır. Oraya getsək, müştəri itirəcəyik. Yol da problemli, tıxaclıdır. Kim gəlib bizdən orada mal alacaq? Elə özümüz üçün də əziyyət olacaq. İndi hamımız taleyimizdən nigaranıq. Yeni yerdə icarə haqqının neçə olacağını da bilmirik”.
Buna baxmayaraq, köçməyin tərəfdarı olanlar da var. Bəzi sahibkarlar Dərnəgüldəki vəziyyətdən şikayətlənirlər:
“Burada yer pulu çoxdur. İşıq da zəifdir. Ən pisi də yanğın təhlükəsidir. Heç birimiz sığortalanmamışıq. Köçüb normal şəraitdə işləsək, bəlkə də yaxşı olar”.
Dərnəgül taxta bazarı illərdir yanğınlarla gündəmə gəlir. 2017, 2019, 2022 və 2023-cü illərdə böyük yanğınlar bu ərazini bürüyüb, sahibkarların sərvətini külə çevirib.
Bazarın içində gəzərkən görürük ki, hələ də yanğından mühafizə tədbirləri demək olar ki, yoxdur. Hidrant gözə dəymir, obyektlərdə yanğınsöndürən balonlar görünmür. Hər tərəfdə səpələnmiş taxta qırıntıları bircə siqaret kötüyünün düşməsini gözləyir.
Sahibkarların da dediyi kimi, “bazar kibrit çöpü kimi alışıb yanmağa hazırdır”. Sonuncu dəfə iyulun 14-nə keçən gecə, saat 2 radələrində alov səmaya qalxmışdı. O gecə də bir çoxları üçün kabusa çevrilmişdi.
Bir neçə gün əvvəl Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı strateji əhəmiyyətli layihələr üzrə İşçi Qrupun yaradılması barədə sərəncam imzalayıb. Dərnəgül bazarının sökülməsi də həmin layihələrin bir hissəsi kimi göstərilir.
Rəsmi məlumatlarda sahibkarların yeni ticarət mərkəzinə rahat köçürüləcəyindən danışılır. Amma bazarda söhbətləşdiyimiz insanların simasında ümid deyil, daha çox sual, daha çox nigaranlıq oxunurdu.
Dərnəgülün darısqal küçələrində dolaşan toz hələ ki, hər şeyi gizlədir. Amma yaxın günlərdə bu tozun altından bazarın taleyinə dair son söz deyiləcək.
Şahanə Rəhimli
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ