Onlayn ictimai-siyasi qəzet
Bugünlərdə suda batanlarla bağlı hansısa xəbəri oxuyanda orada ekspert qismində şəkli verilən dövlət məmuru, daha dəqiqi, onun yaxasındakı fərqlənmə nişanı (şevron) diqqətimi çəkdi. Həmin parçanın üzərində “FHNKGNSXDX” hərfləri həkk edilmişdi.
İlk baxışdan, belə düşünmək olardı ki, artıq ölkəmizdə dahi ingilis yazıçısı Conatan Sviftin əsərlərinin tətbiqinə başlanmışdır. Çünki onun “Qulliverin səyahəti” romanında bölümlərdən biri quiqnqnm-ların ölkəsində cərəyan edirdi. Həmin quiqnqmlar şüurlu atlardan ibarət idi, insanabənzər məxuqlar isə yehu adlanırdı, şüursuz varlıqlardı. İstər-istəməz, “fhnkgnsxdx” söz birləşməsi elə təsəvvür yaradırdı ki, bunu hansısa at səsləndirir. Bir növ fınxırmaq kimi. Ancaq informasiyada, yuxarıda yazdığım kimi, bəni-insan - dövlət məmurunun fotosu verilmişdi. Qətiyyən ata oxşamırdı.
İkinci versiya olaraq ağlıma klinqonlar gəldi. Bilənlər bilir, klinqonlar “Star trek” - “Ulduz yolu” serialında fantastik uzaylı varlıqların, bir növ kosmik xalqın adıdır. İşbaz amerikalı kino sənayeçiləri klinqonlar üçün ayrıca əlifba, dil düzəldiblər, hətta bu dildə opera belə yazıblar. Misal üçün, klinqonlar guya özlərini “tlhlngan Hol” adlandırır. Etiraf edin ki, bizim lövhəcikdəki “fhnkgnsxdx” leksikası, orfoqrafiyası, canım sənə desin, orfoepiyası-zadı-filanı-şeyi baxımından çox oxşardır.
Nəhayət, insanın ağlına gəlir ki, bəlkə bu bir zarafatdır, kimsə kompüter klaviaturasındakı standart latın əlifbasını ardıcıl düzülüşlə basıb və “ASDFGHJK”-ya oxşar yeni idarə adı kəşf edibdir. Həyatdır. Hər şey ola bilər. Üstəlik, iqtisadiyyatımız güclüdür...
Ancaq əziz oxucuları bezdirdiyim bəsdir, onlara bu yay günündə çox əziyyət və işgəncə vermədən şevronun sirrini açıram. Bu, sən demə, “Fövqəladə Hallar Nazirliyi Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti”nin abbreviaturası, türkün sözü, qısaltması imiş!
Möhtəşəmdir. Ana dilimiz bu cür inkişaf edir. Yəqin ki, böyük gəmilərə nəzarət idarəsi də ayrıdır. Ancaq niyə “sularda” yazıblar, başa düşmədim. Cəm şəklində vacib deyil. “Suda” bəs edir. Əlbəttə, “sular” daha romantik səslənir, buna söz yoxdur. Şair bu məqamda görək nə demişdir: “İçmək istər bülbülün qanın, məgər bir rəng ilə, Gül butağının mizacına girə, qurtarə su”. Uşaqlarınıza belə qəzəl-qəsidələrdən öyrədin, ləzzət alsınlar.
Hərçənd həyatımızda bayaq yazdığım kimi, işgəncəli hallar nəsə son zamanlar artmaqdadır. Bilmirsən səbəb nədir. Bu cür gözəl yaşayış, dinc şərait, insan hüquqları, söz azadlığı, uşaq pulu, tramvay xətti, metronun qəhvə(yi) xətti, canım sənə desin, müasir parklar və işıq dirəkləri quraşdırılır, lakin davamlı olaraq işgəncə xəbərləri alırıq. Ata uşağa işgəncə verdi, ana körpəni çimdiklədi, qardaş bacısını buynuzladı, nə bilim, gəlin qayınananın dırnağını çəkdi, baldız bacanağa mıx soxdu və sairə. Nə olub? Niyə işgəncəyə meyllənirik? Adamın ürəyi ağrıyır. Səmimi sözümdür. Haçan baxsan hər gün azı 1 işgəncə xəbəri gəlir, saytlar blurlanmış (bulanıqlaşdırılmış) fotolarla aşıb-daşır.
Mən bu barədə çox düşündüm, ağlıma belə bir versiya gəldi ki, işgəncələr üzrə milli komitəmizin müdiri Elçin Behbudov 2015-ci ildə rəhmətə gedəndən sonra sahəyə nəzarət zəifləmişdir. 10 ildir işgəncələr yiyəsiz qalmışdır. Bəlkə də kiməsə tapşırılıb, ancaq vəzifəsinin öhdəsindən Elçin müəllim qədər gələ bilmir. Rəhmətlik elə güclü adam idi ki, bütün ölkəyə töycü kəsən MTN-dən, şəxsən Eldar müəllimdən aylıq 2 min manat “vergi” aldığı ortaya çıxmışdı. Elçin müəllimin quruca adı bəs eləyirdi, işgəncə vermək istəyənlər dərhal özünü yığışdırırdı.
Allah heç kəsi, heç sahəni yiyəsiz qoymasın.
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ