Onlayn ictimai-siyasi qəzet
Mütəxəssislər xəbərdarlıq edirlər ki, gündəlik həyatımızda istifadə olunan kimyəvi təmizləyici maddələr sağlamlıq və ətraf mühit üçün ciddi risklər yaradır.
Bu məhsulların tərkibində xlor, ammonyak, fenol və digər güclü kimyəvi birləşmələr mövcuddur. Onlardan düzgün istifadə olunmadıqda nəfəs yollarında zədələnmə, allergik reaksiyalar, dəri yanıqları və uzunmüddətli xroniki xəstəliklərə yol açmaq mümkündür. Xüsusilə uşaqlar və yaşlılar bu təsirlərə daha həssasdırlar.
Digər tərəfdən, təmizləyici kimyəvi maddələrin kanalizasiya vasitəsilə su hövzələrinə axıdılması ekosistemə ciddi zərər verir. Su canlılarının həyatı üçün təhlükə yaranır, torpaqda məhsuldarlıq azalır və ekoloji tarazlıq pozulur.
Alternativ olaraq, mütəxəssislər təbii üsullardan istifadənin daha faydalı olduğunu qeyd edirlər. Sirkə, çörək sodası və limon kimi sadə vasitələr həm ev şəraitində gigiyenanı qoruyur, həm də insan sağlamlığına və ətraf mühitə zərər vermir.
Dermatoloq Pərviz Dadaşov bu barədə Musavat.com-a bildirib ki, qabyuyan və paltaryuyan vasitələrin hamısının dəriyə mənfi təsiri var:
“Yuyucu vasitələrin tərkibində olan bəzi maddələr dərimizlə təmasda olduqda aşındırıcı təsir göstərir və nəticədə müxtəlif allergik reaksiyalar baş verir. Bu hallara tibbdə kontakt dermatit deyirik. Dərinin qızarması, qabıqlanma, çatlamalar, qaşınma, suluqlar ən çox rast gəlinən simptomlardır. Əgər belə reaksiyalar baş verərsə, ilkin yardım kimi dekspantenol tərkibli kremlərdən istifadə etmək olar. Amma qızartı, suluqlar və digər əlamətlər güclüdürsə, mütləq dermatoloqa müraciət edilməlidir”.
Həkimin sözlərinə görə, kimyəvi maddələrin təsiri yalnız dəri ilə məhdudlaşmır:
“Bu maddələr nəfəs yollarına, hətta qida borusuna keçə bilər. Belə hallarda nəfəs darlığı, öyümə, qıcıqlanma və digər xoşagəlməz əlamətlər müşahidə olunur. Bəzi hallarda isə vəziyyət ağırlaşaraq həyati təhlükə yarada bilər”.
Pərviz Dadaşov qeyd edib ki, bu kimi şikayətləri olan şəxslər yuyucu vasitələrlə təmasdan qaçmalı və onlardan istifadə edərkən qoruyucu vasitələrdən - əlcək, maska və s. mütləq istifadə etməlidirlər.
Sultan Məmmədli
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ