Onlayn ictimai-siyasi qəzet
Türkiyə Avropa İttifaqının müdafiə sənayesi üçün kreditləşdirmə təşəbbüsü olan investisiya proqramından (SAFE) kənarda qalmasına görə Yunanıstanı günahlandırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Afinanın bununla Avropanın təhlükəsizliyini təhdid etdiyini bildirib. Kipr də son vaxtlar Ankaranı SAFE-dən uzaqlaşdırmağa çalışır.
Hakan Fidan dövlət televiziyasında deyib ki, Yunanıstanın siyasəti anti-Türkiyə mövqeyindən qaynaqlanır.
Yunanıstanın baş nazirinin parlamentdə Türkiyənin SAFE-yə qoşulmasına icazə verməyəcəyi ilə öyündüyünü bildirən xarici işlər naziri deyib:
"Avropa təhlükəsizlik sistemi Yunanıstan kimi bir-iki ölkə tərəfindən oğurlanıb. Bu ölkələrin Avropa təhlükəsizliyinə heç bir aidiyyatı yoxdur".
H.Fidan xatırladıb ki, Afina 1974-cü ildə NATO-nun hərbi strukturlarını tərk edib, daha sonra isə 1980-ci ildə geri qaytarılmasını istəyib. “Türkiyə o zaman bunu qəbul etdi, baxmayaraq ki, imtina edə bilərdi”, - xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Yunan liderləri həqiqətən də Türkiyənin Avropanın yenidən silahlanma proqramında iştirakına icazə verməyəcəklərini dəfələrlə vurğulayıblar. Rəsmi səbəb odur ki, 30 il əvvəl Ankara Afinaya güc tətbiq etməklə hədələyib. Bu, 1995-ci ildə, Yunanıstanın Egey dənizində Qardağ adası ilə bağlı ixtilaf zamanı baş verib. (2 min km uzaqdan gələn yunan hərbçilər Türkiyənin 2 kilometrliyindəki yiyəsiz adaya sahib çıxmaq istəyərkən türkiyəli hərbi dənizçilərin təpkisi ilə üzləşiblər).
Yunanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Lana Zociu bu yaxınlarda vəziyyəti şərh edərkən deyib ki, güc tətbiqi hədəsinə məruz qaldığı müddətcə Yunanıstan Türkiyənin SAFE-də iştirakına icazə verməyəcək.
Kipr də Ankaranın SAFE-də iştirakına qarşıdır. Ölkə prezidenti Nikos Xristodulidis bildirib ki, əsas şikayət adanın həll olunmamış problemidir. "Bu çox vacib alətdə iştirak etmək istəməməsi Türkiyənin özündən asılıdır. Şərt Kipr məsələsində konkret müsbət dəyişikliklərə nail olmaqdır və bu addımları atmalı olan Türkiyədir”, - prezident deyib.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ