İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: “Onun Tək Bir Dövlət Kitabı olub - Heydər Əliyev Konstitusiyası...”

Son 30 ildə 8-10 may tarixi günlərindən keçən xalqımız faciə, qəhrəmanlıq və qürur hissini bir arada yaşayıb. Şuşanın işğalı ikinci dünya müharibəsində qalibiyyətimizə və Ulu öndərin əzəmətinə təsir edirdi. Vətən müharibəsi siyasi təqvimimizi də qara haşiyədən  xilas etdi. İndi 8 may günündə ümumxalq tədbirləri 8 noyabr ruhu, şərəfi və qüruru ilə qeyd  olunur.

90-cı illərdə SSRİ-nin süqutu ilə azadlığına qovuşan xalqların qarşısında fərqli idarəçilik formaları və quruluşları vardı. Lakin 70-ci illər Azərbaycanı faktiki müstəqil olduğu üçün onu “sovet mirası” sayıb dağıtdılar və  millətimiz layiq olduğu haqqı  çox gec qazandı.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.

Deputatın çıxışının tam mətnini təqdim edirik:

“Çarizmin, kommunistlərin dövründə qurulanları yalnız ideoloji rənginə görə məhv etmək olmazdı. 1921, 1925, 1937 və 1978-ci illərin sovet konstitusiyalarının da mütərəqqi ideyaları, güclü hüquqi sistemi və milli dövlətçilik irsi vardı. Konstitusiya və qanunlar da varisliyi sevir. 15 dəfə konstitusiyanı dəyişən   fransızlardan konstitusiyasız monarxiya quran ingilislərədək hər biri  hələ də xalqın iradəsinə söykənən dövlət  qurmağa çalışırlar.

Lakin meydandan birbaşa hakimiyyətə gələn milli demokratların yeni konstitusiya qəbuluna siyasi və hüquqi iradələri çatmadı. Silahlı döyüşdə məğlub olanlar Qanun yaza bilməzdilər.

Sovet imperiyasından xaos diktaturasına qədəm qoyan məmləkəti xilas edən Heydər Əliyevin Dəmir Əli uzun illər sonra Vətən müharibəsində Dəmir iradəyə çevrildi. Torpaqlarını və sərvətlərini itirən millətimiz dərk etdi ki, keçici qırmızı bayraqları qazananda da, ucqar Naxçıvanı lampa işığında qoruyanda da, 2-ci dəfə hakimiyyət olimpinə qayıdanda da Onun Tək Bir Dövlət Kitabı olub-Heydər Əliyev Konstitusiyası! Bəli, millətə xidmətin heç bir ideoloji-siyasi formasiyadan asılı olmayanda Qalib kimi Qanunu Sən yazırsan!

Ulu öndərin Yeni Azərbaycanı nə din dövləti İranın, nə imperiya varisi Rusiyanın, nə də tez-tez çevrilişlərə səhnə olan Türkiyənin idarəçilik sisteminin yüzdə-yüz təkrarı deyildi. Əksinə, böyük Atatürkün Cümhuriyyət quruculuğunu müstəqil Azərbaycan dövləti üçün örnək seçən Əliyevin siyasi modelini sonda qardaş ölkə də qəbul etdi.

Ulu öndər başqa dövlətlərin quruluşunu mexaniki olaraq, ölkəmizə  köçürmədi. Nə mühfizakər Şərq arxaizmi, nə də tez-tez böhranlara yol açan Qərb sistemi, müstəqil iradəyə malik olmayan və Brüsseldən, Srtasburqdan idarə olunan dövlətlərlə eyni olmadıq. Biz sülh içində siyasi gələcəyini müəyyən edən İsveç, Norveçdən fərqli olaraq, Ali Qanunumuzu sütunlu salonlarda monteskyoların, cefersonların tablosu qarşısında deyil, döyüş meydanlarında qurbanlar verərək qəbul edirdik.

Konstitusiyamız bütün xalqı birləşdirdi. Lakin 2023-cü ilədək ölkəmizdə iki bayraq, iki gerb və iki himn vardı. Ali qanunumuzda yazırdıq: ”Respublikamız, torpağımız və xalqımız bölünməzdir”,  lakin gerçəkdə separatizmin və işğalın simvolu olan Qanunsuzluq hökm sürürdü. Xankəndi Zəfəri konstitusiyamızı da xilas etdi, onu vahidləşdirdi, bütövləşdirdi.

Yeni Konstitusiya iki dövlət çevrilişi cəhdindən, çoxlu sui-qəsdlərdən, yüz minlərlə insanın çadır şəhərciklərindəki ağrılarından keçərək ümumxalq sərvətinə çevrildi. Halbuki belə şəraitdə corc vaşinqtonlar qanun və ali dəyərlər haqda düşünə bilməzdilər.

Ali Qanunumuzun 40 faizinin insan haqlarına aid olduğunu fəxarətlə desək də 20 faizlik natamamlıqdan əziyyət çəkirdik. 1995-ci ildən sonra millətimiz konstitusion yolundan dönmədi. 2005-ci ildəki qanlı inqilablar, bizə ixrac olunan üsul-idarələr parlaq dövlət əsərimizi məğlub edə bilmədi.

Əslində dünyada bütün xalq yığışıb bir qələmlə qanun yazmır. Lakin Vətən müharibəsi və 20 senyabr Suverenlik savaşı Bir millətin, Bir Ordunun və Bir İmzanın yaratdığı ən böyük Qanun Kitabı oldu.  

Heydər Əliyev Konstitusiyası bizə qələbə gətirdi və Zəfər Konstitusiyasına çevrildi. Ona hücum edənlər, idarəçiliyi Tək Adamın hakimiyyəti adlandıranların hamısı uduzdu. İlham Əliyev 8 noyabrda Qarabağın xilaskarı olaraq, ən böyük konstitusion ədaləti təmin etdi.

90-cı illərin Razdan meydanında işğalçılıq ideyaları ilə silahlanan erməni xalqının o vaxt qəbul etdiyi təcavüzkarlıq konstitusiyası indi əsarət buxovuna çevrilib. Vətən müharibəsində Qələbəmizdən sonra İrəvan konstitusiya böhranı yaşayır... 

Şəhidlərimizin yazdığı Qurtuluş və Xilaskarlıq qanunları isə dəyişilməzdir. Kəlbəcərdən Zəngəzuradək Böyük Qayıdış və Yeni Vətən quruculuğu  konstitusiyamıza yazılan yeni parlaq səhifələrdir. İndi Ədalətin Zəfər çaldığı ölkə qururuq!

Ulu Öndərin doğum günü, qalib Konstitusiyamızın 30 ili mübarək olsun!”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR