İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəhərli ilanların mövsümü başlayır - Bakı sakinləri təşvişdə

Paytaxtda ilanların olduğu təhlükəli ərazilər açıqlandı - mütəxəssisdən çağırış

Havaların qızması ilə təbiət yenidən oyanır. Lakin bu oyanış bəzən insanlar üçün xoş olmayan sürprizlərlə də müşayiət olunur. Belə ki, Bakının müxtəlif ərazilərində, xüsusən də Xətai rayonu, Yeni Günəşli qəsəbəsinin B massivində sakinlər həyətlərində zəhərli ilanlarla üz-üzə qalıblar. Onlar bildirirlər ki, son günlər həyətlərdə bir neçə dəfə ilanlara rast gəlinib və bu hal artıq ciddi narahatlıq yaradıb.

Yeni Günəşli sakinləri deyirlər ki, bu ilk belə hadisə deyil. Əvvəlki illərdə də ilanlarla qarşılaşdıqları olub. Ancaq bu dəfə məsələ daha ciddi xarakter alıb. Onların sözlərinə görə, artıq həyətlərdə rahat hərəkət etmək mümkün deyil. Azyaşlı uşaqlar üçün isə həyət - əyləncə yeri yox, təhlükə mənbəyinə çevrilib.

“Uşaqları həyətə buraxmağa qorxuruq. Elə bil ilanların yuvasına çevrilmişik. Hər gün gözümüz həyətə dikilib ki, yenə nə baş verəcək”, - deyə sakinlərdən biri bildirib.

Bəzi sakinlər isə bildirir ki, ilanlar hətta binanın girişinə və pilləkənlərinə qədər gəlib çıxırlar. Onların evlərə girməsi ehtimalı isə bu narahatlığı daha da artırır. Hazırda əsas tələb - ərazidə dərhal dərmanlama işlərinin aparılması və təhlükənin qarşısının alınmasıdır.

Ekoloqların və zooloqların fikrincə, yaz və yay aylarında ilanların fəallaşması təbiətin qanunauyğunluğudur. Qış boyu passiv halda olan sürünənlər havaların istiləşməsi ilə birgə qida axtarışına çıxırlar. Xüsusilə daşlıq, qamışlıq və uzun müddət təmizlənməyən, çirkli həyətlər onların sevimli məskənləridir.

Yeni Günəşli kimi periferik qəsəbələrdə tikinti sahələrinin çoxluğu, torpaqların tam abadlaşdırılmaması, tullantıların vaxtında təmizlənməməsi ilanların məskunlaşması üçün əlverişli şərait yaradır. Həmçinin həmin ərazilərdə gəmiricilərin - siçanların çoxluğu ilanlar üçün yem bazası yaradır və onları şəhər mühitinə çəkir.

Azərbaycanda ilan növlərinin əksəriyyəti zərərsiz olsa da, xüsusilə gürzə kimi tanınan növ zəhərli və təhlükəlidir. O, təkcə insan orqanizminə zərər vurmaqla kifayətlənmir, zamanında tibbi müdaxilə olunmadıqda ölümə səbəb ola bilər. Bioloqlar bildirir ki, ilan sancması halında dərhal həkimə müraciət edilməli və özbaşına tədbirlər görülməməlidir.

Əgər ilan görünərsə, ona toxunmadan, müvafiq qurumlara - Fövqəladə Hallar Nazirliyinin “112" xidmətinə və ya yerli icra hakimiyyətinə məlumat verilməlidir. Bağ evlərində, ya da zirzəmi və qaraj kimi yerlərdə ilan əleyhinə dərmanlama mütəmadi aparılmalıdır.

Məsələ ilə bağlı FHN-in rəsmi saytında yayımlanan əvvəlki tövsiyələrə əsasən, hər il yaz-yay mövsümündə belə halların qarşısının alınması üçün profilaktik tədbirlər aparılmalıdır. Görünür, bəzi ərazilərdə bu tədbirlər ya gecikib, ya da ümumiyyətlə həyata keçirilməyib.

Zəhərli və Zəhərsiz #İLANLAR fərqi | #Herpetoloq Anar Cəfərov | Faridin  Qonağı

Anar Cəfərov

Tanınmış herpetoloq Anar Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, zəhərli ilanlarla mübarizədə özəl təşkilatlar xüsusi fəallıq göstərirlər: “İstər Fövqəladə Hallar Nazirliyində, İstərsə də Ekologiya və Təbii Sərvətlər Nazirliyində zəhərli ilanlarla mübarizə aparan ayrıca şöbə yoxdur. Dövlət qurumlarının bu məsələ ilə bağlı ayrıca iş planının olduğunu müşahidə etməmişəm.  İnsanların ilanlarla bağlı narahatlıqları olarsa, özəl təşkilatlara müraciət edə bilərlər”.

Mütəxəssis ilanların olduğu təhlükəli əraziləri də açıqlayıb:  “Yeni Yasamal, Şıxov, Bilgəh, Buzovna, Mərdəkan və Şüvəlan kimi ərazilərdə insanlar ehtiyatlı olsunlar. Bağ ətraflarında ilanların olması gözləniləndir. Bakının mərkəzində isə parklara gedərkən, orada piknik edərkən diqqətli olmaq lazımdır.

 İlan sancmaları olarsa, iki saat ərzində xəstəxanaların toksikologiya şöbələrinə müraciət etmək lazımdır. Yaxud da insanlar əraziyə yaxın təcili yardımı çağırsınlar. Bakı və Abşeron ərazisində gürzələr müşahidə olunur. Ehtiyatsız davrananda ilan sancması ölümlə nəticələnə bilər. Lakin ilan sancması həmişə ölüm demək deyil. Belə hallarda özünü itirməmək və ilkin tibbi yardımın göstərilməsi üçün müraciət etmək vacibdir".

Herpetoloq bildirir ki, insanlar müraciət edərsə, özəl şirkətlər şəxsi həyətlərdə dərmanlama işləri aparırlar və bu əraziyə ilanların keçməsinin qarşısını nisbətən alır: “Parklarda və iaşə obyektlərində bunu müqaviləsiz etmək mümkün olmur. Əraziyə səlahiyyətli olan qurum, bələdiyyə və ya şəxs özü müraciət etməlidir ki, özəl qurum oranı dərmanlasın”.

AZƏR MAQSUDOV TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU, KLİNİKİ TİBBİ MƏRKƏZ TOKSİKOLOGİYA  ŞÖBƏSİNİN MÜDİRİ | Azərbaycan Tibb Ensiklopediyası

Azər Maqsudov

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov qəzetə açıqlamasında bildirib ki, bu il onlara 6 nəfər ilan sancması ilə bağlı müraciət edib. Onun sözlərinə görə, xoşbəxtlikdən bu sancmalar zamanı ölüm halı yaşanmayıb: “Yay mövsümü gəlir, insanlar dağ ətəyinə, çay qıraqlarına gedirlər. Onlar belə yerlərdə ehtiyatlı olsunlar. Çünki ilanların da oyanan vaxtıdır və bu yerlər onların məskənidir, yuva salırlar.

İlan sancması olarsa, dişlənmiş yeri kəsmək və ya sormaq məsləhət deyil. Həmin yerə yod sürtmək lazımdır. Ardınca isə çox hərəkət etmədən təcili yardım çağırılmalıdır. İlan sancması ilə zəhərlənənlər bir sutka ərzində həkimə müraciət etməlidir. Çünki həmin zəhərlənməyə qarşı istifadə edilən zərdab ilan sancmasından bir sutka keçənndək təsir etmək gücündədir. Bir sutkadan artıq olduqda isə fəsadlaşma dövrü başlayır və istifadə edilən zərdab praktiki olaraq təsir göstərmir. Zooloqlar Azərbaycanda 24 növ ilanın yaşadığını deyirlər. Onlardan cəmi 4-ü zəhərlidir, qalanı zəhərsizdir. İlanları əraziləri ancaq dərmanlamaqla zərərsizləşdirmək olar".

Qeyd edək ki, zəhərli ilanlardan Azərbaycanda təbii ehtiyatı ən çox olan Zaqafqaziya gürzəsidir. Bu ehtiyatın çoxluğu nəzərə alınaraq sovet vaxtı qərara alınmışdı ki, ondan istifadə olunsun.

Ölkəmizdə ilan zəhərindən tibbi xammal kimi geniş istifadə 20-ci əsrin ikinci yarısından başlayıb və Bakının Zirə qəsəbəsində ilan zəhəri istehsal edən müəssisə yaradılıb. Zirə Herpetoloji Kombinatı adlanın həmin təsərrüfatda ən zəhərli ilanlar olan gürzələrin müxtəlif növləri saxlanılırdı. Müəssisədə ən çox zəhər alınan ilan Zaqafqaziya gürcəsi olub. Ümumilikdə bu müəssisədə 3 minə yaxın ilan saxlanılıb.

O vaxtlar Zirədəki «ilan zavodu»nda istehsal olunan məhsulun həcmi ildə 20 kq-a çatıb. Sovet dövründə dünyada istehsal olunun quru gürzə zəhərinin 50 faizi məhz Azərbaycanın payına düşürdü. 1996-cı ildən Azərbaycanda ilan zəhərinin istehsalı tamamilə dayandırılıb.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR