Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, prezident Volodimir Zelenski etirazlara və Ukraynanın Avropadakı müttəfiqlərinin tənqidlərinə baxmayaraq, iki mühüm antikorrupsiya qurumuna qarşı məhdudiyyətləri sərtləşdirən qanun layihəsini imzalayıb. Bununla da Zelenskiyə qarşı etirazlar alovlanıb. Bəs Zelenski hakimiyyətdən devrilə bilərmi?
Musavat.com bildirir ki, politoloq Zeynal Əmrəliyev mövzuya bu cür şərh verib:
"İyulun 22-də yüzlərlə ukraynalı Kiyevin mərkəzində etiraz aksiyası keçirərək Zelenskidən qanun layihəsinə veto qoymağı tələb ediblər. Onlar qanunun tələsik qəbul edildiyini və yüksək səviyyəli korrupsiya işlərinə hökumətin müdaxiləsinə imkan verəcəyini bildirirlər.
Etirazçılar Dnepr və digər Ukrayna şəhərlərində də bu qanun layihəsinə etiraz məqsədilə toplaşıblar. Axşam saatlarında ənənəvi videomüraciətində Zelenski Ukraynanın antikorrupsiya infrastrukturunun Rusiyanın təsirindən təmizlənməli olduğunu deyib və əlavə edib ki, NABU, SAPO öz işlərinə davam edəcək.
Maraqlıdır ki, bu qanuna Zelenski ilə bərabər onun əsas rəqiblərindən olan keçmiş baş nazir Yuliya Timoşenko da dəstək verib. Bu, əslində anlaşılandır. Çünki xanım Timoşenko Ukraynanın baş naziri olduğu dövrdəki fəaliyyəti ilə bağlı ciddi korrupsiya qalmaqallarıyla üzləşmişdi. Ehtimal ki, Timoşenko özünə və adamlarına qarşı irəli sürülən ittihamları aradan qaldırmaq qarşılığında qanunu dəstəkləyib".
Z.Əmrəliyev qeyd edib ki, qanuna vətəndaş cəmiyyətinin sərt reaksiya göstərməsinin səbəbi Ukraynada korrupsiyaya qarşı güclü ictimai nəzarətin olmasıdır:
"Bir çox QHT Qərbin dəstəyi ilə korrupsiyaya ictimai nəzarət mexanizmini həyata keçirməklə məşğuldur. Bu qanun isə onların fəaliyyətinə ciddi əngəl törədir. Təsadüfi deyil ki, bu kimi QHT-lərin hesabatlarına əsasən əvvəlki hökumətlərin bir çox yüksək vəzifəli şəxsinə qarşı korrupsiya ittihamı irəli sürülüb.
Volodimir Zelenski eyni cür aqibətin özünün və komandasının başına gəlməməsi üçün vaxtında korrupsiya qanununa dəyişiklik etmək istəyir. Hökuməti bu məsələdə rahat salan məqamlardan biri ölkədə hərbi vəziyyət rejiminin olması və buna görə qanuna qarşı ciddi etirazların olmayacağı ilə bağlı formalaşan qənaət idi. Lakin paytaxt Kiyev başda olmaqla ölkənin böyük şəhərlərində baş verən etirazlar bu fikri alt-üst etdi".
Politoloqun fikrincə, hadisələrdə ən çox ehtiyat edilən variant Rusiyanın hansısa təxribat törətmək ehtimalıdır:
"Ukraynada siyasi qarşıdurma Moskvanın işinə yarayır. Həm Rusiyanın, həm də Qərbin niyyəti Zelenskini daha itaətkar bir kadrla əvəz etməkdir.
Ölkənin hərbi vəziyyət rejimi şəraitində olduğunu nəzərə alsaq, indiki halda prezident Volodimir Zelenskinin devrilməsi ehtimalı azdır. Ancaq hökumətin istədiyi qanunu qəbul etdirməsi də çətin məsələdir. Ehtimal ki, Zelenski geri çəkilməyə məcbur olacaq. Geri çəkilsə belə, baş verənlər Ukrayna prezidentinin reytinqinə olduqca mənfi təsir göstərdi".
Xalidə Gəray
Musavat.com
30 Iyul 2025
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ