İnsanlara hürriyət, millətlərə istiqlal!

24 saatdan başlayan ziqzaqlı son möhlət

“24 saata müharibəni qurtararam”, “100-cü günümdə biləcəksiniz”, “50 gün vaxt verirəm”, indi də “10 gün” söhbəti…

Açığı, ABŞ prezidentinin “sarkazm” adlandırdığı rəqəmlərlə real nəticə əldə edə bilməməsi daha çox dünyanı fırlatması kimi qəbul olunduğundan, səslənən dedlayna – 10 günlük son möhlətə də reaksiyalar heç də birmənalı deyil. Hiss olunur ki, Trampın xarakterinə, indiyədək apardığı qeyri-stabil Ukrayna siyasətinə əsaslanaraq əksəriyyət sanksiyalara ya az inanır, ya da heç inanmır. Məsələ burasındadır ki, Tramp özü də 10 gündən sonra verəcəyi qərarın təsir gücünə səbəb olacağına tam inanmadığını etiraf edib: “Bilmirəm, bu Rusiyaya təsir edəcəkmi, çünki o (Putin), çox ehtimal ki, müharibəni davam etdirmək istəyir. Amma biz hər halda tarifləri yeridəcəyik. Bu, onlara təsir edə də bilər, etməyə də bilər.”

Trampın bu gecikmiş etirafı bir daha sübut edir ki, Rusiyaya qarşı ilk gündən yanlış siyasət aparıb. Putin onun Zelenskiyə olan sərt mövqeyindən, Avropa İttifaqını parçalamaq dərəcəsinə çatdıran siyasətindən stimul alaraq Ukrayna müharibəsini daha da şiddətləndirib. Putin Ukrayna ərazisinin yalnız bir hissəsinin işğalı ilə kifayətlənməyi düşünmür, o, Yanukoviç kimisinin birini də hakimiyyətə gətirib, Kiyevi tam nəzarətinə qaytarmağı planlaşdırır.

Trampın açıqlamalarına zidd olaraq İrana qarşı sərt sanksiyaların davam  edəcəyi açıqlandı

Trampın tətbiq edəcəyi sanksiyaların təsiri ilə yaxın vaxtlara, hətta ilin sonunadək Rusiyanın atəşkəs razılaşması üçün masaya oturacağına ümid azdır. Kompromis variantları indiyədək qəbul etməyən Putin, tezliklə Çin və Hindistanın sanksiyalara görə Rusiya neftindən imtina etməyəcəyini, xüsusilə Çinin də ABŞ-a qarşı əks tədbirlər görmək potensialına malik olduğunu, Rusiyanın məğlubiyyəti ilə razılaşmayacağını bilir.

Trampın başqa təsir imkanları hələ tükənməyib. ABŞ prezidenti açıq şəkildə elan etməlidir ki, Rusiya bu müharibəni hərbi baxımdan uda bilməz. Bu məqsədlə də, Ukraynaya hərbi yardımı, yeni silahlarla təchizatını artırmalı və birbaşa dondurulmuş Rusiya aktivlərini Avropa müttəfiqləri ilə birgə istifadə edib, Kiyevin daha cəsarətli addımlar atmasına şərait yaratmalıdır. Elə şərait ki, Ukraynanın kapitulyasiyası planını reallaşdıra bilməyəcəyinə Putin inanmalı olsun. Bunun üçün ilk növbədə müharibənin Rusiya ərazisində dağıdıcı nəticələrini hər gün cəmiyyət də, vətəndaşlar da hiss etməli, bu mənasız müharibənin dayandırılması üçün etiraz səslərini qaldırma həddinə çatdırılmalıdır.

Trampın son ultimatumuna Moskvanın saymazyana reaksiyası gözlənilən idi. Kremlin mətbuat katibi Dmitri Peskov bunun “nəzərə alındığı”, bir qədər sonra isə Rusiyanın “sanksiyalara immuniteti” olduğu açıqlaması ilə xüsusi narahatlıq keçirmədiklərini nümayiş etdirib, hətta ətrafındakılarla birlikdə son möhlət vaxtının dəyişdirilməsinə gülüşlə reaksiya veriblər. Yəni, Trampın ardıcıl olmayan və tez-tez mövqe dəyişikliyi Rusiyaya təzyiqin ciddiyyətini aşağı salır, amma Ağ Evin sahibi yaranmış vəziyyəti sürətlə dəyişə də bilər. Trampın Medvedyevin dediklərinə hirsli reaksiyasını artıq ABŞ prezidentinin Rusiyaya qarşı sərt qərarlar verəcəyinin əlaməti hesab etmək olar. Bir şərtlə ki, bundan sonra Putinin təşəbbüsü ilə baş verə biləcək növbəti telefon danışığından sonra Tramp ənənəvi – “aramızda məhsuldar söhbət oldu, hiss etdim ki, Putin sülh olmasını istəyir, yaxın vaxtlarda nəticələri görəcəksiniz” kimi açıqlamalarla çıxış etməsin.

Tramp Putini hədələdi: “Görəcəyik nə olacaq” | Modern.az

Putin isə ötən gecə Kiyevə 8 raket və 300 dronla hücum edib, mülki insanların – uşaq və ananın ölümünə səbəb olmaqla Trampın ultimatumuna cavab vermiş oldu. ABŞ, Avropa İttifaqı və Böyük Britaniya bu mərhələdə birlik nümayiş etdirib, koordinasiyalı siyasətlə Rusiyanı atəşkəs masasına oturda bilər. Ümidi yalnız sanksiyalara bağlamaq olmaz. Birincisi, onların təsiri zaman aparacaq, ikincisi, Rusiya insanı pis yaşamağa adət edib. Bu cəmiyyət yaxşı yaşamaq uğrunda deyil, başqa millətləri təsir altında saxlamaq, torpaqlarını zəbt etmək uğrunda mübarizə edib və edir. Ukraynaya hərbi dəstək də silahlarla yekunlaşmamalı, dünya miqyasında muzdlu döyüşçülərin cəlb edilməsi variantına da baş vurulmalıdır. Rusiya qələbə çalarsa, Ukrayna üzərində deyil, dünya üzərində qalib olacaq və pozulmuş dünya düzəni hüquq və ədalət prinsipləri ilə deyil, güc, zorakılıq, aqressiya üzərində qurulacaq. Ümid edək ki, belə olmayacaq.

İlham İsmayıl,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR