Onlayn ictimai-siyasi qəzet
Fatma Yıldırım: "Ermənistan sülh üçün real siyasi iradə nümayiş etdirməlidir”
19–20 sentyabr antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, qeyri-qanuni erməni silahlı dəstələrinin zərərsizləşdirilməsi və separatçı rejimin ləğvi ilə nəticələndi. Bu addım regionda sülh və sabitlik üçün yeni reallıq yaratdı, Ermənistan rəhbərliyini və beynəlxalq ictimaiyyəti Azərbaycanın suveren hüquqlarını tanımağa məcbur etdi.
20 sentyabr artıq hər il suverenliyin qorunması uğrunda mübarizənin simvolu kimi qeyd olunur. Bu gün Azərbaycan xalqının iradəsini, torpaqlarını bərpa və sərhədlərini müdafiə əzmini ifadə edir.
2023-cü ilin 19 sentyabrında başlayan əməliyyat təkcə hərbi deyil, həm də siyasi və sosial nəticələri ilə ölkənin daxili sabitliyini gücləndirdi. Əldə olunan uğurlar Azərbaycanın təhlükəsizlik strategiyasını möhkəmləndirdi, gələcəkdə terrorizm və separatizmə qarşı daha effektiv mübarizə üçün təcrübə yaratdı.
Deputat Fatma Yıldırım antiterror əməliyyatlarının əhəmiyyəti haqda Musavat.com-a fikirlərini bölüşərkən deyib ki, Azərbaycanın 2023-cü ilin sentyabr ayında həyata keçirdiyi lokal antiterror tədbirləri dövlətimizin ərazi bütövlüyünün və suveren hüquqlarının bərpa olunması yolunda tarixi bir mərhələ oldu:" Bu əməliyyat təkcə silahlı separatçı dəstələrin zərərsizləşdirilməsi deyildi – bu, Qarabağda 30 ilə yaxın pozulmuş hüquqi və siyasi nizamın bərpası idi. Azərbaycan dövləti öz torpaqlarında beynəlxalq hüquqa və Konstitusiyamıza əsasən sülh və təhlükəsizlik qurdu. Bu gün Qarabağda üçrəngli bayrağımız dalğalanırsa, bu, həm qanunların qələbəsi, həm də xalqımızın ləyaqətinin təntənəsidir".
Bununla belə millət vəkili hesab edir ki, sülhün davamlılığı üçün yalnız hərbi əməliyyat yetərli deyil: "Ermənistandan sülh müqaviləsinə real və ciddi siyasi iradə görmək istəyirik. Sözlə deyil, əməl ilə. Əgər Ermənistan bu regionda həqiqətən sabitlik və əməkdaşlıq istəyirsə, ilk növbədə öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalı, dövlət sərhədlərimizi tanımalı və qonşuluq münasibətinə uyğun davranmalıdır. Bu, həm regionun gələcəyi, həm də Cənubi Qafqazda davamlı sülh üçün yeganə real yoldur.
Azərbaycan sülhə hazırdır. Amma bu sülh birtərəfli güzəşt yox, qarşılıqlı hüquq və məsuliyyətlər üzərində qurulmalıdır. Regional sabitlik və davamlı sülh yalnız beynəlxalq hüququn prinsiplərinə əsaslanan qarşılıqlı siyasi iradə ilə mümkündür. Azərbaycan bu iradəni nümayiş etdirir. Növbə Ermənistanındır".
Afaq Mirayiq,
Musavat.com
20 Sentyabr 2025
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ