İnsanlara hürriyət, millətlərə istiqlal!

8 avqust – Kremlin Cənubi Qafqazdakı hökmranlığına son qoyan tarix - Ramiz Yunus ABŞ-dən yazır

Azərbaycan sülh masasında da qalib gəldi – Kreml bu prosesdən kənarlaşdırılıb

Dünən öz səhifəmdə paylaşdığım məqalədə yazdıqlarım bu gün Ağ Evdə tam təsdiqini tapdı. Azərbaycan Prezidenti əvvəlcə müharibədə qalib gəldi, bu gün isə sülh gündəliyində də qələbə qazandı.

Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. ABŞ Prezidenti Donald Tramp isə bu prosesin qarantı oldu. Rusiya və şəxsən Vladimir Putin isə uzun illər boyu həm Azərbaycana, həm də Ermənistana qarşı “havuç və çubuq” siyasətinin aləti kimi istifadə etdiyi bu prosesdən tamamilə kənarlaşdırıldı. Əminəm ki, Kreml rejiminə bu vəziyyət heç xoş deyil.

Təsadüfi deyil ki, son dövrlər Rusiya açıq şəkildə Azərbaycanla qarşıdurmaya gedir və ölkəmizə qarşı təxribatlar törədir. Rusiya məqsədyönlü şəkildə Ukraynanın Odessa qaznəqliyyat sistemi vasitəsilə ixrac olunan Azərbaycan neftini bombalayır. Bir neçə gün əvvəl SOCAR-ın yanacaqdoldurma məntəqəsinə növbəti zərbə endirildi. Xatırladım ki, bundan əvvəl də Ukraynadakı Azərbaycan səfirliyinə doğru raket atılmış, daha sonra isə SOCAR ofisinin yaxınlığına raket düşmüşdü. Bütün bunlar Rusiyanın Azərbaycana qarşı məqsədli düşmənçiliyinin açıq sübutlarıdır.

2024-cü ilin dekabrında AZAL-ın sərnişin təyyarəsinin vurulması faciəsi və Yekaterinburqda baş verən son hadisələr də bu düşmən münasibətin digər nümunələridir.

Bu gün Rusiya tərəfindən Ukrayna xalqına qarşı törədilən amansızlıq, onun keçmişdə postsovet məkanında və ondan kənarda digər xalqlara qarşı etdiklərinin davamıdır. Rusiya indi də postsovet məkanında ikinci işğalçı dövlətə çevrilib – birincisi Ermənistan idi.

Simvolik məqam odur ki, Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə görüşü və tarixi sənədlərin imzalanması 8 avqust 2025-ci ildə – Rusiyanın Gürcüstana qarşı müharibəsinin ildönümündə baş verdi. 2008-ci ilin həmin günü dünya Kremlin həqiqi imperial üzünü gördü. Buna görə də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra postsovet məkanında ictimai rəylər tam şəkildə Ukrayna xalqının tərəfindədir.

Rusiya üçün təsir aləti sayılan MDB-nin vəziyyəti də göstərir ki, Kremlin toxunduğu hər şey dağılır. Moldova artıq təşkilatdan çıxıb, Azərbaycan isə onun tədbirlərində iştirak etmir. Baş nazirin birinci müavini Yaqub Eyyubov MDB-nin İqtisadi Şurasının son iclasını da görməməzlikdən gəldi.

Təəssüf ki, müasir dünyada “hüququn gücü” işləmir, “gücün hüququ” isə sivil dünya tərəfindən Rusiya kimi dövlətlərə qarşı hələ də lazımi səviyyədə tətbiq olunmur. Buna görə də postsovet ölkələri Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda geosiyasi proseslərə qarşı çox ayıq-sayıq olmalıdır. Kreml zor gücünə sülhə məcbur edilənədək postsovet məkanında sakitlik olmayacaq.

Ancaq bundan sonra Rusiya yırtıcı siyasətindən əl çəkəcək və həm vurulan sərnişin təyyarəsi, həm də Rusiyadakı azərbaycanlı diaspor nümayəndələrinə qarşı törətdiyi bütün təzyiqlərlə bağlı Azərbaycanın haqlı tələblərini yerinə yetirməyə başlayacaq.

Ağ Evdə imzalanan tarixi sənəd və səslənən bəyanatlar Rusiyanın Cənubi Qafqazdakı uzunmüddətli ekspansiyasına son qoyulacağına dair böyük ümid yaradır.

Yuxarıda sadalananları və Cənubi Qafqazın tarixini yaxşı bildiyimi nəzərə alaraq əminliklə deyə bilərəm ki, regionda sülh üçün tunelin sonunda işıq görünür. Bu, Rusiyanın və ya İranın xoşuna gəlsə də, gəlməsə də, bu tarixi prosesi dayandıra bilməyəcəklər.

Bu gün hər kəs anlayır ki, yalnız Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi Cənubi Qafqazda real sülh prosesini başlatdı. Qarşıda həm Azərbaycan, həm də Ermənistan xalqlarını çox ağrılı barışıq mərhələsi gözləyir. Lakin böyük hərbi strateq Karl fon Klauzevitsin dediyi kimi: “Əzəldən yalnız böyük qələbələr böyük nəticələrə gətirib çıxarıb.”

YUNUS.jpeg (31 KB)

Ramiz Yunus,
Xəzər Universitetinin professoru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR